Prezident Barak Obamanın prezidentliyinin birinci müddətində onun xarici siyasətinin ən böyük uğuru kimi qiymətləndirilən hadisənin qəhrəmanlıq hekayətinə qarşı ittihamlar son dərəcə sərtdir.
Pulitzer mükafatlı yazar Seymur Herş iddia edir ki, "əl-Qaidə" liderinin öldürülməsi ilə nəticələnmiş reyd heç də gizli bir ABŞ əməliyyatı olmayıb və reyd ABŞ və Pakistanın hərbi kəşfiyyatları tərəfindən müştərək keçirilib.
S.Herşin uzun-uzadı məqaləsi ABŞ və Pakistanda mənfi reaksiya doğurub. Rəsmilərin fikrincə, bu iddialar əsassız və sual doğuran nəticələrə əsaslanır.
"Üsamə bin Ladenin öldürülməsinin təkbaşına ABŞ missiyası olmasına dair şübhələr açıq-aşkar saxtakarlıqdır" - deyib Ağ Evin sözçüsü Ned Price.
O, əlavə edib ki, S.Herşin yazısı "xətalar və əsassız ehtimallarla" doludur.
Herşin iddiaları
S.Herşin məqaləsinin əsasını bu təşkil edir ki, bin Laden 2006-cı ildən bəri əslində Pakistanın nəzarətində olub və Səudiyyə Ərəbistanının maliyyə təminatı ilə Abbotabadda saxlanıb.
Pulitzer mükafatlı yazar Seymur Herş iddia edir ki, "əl-Qaidə" liderinin öldürülməsi ilə nəticələnmiş reyd heç də gizli bir ABŞ əməliyyatı olmayıb
Herş bildirir ki, yüksək vəzifəli Pakistan rəsmiləri və ABŞ bin Ladenin harada olduğu barədə Pakistan kəşfiyyat orqanlarındakı mənbələrdən öyrənəndən sonra (iddia edildiyi kimi, "əl-Qaidə" əsirlərinin dindirilməsindən və bin Ladeninin kuryerinin araşdırılmasından sonra yox) bu şəhərciyə reyd keçirilməsi, yəni de-fakto sui-qəsd üçün ABŞ-a razılıq veriblər.
Bundan sonra tərəflər arasında guya sövdələşmə olub. Bu sövdələşməyə görə, ABŞ-ın bu ərazini müşahidə etməsinə, bin Ladendən DNT nümunəsinin əldə olunmasına icazə verilib, habelə əməliyyatı yönəltmək üçün Pakistan agenti ayrılıb. Bunun müqabilində ABŞ Pakistanın kəşfiyyat xidmətlərinə və liderlərinə maliyyə dəstəyini davam etdirməli imiş.
S.Herş deyir ki, B.Obama bin Ladenin öldürüldüyünü elan etmək üçün bir həftə gözləməli olub.
S.Herşin sözlərinə görə, sözügedən sövdələşməyə uyğun olaraq ABŞ bin Ladenin ölüm xəbərini bir həftə elan etməməli, bundan sonra isə onun pilotsuz təyyarə ilə Əfqanıstanda öldürüldüyünü bildirməli idi. Lakin əməliyyat vaxtı bir ABŞ helikopteri qəzaya uğrayandan və Ağ Ev bu sirrin sirr olaraq qala bilməyəcəyindən narahat olandan sonra Obama pakistanlılara verdiyi vədə xilaf çıxıb.
Əvəzində Obama həmin gecə xalqa müraciət edərək bildirib ki, ABŞ-ın hərbi hava qüvvələri aylarla davam edən kəşfiyyat fəaliyyətinin ardınca pakistanlıların xəbəri olmadan cəsarətli basqın əməliyyatı keçiriblər, əməliyyat zamanı atışma baş verib və bin Laden, habelə başqa silahlılar məhv edilib.
Sonrakı günlərdə isə başqa detallar üzə çıxmağa başlayıb. Bu təfərrüatlar bəzən ziddiyyətli idi və sonradan onlardan imtina olunurdu. Ağ Evdən sızan təfərrüatlar ABŞ xüsusi təyinatlı qüvvələrinin komandanlarını və müdafiə rəsmilərini əsəbiləşdirirdi.
"Ağ Evin hekayətini sanki "Alisa möcüzələr diyarında" nağılının müəllifi Lyus Kerroll yazıb" - deyə S.Herş "London Review of Books" məcmuəsinin son sayındakı məqaləsində yazır.
Onun məqaləsi Obama administrasiyasının xarici siyasət əməliyyatının pislənməsi ilə başa çatır.
S.Herş yazır ki, ABŞ siyasətinin əsasını məxfi həbsxanalar, dron hücumları, xüsusi təyinatlı qüvvələrin gecə reydləri, komandanlıq zəncirindən və "yox" deyə biləcək insanlardan yan keçən əməliyyatlar təşkil etməkdə davam edir.
İddiaların tənqidi
S.Herşin məqaləsi sosial mediadakı siyasi söhbətlərdə sürətlə baş mövzuya çevrilib və hətta "London Review of Books" internet saytı informasiyanın ağırlığından dəfələrlə sıradan çıxıb.
Bununla yanaşı S.Herşin həmkarları da onun məqaləsindəki bir sıra məqamları sual altında qoyublar. Bunlardan ən gözə görünənləri "Vox" jurnalından Maks Fişer və CNN-dən Peter Bergendir. Tənqidlər bir neçə kateqoriyaya bölünür:
1. Etibarsız mənbələr. Herşin yazdıqlarının çoxu ABŞ və Pakistanda adları çəkilməyən kəşfiyyat rəsmilərinə istinad edir və bu rəsmilərdən heç biri sözügedən əməliyyatla birbaşa əlaqəli olmayıb.
Adı çəkilən yeganə mənbə - Əsəd Dürrani Pakistan hərbi kəşfiyyatında 20 il bundan əvvəl çalışıb və yalnız bunu deyir ki, keçmiş həmkarları Herşin iddialarını təsdiq edirlər.
CNN-dən Bergen sonradan Dürrani ilə əlaqə saxlayıb və o deyib ki, Herşin yazdıqları ağlabatandır.
2. Ziddiyyətli iddialar. Herş nəzərə almır ki, bin Ladenin düşərgəsinə hücumda birbaşa iştirak etmiş iki ABŞ xüsusi təyinatlısı onun yazdıqlarına birbaşa ziddiyyət təşkil edən məlumatlarla çıxış ediblər. Şəhərciyə hücumdan dərhal sonra baş çəkmiş Bergen yazır ki, burada uzunmüddətli döyüşün olduğunu göstərən səhnələrlə - ətrafa səpələnmiş şüşə qırıntıları və güllə deşikləri ilə dolu olan divarlarla üzləşib.
3. Qeyri-realist nəticələr. Səudiyyə Səud monarxiyasını devirmək istəyən bir nəfəri niyə dəstəkləməli idi? Əgər ABŞ-ın Pakistanı dəstəkləyəcəyi sövdələşmənin bir hissəsi idisə, niyə sonrakı illərdə ABŞ-Pakistan münasibətləri pisləşib. Əgər ABŞ və Pakistan əməliyyatda əməkdaşlıq ediblərsə, bin Ladenin öldürülməsini göstərən reydin səhnələşdirilməsinə nə ehtiyac vardı?
Daha sadə izah...
Bütün konspirasiya nəzəriyyələri kimi Herşin də məqaləsi bəşəri məxfiliyini saxlamaqla səmərəli fəaliyyət göstərən şəxslərə istinad etdiyinə görə tənqid olunur.
Şəhərciyə hücumdan dərhal sonra baş çəkmiş Bergen yazır ki, burada uzunmüddətli döyüşün olduğunu göstərən səhnələrlə üzləşib
"Vox" jurnalından M.Fişer 1970-ci ildə ABŞ əsgərlərinin vyetnamlılara qarşı törətdikləri Sonqmi qətliamını faş etdiyinə görə Pulitzer mükafatı almış Herşi zəif sübutlara söykənən və çətin inanılan iddialar irəli sürməkdə ittiham edir.
Məsələn, son üç ildə o, Corc Buş administrasiyasının Nevada ştatında İran silahlılarının təlimləndirilməsi və Suriyadakı kimyəvi silah hücumunun arxasında Türkiyənin durmasına dair iddialar irəli sürən məqalələr yazıb.
"Ola bilsin ki, dünya üzərində doğrudan da hökumət fitnə-fəsadçılarının beynəlxalq şəbəkəsi tərəfindən icra olunan mürəkkəb və iblisanə qəsdlərin nəhəng kölgəsi var. Ola bilsin ki, Herşin bir ovuc keçmiş vəzifəli rəsmiləri bu dünyanı və onun qorxulu sirlərini işıqlandıran yeganə şəxslərdir. Bu da ola bilər ki, hər şeyin daha sadə izahı var" - deyə M.Fişer yazır.
Bu arada ABŞ-da Buşun administrasiya dövründə Amerikanın bəzi hərəkətləri barəsdində Herşin ittihamlarından qıcıqlanan bir sıra mühafizəkar icmalçılar bu dəfə ittihamları alqışlayıblar.
"Seymur Herş Barak Obamaya qarşı çıxanda birdən-birə dövlət xadimindən boşboğaza çevrilir. Hərçənd Buşun vaxtında onu media Allahı hesab edirdilər" - deyə Breitbart saytından Con Nolte öz tvitində yazır.
Bazar ertəsi televizyaya verdiyi müsahibədə S.Herş deyib ki, ABŞ-ın bu əməliyyat barədə dediyi inanılmazdır.
"24 və ya 25 oğlan Pakistanın ortasına gedirlər, nə havadan müdafiəsi, nə mühafizəsi, nə də qoruması olan birisinin işini bitirirlər. Siz buna inanırsınızmı? Mən başa düşürəm ki, axının əksinə üzürəm. Amma mən bu işlə bütün həyatım boyu məşğul olmuşam və nəticəsini də bilirəm" - deyə S.Herş bildirib.
Milli.Az