Bakıda uşaqları məktəbə qəbul edilməyən valideynlər - BU ÜNVANLARA ÜZ TUTUN
12 May 2015 15:21
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2015-2016-cı dərs ili üçün I sinfə şagird qəbulu prosesində valideynlərlə (digər qanuni nümayəndələrlə) ümumtəhsil müəssisələrində şagird qəbulunu həyata keçirən işçi qrupları arasında yarana biləcək mübahisələri həll etmək üçün Bakı şəhərinin 7 təhsil müəssisəsində apelyasiya komissiyası yaradılıb.
İdarədən Trend-ə verilən məlumata görə, komissiyalar mayın 13-dən iyunun 12-nə və avqustun 12-dən sentyabrın 25-dək fəaliyyət göstərəcək. Müraciətlərin qəbulu və baxılması hər həftənin III və V günləri saat 10:00-dan 16:00-dək həyata keçiriləcək. Həmin gün iş günü olmayan bayram gününə təsadüf etdiyi halda qəbul bir gün əvvəl təşkil olunacaq.
Apelyasiya komissiyaları Bakının Binəqədi-Nəsimi rayonları üzrə Binəqədi rayonu 276 nömrəli tam orta məktəbdə (Naxçıvani küçəsi 38), Səbail-Yasamal rayonları üzrə Səbail rayonu 2 nömrəli Texniki Humanitar Liseydə (B. Sərdarov küçəsi 24), Nizami-Nərimanov rayonları üzrə - Nizami rayonu 32 nömrəli tam orta məktəbdə (Özbəkistan küçəsi 3), Qaradağ rayonu üzrə Qaradağ rayonu 166 nömrəli tam orta məktəbdə (Lökbatan qəsəbəsi, Nizami küçəsi 4), Xəzər-Pirallahı rayonları üzrə Xəzər rayonu 156 nömrəli tam orta məktəbdə (Şüvəlan qəsəbəsi, A. İldırım küçəsi 38), Suraxanı-Xətai rayonları üzrə Xətai rayonu 95 nömrəli tam orta məktəbdə (Əhmədli qəsəbəsi, Q. Nəbi küçəsi 13), Sabunçu rayonu üzrə 252 nömrəli tam orta məktəbdə (Bakıxanov qəsəbəsi, Gənclik küçəsi 31) fəaliyyət göstərəcək.
Milli.Az