Bakı Ali Neft Məktəbi Aaxen Universiteti ilə birlikdə Bərpaolunan Enerji Mərkəzi yaradır
12 May 2015 12:48
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun Almaniyanın Düsseldorf şəhərinə səfəri çərçivəsində Avropanın tanınmış şirkətlərindən olan E.On şirkətinin dəstəyi ilə və Aaxen Universiteti ilə birlikdə Bərpaolunan Enerji Mərkəzinin yaradılması haqqında sənəd imzalayıb.
BANM-dən Milli.Az-a verilən məlumata görə, E.On şirkəti alternativ enerji, tədqiqat, istehsal və qlobal enerji məsələləri sahəsində ixtisaslaşmış dünyanın ən böyük şirkətlərindən biridir. Şirkətin sözügedən sahələrdə uzunmüddətli və geniş təcrübəsi BANM-də ən müasir texnologiyalarla təchiz olunmuş mərkəzin qurulmasında hərtərəfli texniki dəstək göstərməyə imkan yaradacaq.
Səfər çərçivəsində, eyni zamanda, Aaxen Universiteti ilə Bərpaolunan Enerji Mühəndisliyi və Geologiya Mühəndisliyi üzrə birgə kadrların hazırlanması barədə niyyət protokolu imzalanıb. BANM ilə Aaxen Universiteti arasındakı əməkdaşlıq bakalavr pilləsində universitetin tədris proqramları çərçivəsində və müasir təlim texnologiyaları əsasında BANM-də ingilisdilli mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.
Milli.Az