Qaz müharibəsi başlandı

12 May 2015 08:59
"Makedoniyanın hüquq-mühafizə orqanları sərhədyanı Kumanovo şəhərində keçirdikləri xüsusi əməliyyat zamanı iri terror qruplaşmasını zərərsizləşdiriblər. İlkin məlumatlara görə, terrorçuların sayı təqribən 70 nəfər olub".

Makedoniya hökuməti bildirib ki, ölkənin şimalındakı Kumanovo şəhərində polislə atışan silahlı qruplaşmaya buraxılmış Kosovonun Azadlığı Ordusunun beş keçmiş üzvü rəhbərlik edib.
 

Makedoniya Daxili İşlər Nazirliyinin sözçüsü İvo Kotevskinin dediyinə görə, Serbiya-Kosovo sərhədi yaxınlığında baş vermiş atışma artıq başa çatıb. Bu əməlliyyatın gedişində 8 polis nəfəri və 14 silahlı həlak olublar.


 

Bu insident Makedoniya-Serbiya sərhədinin təxminən on kilometrliyindəki Kumanovo şəhərində baş verib. Bu şəhərdə çoxsaylı alban diasporası yaşayır.

Polis paytaxt Skopyenin 40 kilometrliyindəki Kumanovonun ətraf rayonlarından birini mühasirəyə almaq üçün zirehli texnikadan istifadə edib.

Makedoniya nazirliyinin bəyanatında deyilir ki, Diva-Naselba rayonunun sakinləri ölkəyə qeyri-qanuni yolla daxil olmuş silahlılara gizlənməkdə kömək ediblər.

İvo Kotevski bildirib ki, "əksəriyyəti Makedoniya vətəndaşı olan 30 terrorçu, habelə bir etnik alban polisə təslim olublar.
 

Makedoniyanın baş naziri Nikola Qruyevski deyib ki, "bu terror aktından ölkədəki sabitliyi pozmaq məqsədilə istifadə olunub".

Bu arada NATO-nun baş katibi Jens Stoltenberg bəyan edib ki, yaranmış vəziyyəti diqqətlə müşahidə edir. O deyib ki, indi başlıca məqsəd gərginliyin artmasına yol verməməkdir.
 

Bundan əvvəl Avropa Komissiyası da eyni çağırışla müraciət etmişdi.
 

Bu ilin aprelində 40-dək etnik alban Makedoniyanın Qoşintse kəndindəki polis məntəqəsini qısa müddətdə ələ keçirərək Makedoniyada alban dövlətinin qurulmasını tələb etmişdi.
 

2001-ci ildə Makedoniyadakı etnik albanlar üçün daha geniş hüquqlar istəyən silahlılar hökumətə qarşı qiyama qalxmışdılar.

Bundan sonra tərəflər arasında əldə olunmuş razılaşmaya baxmayaraq, gərginlik qalmaqda davam edir.

Makedoniyada albanlar əhalinin dörddə birini təşkil edirlər.
 

Kosovolu yaraqlıların Kumanovo şəhərinə hücumunu təsadüf saymırlar. Serbiya, Yunanıstan və Makedoniya mediasında yer alan şərhlərə, ekspert açıqlamalarına görə, bu hücum rəsmi Skopyenin Rusiyanın təbii qazının Avropa Birliyinə nəqlinin yeni marşrutu olacaq "Türk axını" layihəsini dəstəklədiyini bəyan edəndən sonra baş veribsə, deməli, "bir sıra məqamlar şübhəlidir".


 

Makedoniyalı ekspertlər hesab edirlər ki, ABŞ tam nəzarətindəki Kosovoda bir qrup yaraqlının Kumanovo şəhərinə "sızması"na göz yumaraq bu minvalla Balkan ölkələrinə xəbərdarlıq edir, rəsmi Skopyeyə isə aşkar mesaj yollayır.
 

"Bu, xəbərdarlıqdır və amerikalılar bizə başa salmağa çalışırlar ki, Rusiyanın layihəsi olan "Türk axını"nı dəstəkləməməliyik. Belə çıxır ki, qaz savaşları artıq başlayıb", - Makedoniya mediası yazır.

Vaşinqtondan sərt istək
 

ABŞ Yunanıstana "Türk axını" layihəsinə qatılmamağı məsləhət bilir. Vaşinqtonun fikrincə, rəsmi Afina bu minvalla Avropa Birliyinin Rusiyanın təbii qazından asılılığının azalmasında yardımçı olar, eyni zamanda iqtisadiyyatına Qərbdən daha çox investisiyalar cəlb edə bilər.
 

Bunu ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun xüsusi nümayəndəsi və koordinatoru (Special Envoy and Coordinator for International Energy Affairs leading the Bureau of Energy Resources, ENR) Amos Hoxşteyn The New York Times-a verdiyi müsahibəsində deyib.
 

O, mayın 8-də Afinada Yunanıstanın istehsalat islahatları, ətraf mühitin mühafizəsi və energetika naziri Panayotis Lafazanislə görüşərək danışıqlar aparıb.

"Moskvanın maraqları və Rusiyanın strateji planları Yunanıstanın maliyyə tələbləri ilə əsla bağlı deyil. "Türk axını" iqtisadi layihə deyil, sırf siyasi məramların reallaşdırılmasına yönəldilib", - A.Hoxşteyn deyib.


 

Amerikalı diplomatın fikrincə, Azərbaycanın təbii qazının Avropa Birliyinə nəqli məqsədilə inşa ediləcək Transadriatik Qaz Boru Kəməri (TAP) layihəsinə qoşulmaq Yunanıstanın maraqlarına tam cavab verir.
 

"Afina TAP-ın Yunanıstan ərazisindəki hissəsinin hansı ərazilərdən keçəcəyini artıq müəyyənləşdirib. Lakin anlaşmanın maliyyə yönləri ilə bağlı Afina hələlik Bakı ilə razılaşma əldə etməyib. TAP Yunanıstan üçün əla layihədir və ölkədə çoxsaylı iş yerləri yaradacaq. "Türk axını" isə Avropa Birliyinin təbii qaz təminatı məsələsində Rusiyadan asılılığını daha da artıracaq. TAP layihəsi Avropaya qaz nəqli marşrutlarının sayını artırmağa, onları diversifikasiya etməklə yanaşı, Yunanıstana öz enerji resurslarını inkişaf etdirməyə də imkan verəcək", - A.Hoxşteyn söyləyib.
 

ABŞ-ın Afinadakı səfirliyi də eyni mövqeni tutub.

Səfirliyin bəyanatında deyilir: "Yunanıstanın "Türk axını" layihəsində iştirakı Avropa Birliyinin enerjidaşıyıcıları təminatı məsələsinə mənfi təsiri, AB-nin antiinhisar orqanlarının diqqətini cəlb edəcəyi və ölkənin enerji tələbatının uzunmüddətli həlli olmayacağı Birləşmiş Ştatları qayğılandırır".
 

Bəyanatda ABŞ səfirliyi TAP layihəsi ilə yanaşı, Yunanıstanla Bolqarıstan arasındakı İGB boru kəmərinin də sərfəli olduğunu vurğulayır.

"Bu layihələr Yunanıstan və ümumiyyətlə, Avropa Birliyinin enerji təhlükəsizliyini artırmaqla yanaşı, Yunanıstanın bir satıcıdan asılılığını azaldacaq, rəqabəti artıracaq, istehlakçılar üçün qiymətləri aşağı salacaq. TAP layihəsi xarici investisiyalar qismində Yunanıstana 1,5 milyard avronu cəlb edəcək, boru kəmərinin inşası zamanı 10 min yeni iş yeri yaradacaq, bundan sonrakı 25 il ərzində Yunanıstana milyonlarla avro gəlir verəcək", - ABŞ səfirliyinin bəyanatında deyilir.

Rəsmi Afina isə Rusiyanın təzyiqlərindən çəkinərək "Türk axını" layihəsindən əl çəkmək niyyətində deyil.


 

Lafazanis deyib: "Yunanıstan-Türkiyə sərhədinədək "Türk axını" marşrutu çərçivəsində çəkiləcək boru kəmərinin ölkəmizdən keçməsini dəstəkləyirik, çünki bu layihə yunan xalqına xeyir verəcək. "Türk axını" layihəsi əməkdaşlığın səviyyəsini yüksəldəcək, regionla yanaşı, bütün Avropa Birliyinin enerji təhlükəsizliyini artıracaq. Yunanıstan enerji mərkəzi olmağa can atır, ölkənin hakimiyyət dairələri bölgədə çoxsəviyyəli və müstəqil siyasət yürüdür".

Panayotis Lafazanis əvvəllər də ABŞ-ın Yunanıstana təzyiqlər göstərərək yunanları "Türk axını" layihəsindən əl çəkməyə vadar etməyə çalışdıqlarını vurğulamışdı.
 

Martın sonunda Rusiyada rəsmi səfərdə olarkən Moskvada keçirdiyi mətbuat konfransında nazir bəlağətli çıxış edərək demişdi: "Afina enerji siyasəti yürüdərkən ölkənin milli maraqlarını ön plana çəkmək niyyətindədir. Rusiya üçün bütün dəhlizləri açılmasının gərəkdiyini düşünürük. "Türk axını" ilə TAP-ı rəqib marşrutlar saymırıq, çünki Avropa Birliyinin təbii qaza olan tələbatını TAP təkbaşına təmin edə bilməz".

"Türk axını", yoxsa Rusiyanın enerji hücumu?
 

"Türk axını" marşrutu ilə Rusiyanın təbii qazının Avropa Birliyinə nəqlinin 2016-cı ilin dekabrında başlayacağı nəzərdə tutulub. Bununla bağlı Rusiyanın "Qazprom" konserninin rəhbəri Aleksey Millerlə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız arasında Ankarada keçirilmiş görüşdə razılaşma əldə olunub.

2014-cü ilin dekabrında "Qazprom" və Türkiyənin "Botas Petroleum Pipeline Corporation" şirkətləri Qara dənizin dibi ilə qaz boru kəmərinin çəkilməsi barədə qarşılıqlı anlaşma memorandumu imzalamışdılar.
 

Kəmər ildə 63 milyard kubmetr təbii qazın ötürüləcəyi 4 hissədən ibarət olacaq və bu "mavi yanacağın" 13 milyard kubmetri Türkiyədə paylanacaq, 50 milyard kubmetri isə Türkiyə-Yunanıstan sərhədindəki yeni qazpaylama mərkəzinə nəql olunacaq. Bu ilin yanvar ayının sonunda A.Miller və T.Yıldız arasındakı görüşdə boru kəmərinin marşrutu da razılaşdırılıb.

Kosovo-Makedoniya sərhədindəki olaylar, Vaşinqtonun Afinaya məsləhətləri və Moskvanın təbii qazla bağlı aqressiv siyasəti ABŞ-la Rusiya arasında yeni geosiyasi qarşıdurma, biznes dueli də sayıla bilər.


 

Çox ağır maliyyə-iqtisadi böhrana yuvarlanaraq defolt səviyyəsinə çatmış Yunanıstan əlavə kreditlər almağa çalışdığı üçün ABŞ bu durumdan faydalanmaq və solçu radikalların hakimiyyətdə olduğu Afinanı normal məntiqlə davranmağa çağırır.

Daha sadə desək, yunanların pul axtarışlarından istifadə edən Vaşinqton onları dilə tutur, ucuz kreditlər və iş yerlərinin müqabilində Avropa Birliyinin geostrateji planlarına zərbə vurmaqdan saxlamağa can atır.
 

Moskva da yunanların pulsuzluğundan faydalanmağa can atır və fürsəti əldən vermək istəmir.

Rusiya prezidenti Vladimir Putin Yunanıstanın baş naziri Aleksis Siprasla telefon danışığında "Türk axını" layihəsindəki boru kəmərinin Türkiyə və Yunanıstan ərazisindən keçəcək hissələrinin inşasında yunan şirkətlərinin iştirakını təmin etmək üçün onları maliyyələşdirməyə hazır olduqlarını vurğulayıb.
 

Afinanın "Türk axını" məsələsində mövqeyini dəyişməyəcəyi təqdirdə Rusiya yunanlara 3 milyard avronu "avans" qismində verəcəyini bildirib.

Di gəl, "Türk axını"nın Türkiyə ərazisindən keçəcək hissəsi ilə bağlı Ankara ilə Moskva arasında bütün məsələlər həll olunmadığından Yunanıstanla "Qazprom" arasındakı istənilən anlaşma hələlik mənasız təsir bağışlayır.


 

Bu arada Rusiya Serbiyaya da təsir edərək Belqradı "Türk axını"na qatılmağa vadar etməyə çalışır. Serbiya prezidenti Tomislav Nikoliç "bizim bu layihədə iştirak etmək fikrimiz yoxdur" desə də, iki gün sonra "qəflətən" fikrini dəyişib və "Qazprom"un layihəsinin serblər üçün sərfəli olduğunu deyib.

Rusiya "Türk axını" ilə bağlı Macarıstan və Makedoniyaya da aramsız təzyiqlər göstərməklə yanaşı, dilətutma və şirnikləndirmə kampaniyasını da aktivləşdirib.

Moskva "Türk axını"nı işə salandan sonra 2020-ci ildə təbii qazının Ukrayna ərazisindən keçməklə Avropa Birliyinə tranzitinə son qoymaq niyyətindədir.

Fəqət, Rusiyanın planları alt-üst ola bilər.
 

Əvvəla, "Türk axını" istifadəyə verilsə belə, Avstriya, Macarıstan və Slovakiyaya bu marşrutla təbii qaz ötürmək üçün yeni qaz-nəqliyyat sistemi inşa olunmalıdır.

Türkiyə ərazisində də 2020-ci ilədək yeni boru kəməri tikilməlidir.
 

Rusiya "Türk axını" marşrutunda boru kəmərinin inşasına mümkün qədər tez başlamağa çalışır, Ankara isə tələsmir. Buna Türkiyənin son vaxtlar maye qaz idxalını artırması və nəticədə "Qazprom"un Ankaraya "mavi yanacaq" satışları həcminin ötən ayda 38 faiz azalması da dəlalət edir.

"Türk axını" ilə bağlı işlərə "balta vuran" digər məqam Rusiya prezidenti Vladimir Putinin aprelin 24-də Ermənistana yollanaraq Yerevandakı "soyqırım anımı"na qatılması və "soyqırım"ı tanıdığını deməsidir.
 

Bu açıqlama Ankaranın əsəblərini tarıma çəkib və Türkiyə, çətin ki, Rusiyanın belə demarşını sakitliklə həzm edə...

Orxan Hun

Milli.Az