Televizoru düşmən elan edən amerikalı yazıçı

12 May 2015 23:05

Milli.Az lent.az-a istinadən Mirmehdi Ağaoğlunun yazısını təqdim edir. 

Başqa ölkələri görəndən sonra Azərbaycanda kitab bazarı adama çox solğun, ölüvay görünür. Düzdür, mütəmadi olaraq şeir, hekayə, roman kitabları dərc olunur. Amma bunların içində ədəbiyyat nəzəriyyəsinə, yazıçılıq sənətinə, yazıçıların həyatına aid bir dənə kitab tapa bilməzsən. Bizdə indiyə qədər bu mövzuda çox az kitab çap olunub. Mən yalnız birini xatırlaya bilirəm: "Söz sənəti". Orada lakonik də olsa yazıçıların peşə vərdişlərindən söhbət açılırdı. Məsələn, o kitabda Əkrəm Əylisli yazmaq vərdişlərini bölüşmüşdü.

Bu cür kitablar maraqlıdır. Adama yön verir. Yeri gələndə bu məsləhətlərdən istifadə etmək olar. Elə şeylər var ki, bir dəfə yaşanılıb, ortada dəlil-sübut var. Daha bir yolu iki dəfə niyə keçəsən? Tutalım, maşın istehsal eləmək istəyirsən, daha Henri Forddan başlamaq niyə, Mercedes Benzin təcrübəsi ortada.

Orası da bəlli, yazıçılıq üçün konkret düstur demək çətindir. Elə məsələlər var ki, bir yazara zərərli olduğu halda o biri yazara fayda verib; biri çay içib yazıb, o biri absent, biri gecə məhsuldar olub, o biri sübh tezdən. Buna görə dərinə gedəndə yazıçılığın müəmma tərəfləri ortaya çıxır. 

***

İlin əvvəlində Stiven Kinqin "Yazı sənəti" adlı kitabı çap olundu. Kitabı ixtisasca iqtisadçı olan Kazım Səlimov çevirib. Adicə bu fakt onun nə qədər böyük işlər gördüyün göstərir. Ədəbiyyat adamlarının belə laqeyd qalmağa məcbur olduğu bir vaxtda tamamilə başqa bir sahənin adamı qollarını çirmələyərək işə girişib.

Düzdür, tərcümədə xətalar var, cümlələrin quruluşu, informasiyanı çatdırmaq yöntəmi ingiliscədəki kimi saxlanılıb. Buna görə də bəzən mütaliədə axsamalar yaradır. Ən azı redaktor tərəfindən bir dəfə baxılmasına ehtiyac var. Yəqin müəllif ikinci nəşrdə bunları nəzərə alar.

Stiven Kinqin yalnız bir neçə hekayəsini oxumuşam. Əsasən, mistika, horror, triller janrında yazır. Amerikanın ən məşhur, ən çox satan yazarlarındandır. Ola bilsin ki, yazı stili, janrı bizə uzaq olsun, amma adamın haqqını danmaq olmaz. Sözsüz ki, onun bu qədər məşhur olmağında istedadının və özünün də dediyi kim zəhmətinin rolu böyük olub. Stiven Kinqin əsərləri əsasında bir çox film çəkilib. Onu "Yaşıl mil" "O" "Şouşenqdən qaçış" "Arıqlayan" və başqa filmlərdən tanıyırıq.

Əsərləri dilimizə təzə-təzə çevrilməyə başlayan bu məşhur yazıçının yazı sənəti haqqında fikirlərini öyrənmək, onun təcrübələrinə bələd olmaq bu yola baş qoyan hər bir adam üçün maraqlı olardı. Baxmayaraq ki, çoxumuz onun əsərlərindən xəbərsizik.

Kinq kitaba öz uşaqlığından, yazıçılığa meylindən danışmaqla başlayır. İlk əsərini necə yazmasını, qarşılaşdığı çətinlikləri dilə gətirir. Romanlarının bəzilərini təkərli evində (karavan), paltaryuyan maşının üzərində yazıb. 

Kinq yazıçı olmaq istəyənlərlə maraqlı bir məsləhət verir: Qapını örtün.

Bu vacib şərtdir. Sizin böyük, dəbdəbəli eviniz, kabinetiniz olmaya bilər. Əsas şərt odur ki, xarici dünyaya açılan qapını bağlayasınız. Burda o təkcə otaq qapısını nəzərdə tutmur, o, həm də daxili dünyamızın qapısını deyir. Bu həm də ətrafdakılara mesajdır. Siz yazmaqla məşğulsuz: "Örtülmüş qapı sizin dünyaya və özünüzə işlə məşğul olduğunuzu deməyiniz, yazmaq haqqında qərarınızın və işinizin doğru-dürüst görmək əzminizin ciddi olduğu göstəricisidir."

Kinqin digər məsləhəti: "Əgər yazıçı olmaq istəyirsinizsə, hər şeydən əvvəl iki işi görməlisiniz: çox oxumalı və çox yazmalısınız. Bu iki işi görməkdən başqa yol yoxdur, yəni yazıçı olmağın kəsə yolu mövcud deyil... Əgər oxumağa vaxtınız yoxdursa, sizin yazmağa da vaxtınzı yoxdur. Bu qədər sadə."

Bir dəfə dostlarla möhkəm bir məclisdən sonra Bulvarda, Vışkanın altındakı çayxanaya gəlib oturmuşduq. Yayda kimi istəsən orda taparsan. İki kitabı çıxmış bir tanışımız bizim stola gəldi, oturduq. Birdən qayıdıb Qan Turalıya dedi ki, siz necə bu Heminqueyi zadı oxuyursuz? Mənim oxumağa vaxtım olmur, ancaq yazıram. Bunu eşidəndə başımdan tüstü çıxdı. Uzun müddət onun fikrini unuda bilmədim, onun sözləri xəncər kimi saplanmışdı sinəmə. Həmin adam deyəsən indi dördüncü kitabını çapa hazırlayır və əminəm, hələ də Heminqueyə, Heminquey zad deyir.

Kinq deyir ki, oxumaq yazıçı həyatının yaradıcılıq mərkəzidir, hara getsəm özümlə kitab götürürəm. Buna bənzər bir şeyi Somerset Moemin "Yekun vurarkən" əsərində də oxumuşdum. O, deyirdi ki, hər zaman, hər yerdə oxuyun, hətta oxumağa bir şeyiniz yoxdursa vağzalda qatarların-gediş gəliş cədvəllərini oxuyun.

Kinqin də məsləhəti belədir: "Yemək vaxtı kitab oxumaq kübar cəmiyyətlərdə köntüylük sayılır, amma siz uğurlu yazıçı olmaq istəyirsinizsə, kübarlığı öz prioritetlər siyahınızın aşağı hissəsinə qoymalısınız." 

O, yazıçının ən böyük düşmənini də elan edir. Bu televizordur. Yazmaq istəyən adama birinci televizordan yaxa qurtarmağı məsləhət görür: "Televizor təzə yazıçının ehtiyacları üçün lazım olan ən axırıncı şeydir....Əgər mümkünsə, sizin yazı otağınızda telefon olmamalıdır, televizor və ya diqqətinizii yayındıra biləcək video oyunları isə qətiyyən olmaz. Əgər pəncərə varsa və o, sadəcə divara açılmırsa, mütləq pərdəni və ya jalüzi aşağı çəkin."

Kinq əsərin ilkin variantının yazılışından sonrakı mərhələlər barədə danışır, redaktə zamanı əsərə təsvir elementlərinin daxil edilib-çıxarılması, obrazların adlarının seçilməsi barədə tövsiyələrini bildirir. Dialoqları elə yazmalısan ki, qulağa yatımlı olsun və ən əsası heç vaxt "Ayy...pox" yazmalı olduğun yerdə "Ayy...şəkər" yazma. Ardınca xəbərdarlıq edir: "İnanın mənə, intellektual qorxaq adam, iyirmi birinci əsrin başlanğıcında, Amerikada bədii nəsr yazmaq işinə girişsə də heç nə alınmaz. Çoxlu, təbir caizsə, əldəqayırma senzorlar var və onların müxtəlif gündəmləri olsa da, onların əsas istəkləri eyni şeydir: dünyanı onların gördüyü kimi görməlisən... və ya başqa cür görürsənsə, heç olmasa danışma, ağzını yum."

Kinq əlavə edir: "Yazıçı olmağı istəmək, lakin həqiqəti demək istəməmək mümkün olan şey deyil".

İnandırım sizi, xaricdə yaradıcılıq kursları açılır, yazıçılıq öyrənmək istəyənlər üçün qalın-qalın kitablar yazılır, praktik məsləhətlər verilir. Gedib o kitabları tapıb oxuyana kimi, öz dilimizdə, əlimizin altında lazımi vəsait var. Niyə də oxumayaq? Niyə yararlanmayaq? Məsələn, çoxumuz redaktə prosesi haqqında heç nə bilmirik. Bəzilərimiz əsəri oxuyandan sonra üstündə düzəliş etməyə ərinir, elə şeir kimi yazıb qırağa qoyur, daha üzərinə qayıtmır. Bəzilərimiz birinci əlyazmada hekayənin skeletini qurur, redaktələrdə isə içini doldurur.

Bəzilərimiz lap qabağa gedib elə bilir yazdığı Quran ayəsidir. Redaktədə silmək istəmir, düzəltmək istəmir. Əşşi, nolub? Tolstoy deyilsən ki, o belə "Hərb və sülhü"n üzünü dəfələrlə köçürüb, düzəldib, ixtisar edib. Tomas Vulfun "Dön evinə, mələk" romanı "Hərb və sülh"dən 4 dəfə qalın imiş, yazıçı redaktoru Perkinsin məsləhəti ilə əsərin həcmini dəfələrlə qısaldıb. Sveyq redaktə məsələsində daha radikal olub: Artıqlıq edirsə kəs getsin. Kinq isə olduqca maraqlı məsləhət verir, hətta düstur yazır: 2-ci Əlyazma=1-ci Əlyazma-10%.

Hətta bu ən çox sevdiyiniz, yaxşı yazdığınız hissə olsa belə redaktə etmək lazımdırsa, mətndə artıqlı yaradırsa çəkinmədən DELETE düyməsini sıxın. Kinq bu xüsusda deyir: "Onların yaxşı yazılmış olması heç də onların orda saxlanması üçün əsas ola bilməz: mənə onlara görə pul ödəyirlərsə, heç bir şərtsiz yaxşı yazılmış olmalıdırlar. Amma mənə pulu özümə güzəşt etməyim üçün vermirlər."
 

Milli.Az