Azərbaycan “Beynəlxalq Yaşıl Həftə - 2011” beynəlxalq sərgisində iştirak edir
22 Yanvar 2011 19:49
1926-cı ildən etibarən hər il keçirilən sərgi yanvarın 30-dək davam edəcək. İqtisadi İnkişaf Nazirliyindən APA-ya verilən məlumata görə, sərgidə İİN-in təşkilatçılığı ilə Azərbaycanın 124 kv. metrlik pavilyonunda ölkədə istehsal olunan 500 çeşiddən çox müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş olunur. Tədbirdə İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri ilə yanaşı, 40-a yaxın şirkət iştirak edir.
Sərginin ilk günündə Almaniyanın ərzaq, kənd təsərrüfatı və istehlakçıların müdafiəsi naziri İlse Aygner, Berlin şəhərinin meri Klaus Voverayt, Almaniya Fermerlər Assosiasiyasının prezidenti Gerd Sonnleitner və digər rəsmi qonaqlar Azərbaycan pavilyonunu ziyarət ediblər.
Sərgi çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan-Almaniya işgüzar görüşü keçirilib.
Milli.Az