Erməni meyitində rus izləri

9 May 2015 17:43
Ermənistanın Gümrü şəhərində Avetisyanlar ailəsini qətlə yetirməkdə günahlandırılan rus əsgər Valeri Permyakovun DNT-si hadisə yerindən tapılmış əşyaların üzərindən tapılıb.

Anspress-in məlumatına görə, məhkəmə genetika ekspertizası evdə tapılan siqaret kötüyünün üzərindəki DNT izləri ilə Permyakovun DNT-si ilə 99,99% üst-üstə düşür. Siqaret kötüyü Avetisyanların evindəki qaz plitəsinin üzərindən tapılıb.

Analoji DNT izləri süngü bıçağının tiyəsində və dəstəyində, hərbi formada, süngünün kəmərində və AKS-74 avtomatında da aşkar edilib.

İstintaq versiyasına görə, Permyakov yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünün güllələnməsində günahlandırılır. Hadisə yerində ailənin 6 üzvü həlak olub. Bir nəfər altı aylıq uşaq isə ağır yaralı halda xəstəxanaya aparılıb. 19 yanvarda o da dünyasını dəyişib.

Hadisə Gümrüdə və İrəvanda Rusiya əleyhinə çıxışlarla yadda qalıb. Ermənilər Rusiya bayrağının yandıraraq Gümrüdən rus hərbi hissəsinin çıxarılmasını tələb ediblər.

Milli.Az