Avropa Oyunları öncəsi İçərişəhərdə gördüklərimiz - FOTO

9 May 2015 17:54

Qədim şəhər turistləri qəbul etməyə hazırdır

Artıq əlamətdar hadisələrdən sayılan "Bakı-2015" Avropa Oyunlarına sayılı günlər qalıb. Ölkəmiz bu möhtəşəm tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün bütün lazımı işləri uğurla yekunlaşdırır. Oyunlar ərəfəsində qarşımızda duran əsas vəzifələrdən biri də ölkəmizə təşrif buyuran xarici qonaqlara qonaqpərvərliyimizi göstərmək və onları öz ölkəmizdə layiqincə ağırlamaqdır. Məlumdur ki, adi vaxtlarda olduğu kimi, Avropa Oyunları zamanı da xarici turistlərin üz tutacağı əsas məkanlardan biri İçərişəhər olacaq. Bəs bu qədim şəhər turistləri qarşılamağa hazırdırmı? Bu suala cavab tapmaq üçün İçərişəhərə yollandıq.

5 dildə məlumat verən audiobələdçilər

Oyunların başlamasına bir aydan çox vaxt qalsa da, artıq ölkəmizə turist axını başlayıb. Təsadüfi deyil ki, biz də qədim şəhərdə yerli əhalidən çox turistlərlə qarşılaşdıq. Onlar qız qalasının önündə şəkillər çəkdirir, Azərbaycan sənətkarlarının hazırladığı əl işləri ilə maraqlanır və təamlarımızdan dadırdılar. Diqqətimizi çəkən məqamlardan biri də İçərişəhərdə olan restoranların qapısında məlumatların ingilis dilində yazılmasıdır. Turistlər taamlarımızdan daddıqdan sonra əllərindəki fotoaparatla ecazkar və hər daşında qədimlik qoxan bu şəhəri kameralarının yaddaşına həkk edirdilər.

İçərişəhərə daxil olarkən audiobələdçilər diqqətimizi çəkir. Bu qurğuların quraşdırılmasında məqsəd qədim şəhəri gəzməyə gələn əcnəbi turistlərin məlumatsız qalmamalıdır. Belə ki, İçərişəhərdə onun tarixi ilə tanış olmaq üçün 4 məlumat məntəqəsi yaradılıb. Bu məntəqələrdə turistlərə bir çox xidmətlər təklif olunur. Bu xidmətlərdən biri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin audiobələdçi xidmətidir. Turistlər məntəqələrə yaxınlaşıb audiobələdçi alır və bu aparatlar vasitəsilə onları maraqlandıran suallara cavab tapırlar. Onlar qədim şəhəri gəzərkən audiobələdçilər vasitəsilə tarixi binaların tikilmə tarixi, muzeylər, məscidlər və digər tikililər haqqında Azərbaycan, rus, ingilis, fransız və alman dillərində ətraflı məlumat alırlar.

"Qonaqpərvərliyinizə söz ola bilməz"

Amerika vətəndaşı Corc ölkəmizə öz ailəsi ilə birlikdə gəlib. Könüllü gəncin köməkliyi ilə İçərişəhərin demək olar, hər tərəfini çəkən əcnəbi vətəndaşla söhbətləşirik. O deyir ki, Azərbaycan haqqında ilk dəfə Eurovision mahnı yarışmasında eşidib: "Düzünü desəm, bu ölkə haqqında məlumatımız yox idi. Musiqi müsabiqəsindən sonra adını eşitdim. Avropa Oyunlarının da burda keçirilməsini öyrəndikdə bu ölkə mənə daha maraqlı gəldi və görmək istədim. Ailəmlə birlikdə artıq bir həftədir ki, Bakıdayıq. Həqiqətən, çox gözəl və qeyri-adi yerləri var. Qonaqpərvərliyinizə isə söz ola bilməz".

Oyunlar ərəfəsində əcnəbi qonaqların asudə vaxtının səmərəli təşkili üçün İçərişəhərdə həyata keçirilən layihələrdən biri də elektromobillər vasitəsilə turların təşkilidir. Turistlər elektromobillərdən istifadə etməklə qədim şəhəri çox asanlıqla gəzə və məlumat əldə edə bilərlər.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi mətbuat xidmətinin rəhbəri Nərmin Azadgil deyir ki, audioblədçilərdən əlavə, xarici qonaqlara yardımçı olmaq üçün birinci Avropa Oyunları zamanı İçərişəhərdə könüllülər də fəaliyyət göstərəcək. Xüsusi geyimlərdə olan könüllülər qonaqların daha çox olduğu yerlərdə dayanır, turistlərə, eləcə də yerli sakinlərə lazımi yardım göstərir, istiqamətləndirir, İçərişəhər və burada təşkil olunan müxtəlif festival və tədbirlərlə bağlı sualları cavablandırırlar.

Dünyaya sübut etməliyik ki...

Oyunlar ərəfəsində könüllü şəkildə bələdçilik edən Orxan deyir ki, bu işin öhdəsindən layiqincə gəlmək üçün əlindən gələni edəcək: "Milli Olimpiya Komitəsindən bu təklif gələndə çox sevindim. Ölkəm üçün canla-başla əlimdən gələni etməyə hazıram: "Könüllü olmaq o deməkdir ki, hər hansı maddi qarşılıq gözləmədən xalqın, ölkən üçün çalışırsan. Həm də bununla bir iş, ünsiyyət təcrübəsi qazanmış oluruq. Mən Azərbaycana gələn xarici nümayəndə heyətini qarşılayacağam. Onlar özlərini Azərbaycanda çox rahat, öz ölkələrindəki kimi hiss eləməlidirlər. Biz həm də bu oyunlar ərəfəsində ölkəmizi dünyaya tanıdacağıq. Bu, xarici arenada ölkəmizin reklamıdır".

Qədim şəhəri gəzərkən şəhər haqqında məlumat verən tablolar diqqətimizi çəkir. Məlum olur ki, Avropa Oyunları ərəfəsində qoruq ərazisində müxtəlif tədbirlər həyata keçiriləcək. Bunlardan ən önəmlisi ənənəvi "Qız qalası" Beynəlxalq incəsənət festivalıdır. Bu il festival 6-cı dəfə təşkil olunacaq və orada yüzdən artıq xarici rəssamın iştirak edəcəyi gözlənilir.

"Turlar təşkil olunacaq"

Qoruq ərazisində keçirilən tədbirlərlə bağlı məlumat verən N.Azadgilin sözlərinə görə, turistlər üçün müxtəlif turlar da təklif olunacaq. Bunlar vasitəsilə şəhərimizin qonaqları "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin muzey ekspozisiyaları ilə tanış ola biləcəklər. Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı dini-memarlıq kompleksi, Tahir Salahovun ev muzeyi və Numizmatika ekspozisiyalarının fəaliyyət saatları artırılacaq. Sözügedən ekspozisiyalarda iş saatları iyunun 1-dən 30-dək saat 10:00-dan 21:00-dək davam edəcək. Turun təşkilatçısı Əfsun Əhmədov deyir ki, I Avropa Oyunları zamanı turist axını nəzərə alınaraq belə turların sayı artırılacaq: "Turların iş saatı uzadılıb. Avtobuslar səhər saat 11-dən gecə 12-yə kimi fəaliyyət göstərəcək. Turistlərə Bakı haqqında məlumat 8 dildə çatdırılacaq".

Məlumat üçün bildirək ki, tur avtobuslarının marşrutunun uzunluğu təxminən 21 kilometrdir. Bu da 1 saat 30 dəqiqəlik vaxt deməkdir. "Azadlıq" meydanından start götürən turların marşrutuna Heydər Əliyev Mərkəzi, Qız qalası, Müasir İncəsənət Muzeyi, "Four Seasons" hoteli, Filarmoniya bağı, Alov qüllələri, Dağüstü Park, Bəhram Gur heykəli, Dövlət Bayrağı Meydanı, Şeytan çarxı, "Azneft" meydanı, Kukla Teatrı, Muzey Mərkəzi, 7 Gözəl Fəvvarəsi və "Port Baku" daxildir.

Kaspi.az

Böyütmək üçün şəkillərə klikləyin.