"Erməni soyqırımının 100-cü ilinin anımı" prosesi adlanan siyasi ssenari çərçivəsində baş verənləri nəzərə alsaq, Co Baydenin ermənilərin iddialarının bu formada dəstəkləməsi əsla təsadüf sayıla bilməz.
Birləşmiş Ştatların hakimiyyət olimpində prezident Barak Obamadan sonra ikinci fiqur sayılan Baydenin kilsədəki ibadətdə iştirakı ölkədəki erməni diasporuna ciddi siyasi mesaj olmaqla yanaşı, Ermənistandakı vəziyyətə və ümumiyyətlə, Cənubi Qafqazdakı regional qüvvələr nisbətinə təsirə yönəlib.
Barak Obama aprelin 24-də ermənilərə müraciət kimi qəbul edilə biləcək çıxışında 1915-ci ildə Osmanlı Türkiyəsində yaşanmış olaylardan bəhs edərkən "soyqırım" kəlməsini söyləmədi və Türkiyə ilə yanaşı, müxtəlif ölkələrdəki türk diaspor təşkilatları da bunu az qala möhtəşəm uğur kimi dəyərləndirdilər, "ABŞ ermənilərin iddialarını rədd etdilər" dedilər.
Rəsmi Ankara təqdir açıqlamaları verdi, Türkiyə mediasında isə az qala "Obamadan ermənilərə yenə tərs şillə" başlıqları ilə yazılar yer aldı.
Yenə də eyforiya, yenə də olmayan "qələbə"nin bayram edilməsi, toxtaqlıq, sevinc.
Halbuki, seviniləsi heç nə yox.
Barak Obama siyasətçidir və o, ABŞ-dakı daxili situasiya ilə "erməni məsələsi" ilə bağlı beynəlxalq siyasi arenada yaranmış vəziyyətdən məharətlə istifadə etməyə çalışır.
Təbii ki, ABŞ prezidenti üçün əvvəlcə ölkəsinin, sonra da təmsil etdiyi Demokrat Partiyasının maraqları Ermənistanın və ümumiyyətlə, ermənilərin mənafelərindən daha üstündür.
"ABŞ Türkiyə ilə münasibətləri korlamaq istəmədi" tipli şərhlər də bravurdur və həqiqətə uyğun deyil. Vaşinqton maraqlarına uyğun sayarsa, Ankara ilə münasibətləri korlayar da, hətta təmasları minimuma da endirər.
Fəqət, Ağ Ev bunu gərəkli saymır və elə bu səbəbdən də Ankaranı daim təzyiq altında saxlamaq üçün digər məqamlarla yanaşı, "erməni məsələsin"dən istifadə edir, Ermənistanın da birdəfəlik Rusiyanın tam təsirinə keçməsinə yol verməmək məqsədilə ermənilərə "türklərlə münasibətlər" müstəvisindəki nüanslar vasitəsilə təzyiqlər göstərir.
Barak Obama aprelin 24-dəki çıxışında "erməni soyqırımı" ifadəsini dilinə gətirməsə də, ermənilərin iddialarından yararlanmaq niyyətində deyil. Baydenin də kilsədəki ibadətdə iştirakı ermənilərə ümid vermək, Vaşinqtonun "soyqırımı tanıması" məsələsinin uzunmüddətli proses olduğuna işarə vurmasıdır.
Vaşinqton bu minvalla Yerevan və Ankaranın nəzərinə çatdırır ki, oyun başa çatmayıb, bəlkə də hələ yeni başlayır.
Eyni zamanda, Baydenin kilsədəki ibadətə qatılması həm də "erməni soyqırımı" məsələsi ilə bağlı Rusiya və Türkiyə arasında yaşanan olaylara bəlli reaksiyadır.
Rusiya prezidenti Vladimir Putin aprelin 24-də Yerevana yollanaraq "erməni soyqırımı" ilə bağlı anım tədbirlərində iştirak etmiş, "soyqırımın dünya miqyasında tanınması"nın zəruriliyindən bəhs etmişdi.
Rəsmi Ankara da bu olaya sinirlənmiş, hətta Rusiyada səfirin geri çağıra biləcəyini istisna etməmişdi.
Təbii, Rusiya Avstriya deyil ki, Ankara səfiri geri çağırsın və münasibətləri pisləşdirsin.
Ankara və Moskvanın indi Rusiyanın təbii qazının Avropa Birliyinə nəqlinə yönəlmiş "Türk axını" layihəsindən tutmuş, ən müxtəlif sahələrdə çoxsaylı məqamlar birləşdirir. Ən azından iki ölkə arasındakı ticari dövriyyə 30 milyard dolları keçib və Türkiyənin xarici ticarətindəki tərəfdaşlar arasında Rusiya 2-ci yeri tutur.
ABŞ da elə bu səbəbdən Ankara və Moskva arasındakı diplomatik gərginliyin ustalıqla həyata keçirilən, Rusiya və Türkiyənin "erməni məsələsi" ilə yanaşı, bir sıra regional məsələlərdə birgə nəzarətə nail olmağa yönəlmiş oyun olduğunu düşünür.
Vaşinqtondakı Kafedral kilsədə Co Baydenin Serj Sarkisyanın yanında oturması da göstərdi ki, ABŞ "erməni məsələsi"ni nə Rusiya-Türkiyə strateji tərəfdaşlığı, nə də Ankara-Moskva mübahisələrinin təsirinə buraxmaq fikrində deyil.
ABŞ həm də ermənilərə bu minvalla vədlər verir, onları "erməni soyqırımı" məsələsi ilə bağlı ümidləndirir və göstərməyə çalışır ki, Vaşinqtonun Ermənistanda iqtisadi yox, həm də geosiyasi və siyasi maraqları var.
Əks təqdirdə ABŞ Yerevanla ticari və investisiya anlaşmaları ilə kifayətlənərək siyasi təmasları postsovet məkanı səviyyəsində Tacikistan, yaxud da Belarusla əlaqələr səviyyəsinə endirərdi.
Co Baydenlə yanaşı oturmaq Serj Sarkisyan üçün qürur və fəxr səbəbi ilə yanaşı, həm də yeni başağrısıdır.
Səbəblərdən biri də Vaşinqtona səfər əsnasında Serj Sarkisyanın amerikalı senator Con Makkeynlə görüşməsidir.
Con Makkeyn ən radikal və sərt respublikaçılardan biri, Rusiyadakı mövcud hakimiyyətə qarşı kəskin antipatiyası ilə tanınan siyasətçidir.
Yerevanla Vaşinqton arasındak ünsiyyətin indi də guya sırf mənəvi məqamlarla bağlı siyasi konturlarla cızılmağa başlaması Moskvanı qıcıqlandırır.
Daha doğrusu, artıq qıcıqlandırıb və Rusiyanın Cənubi Qafqazdakı quberniyası halına düşmüş Ermənistanın prezidenti Serj Sarkisyan da sahibinin səbr kasasını daşdırmamaq üçün Vaşinqtondan sonra dərhal Moskvaya üz tutub, mayın 9-da Moskvadakı Parada qatılandan sonra Kremldə sorğu-sual olunub.
O, Moskvada okeanın o tayına səfəri ilə bağlı geniş hesabat verməklə yanaşı, aparacağı danışıqlarda Rusiyanın müəyyənləşdirdiyi kursa sadiq qaldığını da göstərməli, bir daha sübut etməyə çalışıb.
Söz yox, indi ən önəmli məsələlərdən biri Ermənistanı Rusiyanın tam, şəksiz və hədsiz təsirindən çıxarmaq istiqamətində ABŞ-ın atacağı, konkret olsaq, ata biləcəyi addımlardır. Bunun üçün amerikalılar Yerevanın xarici siyasətində əhəmiyyətli kurs dəyişikliklərinə nail olmaqla yanaşı, daxili siyasətdə vəziyyətdə köklü dönüşə start verməlidirlər.
Ermənilər də yaranmış situasiyadan faydalanmağa çalışır, "erməni məsələsi"ndə Rusiya və ABŞ arasında rəqabətin formalaşdığına ümid edərək yeni şərtləri gündəmə gətirmək niyyətindədirlər.
ABŞ-da prezident seçkiləri ilə bağlı kampaniya başlanıb və bu səbəbdən də Ermənistandakı hakimiyyət okeanın o tayında demokratlarla yanaşı, respublikaçılarla münasibətləri aktivləşdirmək fikrindədir.
Əgər demokratlar Hillari Klintonu namizəd kimi göstəriblərsə, respublikaçıların favoriti hələlik açıqlanmayıb. Lakin atası və qardaşı artıq ABŞ prezidentləri olmuş senator Ceb Buşun belə namizəd olacağı istisna deyil.
Məhz bu səbəbdən də rəsmi Yerevan ABŞ Senatında çoxluq təşkil etməklə yanaşı, prezident seçkiləri kampaniyasında ciddi proseslərə başlamış respublikaçılarla təmasları intensivləşdirir.
Amma Ermənistan Rusiyadan tam asılı olduğundan, bu cəhdlərdən gözlənilən nəticələri gözləmək əbəsdir.
Orxan Hun
Milli.Az