Müharibə gedir - informasiya müharibəsi

12 May 2015 23:50
Almanlar yanıldıqlarını anlayıblar. Onlar ötən əsrin 90-cı illərinin sonlarında Şərqi Avropanın öyrənilməsi institutunu bağlamaqla, ciddi səhvə yol veriblər. Bu institut öz fəaliyyətində əsas diqqəti, əlbəttə ki, SSRİ-dəki vəziyyətin təhlilinə yönəldirdi.

İki sistem arasında qarşıdurma Sovet İttifaqının dağılması ilə başa çatdı və Almaniya artıq mövcud olmayan sistemin araşdırılmasına pul xərcləməyin səfehlik olduğu qənaətinə gəldi. Həmin illərdə Rusiya faktiki olaraq, asılı dövlət idi və onun bir güclü rəqib kimi araşdırılmasına ehtiyac duyulmurdu. Üstəlik, onu tərəfdaş da saymırdılar.
 

Putinin ilk iki prezidentliyi dövründə isə Qərb Rusiyanın daxili və xarici siyasətində baş verən ciddi dəyişiklikləri görməyə bilməzdi. Amma o, 90-cı illərin xaosunda Moskvanı nəzarətdə saxlamaq üçün kifayət qədər iqtisadi və siyasi rıçaqlar əldə etdiyini düşünürdü. Lakin Rusiyanın Ukraynada baş verənlərə reaksiyası ABŞ və onun Avropadakı tərəfdaşları üçün son dərəcə gözlənilməz oldu - bu ölkədə kəskin antiqərb ritorikası baş qaldırıb və indi Avropa əhalisi arasında ciddi təbliğat işləri aparılır.
 

Avropanın sayı milyonlarla olan rusdilli əhalisi arasında ideoloji işlər əvvəllər də aparılıb - RT (Russia Today), Birinci kanal, "Rossiya-1", "NTV Mir", Sputnik (keçmiş "Rusiyanın səsi") bu vəzifənin öhdəsindən uğurla gəliblər. Onlar indi də yaşanan hadisələrə həsr olunmuş gülüş şouları, seriallar, kəskin süjetli filmlər, ayrı-ayrı verilişlər yayımlayırlar. Ötən ildən isə Kreml prosesə yeni media resursları cəlb etməklə, informasiya proqramlarının sayını xeyli artırıb.
 

Bu yaxınlarda bir neçə Çexiya və Slovakiya KİV-də peşəkar şəkildə hazırlanmış rusiyapərəst saytların siyahısı dərc edilmişdi. Siyahıda onlarla ada rast gəlinirdi. Üstəlik, həmin saytlarda çex və slovak dillərində dərc olunan materiallar dilin qrammatikası baxımından qüsursuzluğu ilə fərqlənir. Çexiyada bu cür internet resursları NATO-nun Şərqi Avropada mövcudluğunu artırmaq planının açıqlanmasından sonra peyda olmağa başlayıb. Bu saytların tənqid atəşinə tutduqları məqamlardan biri NATO texnikasının bu yaxınlarda Çexiya ərazisindən tranzit şəklində keçirilməsidir. Britaniyanın məşhur BBC (British Broadcasting Corporation) korporasiyası yazır ki, Rusiya hökuməti Çexiyada siyasi ziddiyyətin mövcudluğunu düşünür və ondan istifadə etməyə çalışır.
 

Oxşar mənzərə Avropanın digər paytaxtlarının media məkanında da müşahidə olunur. Bu, Aİ-də ciddi narahatlıq yaratmağa başlayıb. Məlum olub ki, Avropa Rusiya ilə informasiya müharibəsinə hazır deyilmiş. Məsələn, Almaniyanın xarici siyasət idarəsi artıq bu səhvi düzəltmək qərarına gəlib və bu məqsədlə qurum Rusiyanın və Şərqi Avropa ölkələrinin öyrənilməsi üçün yeni institut yaratmaq niyyətindədir. Bunun üçün ilk olaraq ildə 2,5 milyon avronun ayrılması nəzərdə tutulur.
 

"Krımın işğalından sonra Rusiya ilə münasibətlərdə baş vermiş ciddi dəyişiklik bunu zəruri edib", - deyə DW-yə ("Alman dalğası", Almaniyanın Dövlət Teleradio Şirkəti) açıqlamasında Almaniyanın xarici işlər nazirinə yaxın mənbə bildirib. Xarici İşlər Nazirliyi isə hələlik diplomatlarına Rusiya təbliğatına sinə gərmək tapşırığı verib.
 

Finlandiyada nazirlik və dövlət xidmətləri nümayəndələrindən eyni məqsədlə xüsusi işçi qrup yaradılıb. Onun əsas vəzifələrindən biri ölkə əhalisi arasında maarifləndirmə işi aparmaq, məsələn, Finlandiyanın tarixinə əsasən, onlara yalan məlumatlarla, saxta fotolarla necə manipulyasiyalara yol verildiyini göstərməkdir. Kommunikasiyalar üzrə hökumət xidmətinin rəhbəri, Dövlət Təhlükəsizliyi üzrə Komitənin eksperti Mark Mantil deyir ki, "Rusiya jurnalistikasında finlandiyalı siyasətçilər arasından elələrinin sitatları seçilərək yayımlanır ki, Rusiyada KİV məhsulları istehlakçılarının əksəriyyətində guya Finlandiya hökumətinin, siyasətçilərinin Moskvaya qarşı sanksiyaların ləğvini tələb etdikləri qənaəti yaranır".

NATO ekspertlərinin qiymətləndirməsinə görə, Rusiyanın "informasiya maşını" Qərb dövlətləri arasında "fikir ayrılığı" toxumu səpir". Britaniyanın "The Financial Times" qəzetinin yazdığına görə, alyansın baş katibinin siyasi məsələlər üzrə köməkçisi Ceyms Appaturay rusların "hətta bizim öz elektoratımıza, Amerika elektoratına da yetişdiyini" bildirib. O, hesab edir ki, Rusiya bununla ABŞ-ın daxili siyasətinə təsir göstərməyə çalışır. Amma mətbuat üzrə tədqiqatçı, IFRA ümumdünya naşirlər təşkilatının idarə heyətinin üzvü Vasili Qatovun ifadə etdiyi başqa versiya da var: Rusiya təbliğat maşınının ABŞ-dakı fəaliyyəti Birləşmiş Ştatları ciddi narahat etmir. Kremldən olan sifarişçiləri qarşısında dünyada qazandığı uğurları daha uca səslə bəyan etməyə üstünlük verən RT, əslində, bu uğurun xarakterini nümayiş etdirən heç bir rəqəm ortaya qoya bilmir (söhbət hətta reytinqlərdən yox, heç olmasa, faktiki əhatə dairəsindən gedir).

Bu marginal auditoriyaya sahib marginal kanaldır (həm riyazi, həm də sosial mənada).

Bununla yanaşı, ABŞ Konqresi rusdilli əhalinin çox olduğu ölkələrdə rus dilində xəbərlərin yayımının intensivləşdirilməsinə çağıran qətnamə qəbul edib. "Amerikanın səsi" və "Azadlıq/ - Azad Avropa" radiolarının fəaliyyətinin gücləndirilməsilə yanaşı, özəl şirkətlərin yaradılması, bu işlərin görülməsinə regional hökumətlərin cəlb olunması da tövsiyə edilir.
 

Avropanın əksər ölkələrini, ABŞ-ı və Kanadanı özündə birləşdirən hərbi-siyasi blok müntəzəm olaraq saytında NATO haqda 25 "mif"i, onunla yanaşı isə "faktiki təkzibləri" yerləşdirəcək. İnformasiyalar sayta rus, Ukrayna, ingilis və fransız dillərində qoyulacaq. Bundan başqa, Şimali Atlantika Alyansı Riqada Strateji Təcrübə Əlaqəsi Mərkəzi yaradıb. Mərkəzin vəzifəsi "ictimaiyyətə Rusiyanın rəsmi təbliğatına alternativin təqdim olunması"dır.

Bu ilin əvvəlində Litva, Estoniya, Danimarka və Böyük Britaniya Avropa Komissiyasından "Rusiyanın sürətlə güclənən dezinformasiya və təbliğat kampaniyasına" qarşı fəaliyyət planının hazırlanmasını tələb etmişdilər. Onlar Moskvanın bu əməllərinin Kremlin siyasi və hərbi məqsədlərinə dəstək məqsədi güddüyünü düşünürlər.

Demarşın əsas təşəbbüskarı olan Litvanın xarici işlər naziri Linas Linkyaviçyus bildirib ki, burada söhbət Rusiya telekanallarının yayımına qadağanın qoyulmasından və ya senzuranın tətbiqindən getmir. Onun sözlərinə görə, alternativ və bitərəf informasiya mənbələrinin təmini, "cəmiyyətin manipulyasiyalara qarşı immunitetinin gücləndirilməsi" məqsədilə yerli rusdilli kanallar, internet portalları, radio və çap mətbuatı yaradılmalıdır.

Bu, xüsusilə əhalisinin əhəmiyyətli bir hissəsi rusdilli olan Latviya və Estoniya üçün aktualdır.

Aİ-nin mart sammitində də bu mövzu ən geniş müzakirə mövzularından olub. Üstəlik, sammit ərəfəsində Avropa Parlamentinin rəhbəri Martin Şultsun Almaniyanın "Zeit" nəşrinə açıqlaması odun üzərinə yağ tökmüşdü - o bildirmişdi ki, Rusiya təbliğatı artıq Avropada müəyyən uğurlar əldə etməkdədir. Şults buna misal kimi, Fransanın sağ-mərkəzçi "Milli cəbhə" partiyasının Rusiya banklarından kredit götürməsini göstərmişdi. Bundan başqa, o, "bəzi baş nazirlərin Putinə nəvaziş göstərməsini" də həmin təbliğatın nəticəsi sayır.
 

"Reuters"in məlumatına görə, Aİ liderlərinin sammitdə qəbul etdikləri qərarların icrasına başlayan kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə ekspertlər martın sonunda konkret tədbirlər planının hazırlanmasına start veriblər.
 

Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqeriniyə artıq yayın əvvəlində kompleks tədbirlər planının təqdim olunması tapşırılıb. Brüsselin ekspertlər qrupuna "dezinformasiya şəklində yayılmış xəbərlərdəki faktların yenidən yoxlanılması və düzəldilməsi", həmçinin "redaksiya şərhləri, informasiya vərəqələri, məqalə və xəbərlərin - o cümlədən rus dilindəki materialların - avropasayağı təqdimat metodlarının işlənib hazırlanması tapşırılıb.
 

Hədəf və müddət müəyyənləşdirilib və vaxt çox azdır. Amma qarşıya qoyulmuş vəzifələri icra edəcək şəxslərin tapılması o qədər də asan deyil. Məsələ ondadır ki, Moqerininin yaradıldığını bəyan etdiyi komissiyaya Aİ-nin hər bir ölkəsindən bir nümayəndə daxil edilməlidir. Onların xərclərini isə nümayəndənin təmsil etdiyi ölkə öz üzərinə götürməlidir. Hələlik məsələyə yalnız Polşa, Litva və Estoniya reaksiya verib. Jurnalist və politoloq Aleksandr Morozov isə sosial şəbəkələrdəki səhifəsində buna istehza ilə cavab verib: "...bu aydın məsələdir. Axı, Avropa İttifaqı elə milyonlarla belə komissiyadan ibarətdir... Vəhşi heyvanların bir meşədən digərinə təhlükəsiz şəkildə keçidinə kömək etmək üçün avtomobil yollarının üzərindən keçidlərin salınması üzrə komissiya da var. İndisə "Rusiya təbliğatı" üzrə komissiya..."
 

Avropanın özündə də bu layihəyə şübhə ilə yanaşanlar az deyil. Onların şübhəsi məhz ümumavropa layihəsilə bağlıdır. Çünki ayrı-ayrı ölkələr artıq daxili milli xüsusiyyətlərindən və tələbatlarından çıxış edərək, bu istiqamətdə addımlar atırlar. Bir ümumavropa kanalı da çoxdan mövcuddur - "Euronews". Amma o, fəaliyyət göstərdiyi 20 ildən artıq müddətdə ciddi populyarlıq qazana bilməyib. Maraqlıdır ki, Aİ məmurlarının özləri belə, jurnalistlərlə gizli söhbətləri zamanı informasiya mübarizəsinin prioritet olduğunu anladıqları, amma eyni zamanda yeni telekanalın ilkin mərhələ üçün üzərinə düşən işin öhdəsindən gələ biləcəyinə şübhə ilə yanaşdıqlarını deyirlər.
 

Rusiya təbliğatı ilə mübarizənin formatına gəlincə, Rusiya tərəfinin fikrini də dinləyək. "R+" məsələyə münasibət bildirməsi üçün siyasi elmlər doktoru, Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun direktoru Aleksey Qromıkoya (1957-1985-ci illərdə SSRİ-nin daxili işlər naziri işləmiş Andrey Qromıkonun nəvəsi) müraciət edib: "Hər hansı problemin həlli baxımdan bu, dalana aparan yoldur. Heç bir problem informasiya və təbliğat müharibəsilə həll oluna bilməz. Nə qədər ki, bu cür qərarlar qəbul olunacaq, Minsk sülh prosesinin perspektivi dumanlı qalacaq. Rusiya bu gün dünya ictimaiyyətinin ölkənin daxilində baş verənlər, həmçinin Moskvanın xarici siyasəti haqda məlumatlandırılması üçün kifayət qədər geniş və effektiv struktura malikdir. Lakin düşünürəm ki, bizə zorla qəbul etdirilən oyun qaydaları ilə oynamaq, beynəlxalq münasibətlərin əsas problemlərinə dair Rusiyanın nöqteyi-nəzərini hamıya izah etmək lazımdır. Amma bu iş dürüst, ölçülüb-biçilərək, fəal şəkildə görülməlidir. Bu zaman heç bir halda təbliğatçılığa sürüklənmək. Ən başlıcası isə durumu daha da ağırlaşdırmaqdansa, hər hansı vəziyyətdən çıxış üçün hansısa yollar göstərmək lazımdır. Qarşılıqlı anlaşma yalnız bu halda mümkündür".
 

Qarşılıqlı anlaşma çağırışları hər iki tərəfdə səsləndirilir. Amma istər bu, istərsə də digər tərəf riayət edilməsi vacib olan hansısa "məcburi oyun qaydaları"ndan da danışır.

Buradakı aşkar ziddiyyət, deyəsən, heç kəsi çaşdırmır.

"Region Plyus"