Rusiya və Amerika arasında müharibə ola bilərmi? - ARAŞDIRMA

12 May 2015 22:50
Sovet İttifaqı dağıldıqdan sonra Riçard Nikson soyuq müharibəni qazansa da, sülhü qazana bilmədi. O vaxtdan bəri ABŞ-ın hər iki siyasi partiyasını təmsil edən prezidentləri də bu vəzifənin öhdəsindən gələ bilməyiblər. Əksinə, ABŞ-da təhlükəsizlik və firavanlıq üçün təhlükə təşkil edən amillər çoxaldıqca sülhün əldə edilməsi daha da çətin görünür.

Bu amillər arasında ən təhlükəli olanlar beynəlxalq sistem və əsas qüvvələrin yaxın qonşularında malik olduqları səlahiyyətləri ilə bağlı çıxan narazılıqlar, tarixən ən böyük münaqişələrin yaranmasına səbəb olan fikir ayrılıqlarıdır. ABŞ və Qərb ölkələri ilə Rusiya və hətta, təəssüf ki, Çinlə gərginliklərin əsasını da bu növ narazılıqlar təşkil edir. Hal-hazırda həll edilməsi ən vacib məsələ Ukraynada davam edən böhrandır. Burda bir əsr əvvəl birinci dünya müharibəsi fəlakətini yaratmış hadisələrin təkrarlandığını görə bilərsiniz.

ABŞ və Avropada bir çoxları belə düşünürlər ki, Rusiyanın tarixi imperiya missiyasını bərpa etməsinin qarşısını almaq üçün ən yaxşı yol Ukraynanın müstəqilliyini təmin etməkdir. Bu fikirdə olanlar təkid edirlər ki, Qərb ölkələri Kremlin bu ölkə üzərində birbaşa və ya dolayı idarəsini dayandırmalıdır. Əks halda isə Rusiyanın keçmiş Sovet imperiyasını yenidən quraraq bütün Avropa üçün təhlükə yaradacağı düşünülür. Rusiyada isə bir çoxları iddia edir ki, Rusiya Ukraynanın suverenliyini və Krım istisna olmaqla, ərazi bütövlüyünü tanımağa hazır olsa da, öz sərhədində başqa bir böyük qüvvə olmasını istəmir. Qərb sərhədində təhlükəsizlik olması üçün Ukrayna ilə xüsusi əlaqələr qurulması və böyük qüvvələrin təsir dairələrində müəyyən dərəcədə hörmət olması lazımdır. Bundan başqa, Rusiya düşünür ki, Ukrayna NATO-ya qoşularsa və ya Avro-Atlantik birliyin bir hissəsinə çevrilərsə, Rusiyanın təhlükəsizliyi heç vaxt təmin edilə bilməz.

1991-ci ildə, Sovet İttifaqı dağılan zaman ölkədaxili məsələlər nəticəsində tükənmiş Rusiya Qərbin yardımından asılı idi. Təəccüblü deyil ki, Qərb liderləri Rusiyanın fikirlərinə məhəl qoymamağa öyrəşdilər. Ancaq 1999-cu ildə Vladimir Putin hakimiyyətə gəldikdən sonra Rusiyanın böyük bir qüvvə olduğu anlayışını yenidən gətirdi. Onun on beş illik hakimiyyəti dövründə neft istehsalı və Rusiyanın ÜDM-sini ikiqat artıran qiymətlər yüksəldi.

Amerikalılar yaxşı olar ki, Yaponiyanın ABŞ-ın Pörl Harbor hərbi bazasına hücum etməsinə və ABŞ-ın II dünya müharibəsinə daxil olmasına gətirib çıxaran hadisələri xatırlasınlar. ABŞ 1941-ci ildə Yaponiyanın Asiyaya hücumunu cəzalandırmaq üçün neft daşınmasına embarqo qoydu. Təəssüf ki, Vaşinqton Yaponiyanın necə qarşılıq verəcəyini düşünə bilmədi. İkinci dünya müharibəsindən sonra dövlət katibi Din Açesonun müşahidəsinə görə, ABŞ-ın düzgün qiymətləndirmədiyi Yaponiyanın Asiyada etmək istədikləri və ya qoyulan embarqonun yaradacağı düşmənçilik yox, General Toconun öz məqsədlərinə çatmaq üçün nə qədər böyük risklər götürə biləcəyi idi. Heç kəs başa düşmədi ki, o və onun rejimi Asiyanın işğalını bir ambisiyanın həyata keçirilməsi yox, bir rejimin xilas edilməsi kimi görürdü. Bu, onlar üçün ölüm-dirim məsələsi idi.

Pörl Harbor hücumundan günlər əvvəl Yaponiyanın xüsusi nümayəndəsi Kurusu Vaşinqtona Yaponiya xalqının iqtisadi tədbirlərin hərbi tədbirlərdən daha effektiv silah olduğunu düşündüklərini, ABŞ-a təslim olmaları üçün onlara təzyiq göstərildiyini və təzyiqə təslim olmaqdansa, mübarizə aparmağı üstün tutduqlarını bildirdi. Bu xəbərdarlığa baxmayaraq, Yaponiyanın ABŞ-a cavabı onu gözləmədiyi anda vurdu və nəticədə 2500-ə yaxın insan həlak oldu, ABŞ-ın Sakit okeanda yerləşdirdiyi donanmaların çoxu isə batdı.

Amerika administrasiyalarının xarici siyasət üzrə əsas seçimlər haqqında son proqnozlarını nəzərdən keçirilməsi bir işarə olmalıdır. Klinton administrasiyası Yuqoslaviyada gedən qanlı vətəndaş müharibəsini düzgün qiymətləndirməyərək müdaxilə etmiş və Rusiya ilə Çinin qəzəblənmələrinə səbəb olmuşdu. Corc Buş isə İraqı işğal edib Səddam Hüseyn rejimini demokratik yolla seçilmiş bir rejimlə əvəz etməyə qərar verərkən bunun güclü azadlıq və müstəqillik nümunəsi olacağına inanırdı. O və onun komandası müharibənin ölkəni tayfa və din üzrə olmaqla parçalayacağı, Bağdadda seçiləcək istənilən hökumətdə şiələrin üstünlük təşkil edəcəyi və İraqın zəifləməsindən başda İranın yararlanacağı ilə bağlı xəbərdarlıqlar olmasına baxmayaraq bu yolda getdilər. Bundan başqa, Obama administrasiyası Müəmmər əl-Qəddafini hakimiyyətdən devirmək üçün Liviyaya hava hücumu üçün Britaniya və Fransaya qoşuldu. Bundan sonra yaranan xaos nəticəsində isə ABŞ səfiri və başqa amerikalı diplomatlar qətlə yetirildi, islamçı ekstremistlər üçün Qəddafinin qonşu ölkələr və Amerika üçün yaratdığından daha böyük təhlükə təşkil edən sığınacaq yarandı. Suriyada vətəndaş müharibəsinin başlanğıcında prezident Bəşər əl-Əsəd Amerika üçün birbaşa təhlükə yaratmasa da, Obama administrasiyası onun hakimiyyətdən getməsini tələb etdi. Nə Obama administrasiyası, nə də Konqres üzvləri Suriyanın müxalifət qrupunda daha mötədil qüvvələrin yox, islamçı ekstremistlərin üstünlük təşkil edəcəyi və Əsədi devirməyin asan olmayacağı xəbərdarlıqlarını ciddi qəbul etmədi.

Rusiyanın Ukraynadakı əməliyyatlarına ABŞ-ın qarşılıq verməsi ABŞ və Rusiya arasında müharibəyə səbəb ola bilərmi? Belə bir ehtimal ağlasığmazdır. Ancaq hər hansı bir ehtimalın "ağlasığmaz" olduğunu dedikdə nəyinsə mümkünlüyü yox, təsəvvürə gətirə biləcəyimiz şeyləri nəzərdə tuturuq. İraq, Liviya və Suriyada göründüyü kimi siyasi liderlər narahatlıq yaradan məsələləri təsəvvürlərinə gətirməkdə çox vaxt çətinlik çəkirlər.

Ukrayna ilə bağlı Rusiya ilə yaranan qarşıdurma haqqında getdikcə yayılan fikirlər bu modelə uyğun gəlir. Slobodan Miloseviç, Səddam Hüseyn və Müəmmər əl-Qəddafinin hakimiyyətdən devrilmələri amerikalıların əksəriyyəti üzərindəki birbaşa təsiri məhdudlaşdırdığından o qədər də təəccüblü deyil ki, ABŞ siyasətçiləri və analitiklərinin əksəriyyəti fərz edir ki, Ukrayna ilə bağlı Rusiyaya etiraz edilməsi və Moskvanı beynəlxaq ictimaiyyətdən təcrid edib iqtisadi baxımdan şikəst edilməsinin əvəzi o qədər böyük olmayacaq. Hər şeydən əvvəl, Vaşinqtonda Rusiya məsələsi hər açılanda deyilən cümlə çox vaxt bu olur ki, Rusiyanın artıq elə də əhəmiyyəti yoxdur. Paytaxda Rusiyanı alçaltmaqdan ən çox zövq alan İslam dövləti və Ebola ilə birgə Rusiyanı fəlakət siyahısına salan Obamadır.

Bütün bunlara baxmayaraq, Rusiya ABŞ-ın rejim dəyişikliyini dəstəklədiyi digər ölkələrdən çox fərqlidir. Birincisi və ən önəmlisi, Rusiyanın ABŞ-ı sözün əsl mənasında xəritədən silə biləcək potensiala sahib nüvə arsenalı var. Bir çox amerikalı beynəlxalq siyasi fəaliyyətdə nüvə silahlarına artıq ehtiyac olmadığına özünü inandırsa da, Moskvadakı rəsmilər və generallar fərqli düşünürlər. İkincisi, amerikalıların öz ölkələrini necə görmələrindən asılı olmayaraq, ruslar öz ölkələrini böyük qüvvə hesab edirlər. Böyük qüvvələr isə başqa dövlətlərin strategiyaları üçün vasitə olmağa nadir hallarda razı olur, mümkün olan yerlərdə öz talelərini özləri həll edirlər.

Hazırkı münaqişənin müharibə səviyyəsinə necə çatmasını dəyərləndirərkən üç əsas faktor nəzərə çarpır: Rusiyanın qərarları, Rusiyanın siyasi fəaliyyəti və ABŞ və Rusiya arasındakı əlaqələrin gedişatı.

Rusiyada qərarların qəbulu ilə əlaqədar onu demək olar ki, Putin həm ölkə daxilində, həm də ölkə xaricində birtərəfli qərar verməsi ilə tanınır. Belə ki, Putin çox az müşavirdən fikir alır, bu müşavirlərin heç biri isə onun fikirlərinə etiraz etməyə hazırlıqlı olmur. Bu proses də Putinin bütün nəticələri, mənfi və müsbət tərəfləri tam şəkildə nəzərə alaraq qərar qəbul etməsinə kömək etmir.

Bundan başqa, Rusiyada həm elit, həm də ictimai səviyyədə siyasi mühit Putini güzəştə getmək əvəzinə tələbləri artırmağa cəsarətləndirir. Getdikcə daha çox hərbi və milli-təhlükəsizlik rəsmiləri Ukrayna böhranında ABŞ və Avropaya qarşı daha sərt münasibəti dəstəkləyir. Bu, onların baş nazir müavini İqor Şuvalov və xarici işlər naziri Sergey Lavrov kimi nisbətən mötədil rəsmilərə hücumlarında açıq-aydın görünür. Onların fikrinə görə, mötədillər ABŞ-la Avropanın Rusiya üçün yaratdığı təhlükənin böyüklüyünü görmürlər. Onlar Krımda olduğu kimi hərbi gücdən istifadə etməklə Rusiyanın maraqlarını irəli aparmağı və Moskvanın şərtlərini qəbul etməsi üçün Qərbə təzyiq göstərməyi tövsiyyə edirlər. Getdikcə daha çox millətçiliyə yönələn Rusiya cəmiyyəti də bu yanaşmanı dəstəkləyir. Putin öz vətənpərvər çıxışları və Qərbi sərt şəkildə ittiham etməsilə bu millətçi hisslərin artmasına səbəb olub. Beləliklə, Rusiyada həm hərbçilər, həm də sıravi vətəndaşların bir çoxu Rusiyanın nüvə arsenalından təkcə təhlükəsizlik vasitəsi kimi yox, eyni zamanda nüvə silahı olmayan və ya nüvə bombasını partlatmaq haqqında düşünməyən başqa qüvvələrə qarşı istifadə edilməsinin tərəfdarıdır.

Gözləntilərin əksi kimi görünsə də, Rusiyanın zəifləyən iqtisadiyyatının cəmiyyətin güzəştə gedilməsi üçün təzyiq göstərməsinə səbəb olacağı ehtimalı da azdır. Digər tərəfdən, enerji qiymətlərinin aşağı olması nəticəsində iqtisadiyyata dəyən zərər Putinin xarici siyasətdəki rahatlığını azaldır. Rusiya prezidenti göstərməlidir ki, ölkəsinin çəkdiyi əziyyətə dəyib. Geri çəkilməsi isə Putinin yaratdığı "güclü şəxsiyyət" obrazına ciddi zərər verə bilər. Ruslar sanksiyaların Putindən daha çox sıravi vətəndaşlara zərər verdiyini düşnür və liderlərinin təslim olmasını yox, mübarizə aparmasını istəyirlər. Bir çoxları üçün Rusiyanın ləyaqəti təhlükədədir.

Əsas sual isə budur ki, Putin kimi dəstəkləyəcək? Nisbətən mötədil qrupları, yoxsa güc tətbiqinin tərəfdarı olanları? Putin indiyə qədər iki qrup arasında bərabər fəaliyyət göstərib. Belə ki, separatçılara məhdud da olsa, effektiv dəstək göstərən Rusiya eyni zamanda Qərblə, yaxud ən azından Avropa ilə əlaqələrini bərpa etməyə ümid edib.

Hal-hazırda üstünlüyü saxlayan mötədillər heç də az rol oynamayıblar, belə ki, Putin həm nazirlər kabinetində, həm də prezident administrasiyasında hökumətini möhkəm saxlayıb. Putinə sadiq və onun istəklərini həyata keçirməyə hazır olan komanda əsas etibarilə, iqtisadi sahədə Qərblə qarşılıqlı asılılıq yaratmaqda və ABŞ-la onun müttəfiqləri tərəfindən formalaşdırılan dünya nizamında Rusiyanı əsas qüvvələrdən birinə çevirməkdə təcürbələri olan rəsmilərdən ibarətdir.

Xarici işlər naziri Lavrov və digərləri daha praqmatik yanaşma ilə bildirirlər ki, Rusiya açıq qapı qoyarsa, Moskva ABŞ və Avropa ilə hələ də iş görə bilər. Güc tətbiqinin tərəfdarları isə buna etiraz edərək təkidlə bildirirlər ki, Qərb Rusiyanın siyasətinin yumşaldılmasını zəiflik hesab edəcək. Özlərini realist kimi qələmə verən bu qrup iddia edir ki, NATO Putini devirməkdə qətiyyətlidir.

Putinin indiyə qədər fəaliyyətini kəskin şəkildə dəyişmək istəməməsi onun Şərqi Ukraynada apardığı, Rusiyanın münaqişəyə rəsmi şəkildə girməyinə ehtiyac olmadan separatçılara kömək edən hibrid müharibəni izah edir. Bu, eyni zamanda separatçılara hərbi yardım göstərdiyini inkar etməsini də vurğulayır.

Ancaq Putinin həm mötədillərin məqsədlərini izləməsi, həm də Ukraynadakı separatçılara kömək etməyə çalışması sonsuza qədər davam edə bilməz. Putinin müşavirləri Qərb-Rusiya əməkdaşlığının bərpa ediləcəyi ümidlərini getdikcə itirirlər, çünki ABŞ və Qərb liderləri Rusiyanın minimal tələblərini belə qarşılayacaq heç bir həll yolunu qəbul etməyəcək. ABŞ və Avropa İttifaqının sanksiyaları qaldırması həmişəki kimi biznesi bərpa etsə belə, Rusiyanın qürurundan əl çəkib güzəştə getməsini istəyəcəklər. Ancaq Rusiyaya qarşı sanksiyalar, maliyyə bazarlarından təcrid və Qərb texnologiyasından məhrumedilmə davam etdirilərsə, Rusiya öz müstəqil yolunu izləməli olacaq. Putin isə hələ Qərbin tələbləri ilə razılaşmaq və birbaşa münaqişəyə girib Ukraynadan kənarda belə Qərbin maraqlarına qarşı güc tətbiq etmək arasında qərar verməyib.

Sanksiyalardan əlavə iki ehtimal da Putini çətin vəziyyətdə qoya bilər. Bunlardan biri separatçıların hərbi məğlubiyyəti ehtimalı, digəri isə Ukraynanın NATO-ya daxil olmasıdır.

Putinin mövqeyində həlledici dəyişikliyə səbəb ola biləcək mümkün amilləri tapmaq üçün o qədər böyük təxəyyülə ehtiyac yoxdur. Ən mümkün amil ABŞ-ın Ukraynanı silahla təmin etmə qərarı ola bilər. Bəs Putin hökumətində ABŞ-ı bu qərarı verməyə cəlb etmək istəyənlər ola bilərmi? Bu, ilk baxışda o qədər də mümkün görünməsə də, Putinin ətrafındakılardan bəzilərinin hətta, bəlkə də, Putinin öz razılığı ilə planı budur. Belə ki, bu, həm taktiki, həm də strateji tərəfi olan bir hiylədir.

Taktiki baxımdan, Obamanın ABŞ-ın Ukraynaya silah göndərməsi ilə bağlı elan verməsi Putin üçün inkar etdiyi vəziyyətdən asan çıxış yolu təmin edə bilər. Rusiya tərəfdarı siyasətçilər və separatçı liderlərin Moskvanın köməyini televiziya kanallarında tərifləmələrinə baxmayaraq, Putin və onun hökuməti dəfələrlə bildirib ki, Rusiya münaqişədə iştirak etmir.

Belə bir elan Putinin öz iddialarını təsdiqləməsinə də kömək edər. O, ABŞ-ın demokratik yolla seçilmiş sabiq Ukrayna prezidenti Yanukoviçin devrilməsini və hazırkı hökumətin şərqi Ukraynadakı ruslara qarşı müharibəsini dəstəklədiyini iddia edib. Ukraynanın açıq şəkildə silahla təmin edilməsi ilə Amerikanın gizli fəaliyyətinin üstü açıla və Rusiyanıın silah və hətta ordu ilə qarşılıq verməsinə haqq qazandıra bilər.

Strateji baxımdan isə, rəqabət iqtisadi sahədən hərbi sahəyə keçməklə Putin zəif tərəfdən güclü tərəfə keçə bilər. Hərbi sahədə Putinin üstünlüyü çoxdur. ABŞ Kiyevi Rusiyanın cavab verə bilməyəcəyi bir silahla təmin edə bilməz. Putin silahları quru, dəniz, qatar və hava yolu ilə göndərə bilər, ABŞ isə daşınma məsələsində çətinlik çəkəcək. Ukraynanın hərbi qüvvələrində Putinin yüzlərlə, bəlkə də, minlərlə agent və əməkdaşı var. Ən önəmlisi isə, Putinin artıq göstərdiyi kimi, Rusiyanın hərbi qüvvələri təkcə separatçılara məsləhət verməyə yox, eyni zamanda onlarla birgə döyüşməyə də hazırdırlar.

Göründüyü kimi Rusiyanın iqtisadi sahədən daha çox hərbi sahədə üstünlüyü var. Avropa müharibə aparmağa istəkli görünmür. ABŞ, heç şübhəsiz, yer üzündə ən güclü hərbi qüvvələrə sahib olsa da və bütün döyüşlərdə qalib gəlsə də, Vyetnam və İraqda olduğu kimi müharibədə qalib gəlmək potensialı, belə görünür, o qədər böyük deyil.

ABŞ və Rusiya arasındakı qarşıdurma kəskinləşdikdən sonra hər iki tərəfin hərbçiləri böyük rol oynayacaq. Birinci dünya müharibəsi ərəfəsində bütün dünyanın şahidi olduğu kimi təhlükəsizlik dilemması ortaya çıxanda bir tərəfin ehtiyat tədbiri hesab etdiyini digər tərəf hücum ehtimalı üçün sübut hesab edə bilər. Belə ki, komandirlər məqsədlər yox, potensial baxımından düşünməlidirlər. Bu da onları taktiki cəhətdən tədbirli olmağa yönəltsə də, strateji cəhətdən vəziyyətin düzgün qiymətləndirilməməsinə səbəb ola bilər.

Latviya, Estoniya və Litva NATO-nun zəif tərəfini təşkil edir. Bu ölkələr ittifaqın 5-ci maddəsi ilə qorunur, belə ki, bu ölkələrdən birinə edilən hücum digərlərinə də hücum deməkdir. Ona görə də, ABŞ Baltik dövlətlərinə hücumların qarşısını almağa və müdafiə etməyə məsuliyyət daşıyır. Rusiyaya yaxınlığını və rusdilli azlıqların sayını nəzərə alsaq, bu, çox çətin bir vəzifədir.

Hal-hazırda Rusiyanın Mərkəzi və Şərqi Avropada ənənəvi və taktiki nüvə silahları ilə bağlı üstünlüyündən necə istifadə edilə biləcəyi haqqında müzakirələr gedir. Putin Krımın geri alınması üçün istənilən cəhdi dəf etmək üçün nüvə silahlarından istfadə edə biləcəyini açıq şəkildə bildirib və Krım əməliyyatında Rusiyanın nüvə arsenalına arxalandığını qeyd edib. Bu müzakirələrdə Prezident Obamanın Riqa, Tallin və Vilnüsü qorumaq üçün Çikaqo, Nyu-York və Vaşinqtonu risk edib-etməyəcəyi sualı verilib. Əgər Rusiyanın hərbi qüvvələri Estoniya və ya Latviyanı ələ keçirəsi olsaydı, ABŞ nə edərdi? Estoniya və Latviyanı geri qaytarmaq üçün amerikalıları döyüşə göndərərdimi?

ABŞ super güc kimi öz etibarını qorumaqda və NATO ittifaqının, yəni NATO müttəfiqlərinin hər birinin təhlükəsizliyini təmin etməkdə maraqlıdır. Putinin Ukraynada məhdudlaşdırdığı hədəfləri Rusiyanın ciddi müqavimətlə üzləşmədiyi halda daha işğalçı xarakter ala bilər. ABŞ yenə də Kiyev kimi müttəfiqlərində Moskvaya qarşı istənilən yardımı göstərəcəyi hissini yaratmamalıdır. Hərbi qüvvə və sanksiyalar kimi iqtisadi yolla müharibə xarici siyasətin ayrılmaz vasitələridir. Sağlam strateji düşüncə və diplomatiya olmadan bu vasitələr öz sonlarını gətirə bilər.
 

4npress.com