Rusiya Müdafiə Nazirliyi bu sirri nə qədər gizli saxlasa da, nəhayət ötən bazar ertəsi ictimaiyyət ən yeni zirehli maşını örtüksüz görə bilib.
Yeni hərbi maşınların flaqmanı - T-14 tankı "Armata", poliqondan çıxıb Moskvaya göndərilmək üçün dəmir yoluna gedərkən dərhal bir avtomoblçinin kamerasına düşüb. O vaxtdan bəri bu videoya 6, 5 milyon baxış olub.
BBC Rus xidməti yeni silah barədə Rusiya, Ukrayna və Böyük Britaniyadan olan hərbi ekspertlərlə söhbət edib və onların ortaq mövqeyi belədir ki, Moskva zirehli texnikanın istehsalı sahəsində ciddi sıçrayış edə bilib.
Bununla belə, 9 may paradına çıxarılacaq yeni zirehli texnika hələlik yalnız istehsalqabağı nümunələrdir və hələlik silahlı qüvvələrin cəbbəxanasına daxil olmayıb.
Bu maşınlar hələ dövlət baxışından keçəcək və onlara, ehtimal ki, müəyyən dəyişikliklər ediləcək.
Üçüncü dünya müharibəsinin tankı?
Yeni tanklar və zirehli maşınlar ilk dəfə olaraq örtüksüz görünsə də, onların texniki keyfiyyətləri barədə çox da geniş bilgilər yoxdur. Söhbət ilk növbədə optik və elektron cihazlardan gedir. Məhz bu cihazlar T-14-ün əsas məziyyətidir.
BBC-nin Rus xidmətinə müsahibəsində zirehli texnika üzrə Ukrayna eksperti Andrey Tarasenko deyib ki, zahiri görünüşü T-14 yaradıcılarının başlıca diqqətlərini onun ön zirehinə verdiklərini nümayiş etdirir. Bu isə o deməkdir ki, bu maşın kütləvi tank döyüşləri üçün nəzərdə tutulub.
"Tankın içində üç nəfər çiyin-çiyinə əyləşib, lakin bununla belə, standart ölçülər böyüdülməyib. Çünki tankın dəmir yolu vaqonlarına yüklənib yerdən-yerə daşınması var. Yəni onun korpusunu böyütmək mümkün deyildi. Buna görə də biz görürük ki, ekipajın çiyinləri tankın yan bortuna söykənir. Onun qalınlığı isə elə T-72 tankında olduğu kimidir" - deyir Tarasenko.
Suriya və İraqdakı kimi müasir münaqişələr göstərir ki, tanklar adətən yan tərəfdən hücuma məruz qalırlar.
"Bu tank tammiqyaslı münaqişələr, deyək ki, üçüncü dünya müharibəsi üçün nəzərdə tutulub" - deyir ekspert.
Zireh
Lakin Ruisya hərbi ekspertlərindən Viktor Muraxovski deyir ki, bu tankın texniki həllində, yarısferik qüllə də nəzərə alınmaqla, onun bütün bucaqlardan qorunması nəzərdə tutulub.
Ekspert bu qənaətdədir ki, qorunma səviyyəsinə görə bu tankın dünyada analoqu yoxdur və tezliklə olmayacaq.
Muraxovski əlavə edib ki, tankın hər hansı münaqişə tipində işlədilməsi zamanı başqa tırtıllı texnikanın da iştirakı nəzərə alınır.
Lenta.ru saytının hərbi icmalçısı Konstantin Boqdanov bu fikirlə razıdır və deyir ki, küçə döyüşlərində istifadə olunan tanklar üçün elə onların əsasında ağır PDM-lər (piyadaların döyüş maşını) yaradılır.
Ekspert deyir ki, T-14 düzənlik döyüşləri üçün universal tank hesab oluna bilər.
Nümunələr
Ekspertlər qeyd edirlər ki, Qələbə paradında nümayiş etdiriləcək texnika nümunələri hələlik yalnız prototiplərdir. Bunlar hələ zavod sınaqlarından keçirilməlidir.
Bu tankların dövlət sınaqlarından bu ilin sonlarında və ya gələn il çıxacaqları gözlənilıir.
Andrey Tarasenko isə deyir ki, yeni tankın inqilabi dizaynı, onun, habelə orta tırtıllı "Kurqanets" və təkərli "Bumeranq" PDM-lərinin üzərində hələ çox iş görülməsini tələb edir. Belə bir tamamlama işi bütün ölkələrə xas cəhətdir.
Konstantin Boqdanov hesab edir ki, T-14-ün gələcək təkamülü onun sadələşdirilməsi istiqamətində gedəcək.
Onun fikrincə, bu maşının dizaynı "Uralvaqonzavod"un əlində olan bütün texnologiyaları nümayiş etdirir.
Ekspert hesab edir ki, yalnız sınaqların nəticəsində bu tanklarda daha təkmil texnologiyalardan istifadə barədə qərar qəbul edilə bilər. Bu da ola bilər ki, tankda daha sadə və kütləvi istehsal üçün daha ucuz texnologiyalar istifadə olunsun.
NATO-ya meydan?
Andrey Tarasenkonun sözlərinə görə, bu tankın gözə görünən bəzi qüsurlarına baxmayaraq, T-14 Rusiyanın ABŞ və Almaniya kimi aparıcı tank istehsalçıları ilə ayaqlaşa bildiyini ciddi şəkildə nümayiş etdirir.
"Bu tank Avropa ölkələrində və Rusiyaya qonşu ölkələrdə müdafiə qurğuları tikintisinin aspektlərini dəyişə bilər" - deyir ekspert.
Onun fikrincə, Qərb yaxın illərdə "Armata"ya cavab olacaq texnika növlərini hazır edəcək.
Britaniya hərbi eksperti Paul Beaver deyir ki, ABŞ və Birləşmiş Krallıq Rusiyada yeni texnikanın yaradılmasına əsasən artıq mövcud texnikalarının modernizasiyası ilə cavab verir.
"Qərbdə indi yeni tank yaratmaq planları yoxdur" - deyir britaniyalı ekspert.
Paul Beaverin sözlərinə görə son 20-30 ildə Qərb ölkələri bütün problemləri artıq mövcud zirehli texnika ilə həll ediblər.
Onun fikrincə, "Armata"nın yaradılmasına Qərbdən reaksiya olacağını düşünmək üçün əsas yoxdur.
"Hazırda Qərb və Rusiya arasında silahlanma yarışı yoxdur" - deyib ekspert.
Milli.Az