"Killer özünü dəliliyə vurur, qətlin sifarişçisini isə "şahid"ə çeviriblər"

7 May 2015 12:45

"Qardaşımın qatili özünü qərəzli aparır, qətlin sifarişçisinin ortaya çıxarılmasını istəmir. Sifarişçi isə məhkəməyə şahid kimi dəvət olunur".

Bu sözləri virtualaz.org saytına açıqlamasında Qəbələ rayonunda baş vermiş silahlı insident zamanı qətlə yetirilən biznesmen Eldar Kərimovun qardaşı Sədiyar Kərimov deyib.

Sədiyar Kərimovun sözlərinə görə, sözügedən cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi başlayıb, təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına yalnız Ariz Rəsulzadə çıxarılıb: "Əsl cinayətkar qalıb qıraqda, məhkəmə qarşısına killeri çıxarıblar. O da özünü ruhi xəstə kimi qələmə verir, özünü dəliliyə vurur. Arizin ruhi xəstə olması ilə bağlı saxta sənədlər düzəldərək onu məsuliyyətdən yayındırmaq istəyirlər, artıq bu barədə saxta rəy də alıblar. Bu adamın hüquqlarını üç vəkil müdafiə edir. Hakimin və prokurorun suallarını özünə sərf edən şəkildə cavablandırır, bəzi suallardan yayınır, bizim vəkilimizin suallarını cavablandırmaqdan isə ümumiyyətlə imtina edir.

Hamı bilir ki, qardaşımın qətlinin sifarişçisi Rahim Rəsulovdur, ölümü birbaşa o sifariş edib. Rahimin əmisi oğlu Ariz Rəsulzadə isə məhkəməyə verdiyi sərbəst ifadəsində bunu boynundan atır, guya qardaşımı söyüş söydüyünə görə vurduğunu deyir. Hakim ondan həmin gün ticarət mərkəzinə hansı məqsədlə getdiyini, özü ilə niyə silah apardığını dəfələrlə soruşsa da cavab vermir. Hadisə baş verən gün Arizlə Rahim arasında bir neçə dəfə telefon danışığı da olub. Amma prokurorluq orqanları bunu araşdırmayıblar".

Şikayətçinin sözlərinə görə, mərhum qardaşı Eldar Kərimovla Rahim Rəsulov arasında yaranan insidentə səbəb "Qəbələ" ticarət mərkəzinin sonuncu tərəfindən ələ keçirilməsi istəyi olub: "Sözügedən ticarət mərkəzi qardaşıma məxsus olub. Qardaşım Eldar ticarət mərkəzinin birinci mərtəbəsini Rahim Rəsulova icarəyə vermişdi. Rahim icarə haqqını ödəyə bilmirdi, 70 min manat borcu yaranmışdı. Sonradan 35 min manatını verdi, yerdə qalanını hissə-hissə ödəyəcəyini desə də, ödəmək istəmirdi. Qardaşım da bu səbəbdən obyekti boşaltmağı tələb etmişdi. Rahim isə ticarət mərkəzinə şərik olması iddiası ilə Qəbələ Rayon Məhkəməsinə mülki qaydada şikayət etmişdi. Həmin ticarət obyekti qardaşımın qanuni mülkiyyətində idi. Hadisədən bir il öncə Rahim Rəsulov qardaşımın əmlakını ələ keçirmək üçün müxtəlif kriminal adamların vasitəsilə ona hədə-qorxu gəlirdi. Ariz Rusiyadan qayıdandan sonra isə hədə-qorxular səngimək bilmədi".

Mərhumun qardaşı hadisənin polis və prokurorluq orqanlarının bu işə məsuliyyətsiz yanaşması ucbatından baş verdiyini deyir: "Əgər qardaşımın şikayət ərizəsi vaxtında araşdırılsaydı, bu işə məsuliyyətsiz yanaşılmasaydı, bu hadisə də baş verməzdi. Qəbələ Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları Əfqan Bəkirov Ramil Kazımov barəsində heç bir tədbir görülmədi. Əfqan Bəkirov hazırda Mingəçevir Rayon Polis Şöbəsində əməliyyatçı işləyir. Bu iki şəxs qardaşımdan izahat almışdı, onu dindirmişdi".

S.Kərimovun sözlərinə görə, mərhum Eldar Kərimovun Qəbələ Rayon Prokurorluğuna yazdığı 5 oktyabr, 2012-ci il tarixli ərizəsində qeyd olunur ki, əgər o, "Qəbələ" ticarət mərkəzindən təcili çıxmasa, Ariz Rəsulzadə tərəfindən öldürüləcək: "Cənab prokuror, özünü lənkəranlı, kriminal aləmdə "Ağsaqqal" adlandıran və Cavanşir kimi təqdim edən şəxs mənə zəng vurub obyektdən məhkəməsiz əl çəkməyə, guya obyektin Rahim Rəsulova məxsus olduğunu, o isə onu əmisi oğlu Arizə (Moskva şəhərində həbs olunaraq Rusiyada cəza çəkmiş, guya orada avtoritet olmuş Ariz Rəsulzadəyə) bağışladığını bildirdi. Mən əgər həmin obyektdən təcili çıxmasam, Ariz tərəfindən həyatıma sui-qəsd edilərək öldürüləcəyimi dedi.

Bu barədə Qəbələ Rayon Polis Şöbəsində polis mayoru Ramil müəllimə yazılı şəkildə ərizə ilə müraciət etdim. Ancaq bu günə qədər polis şöbəsindən mənə bu iş barədə heç bir məlumat verilməyib. Odur ki, sizdən xahiş edirəm ki, bu ərizəni nəzarətinizə götürəsiniz və həmin şəxsin tapılmasını təmin etməklə mənim konstitusion haqlarımı qoruyasınız".

Sədiyar Kərimov daxili işlər naziri Ramil Usubovla görüşmək istəsə də, buna heç cür imkan yaradılmadığını bildirir: "Baş verənlərlə bağlı lazımi instansiyalara dəfələrlə müraciət etmişəm. Daxili işlər naziri ilə görüşmək istəsəm də, məni qəbul etmirlər. Nazirlə görüşüb bu məsələni birbaşa onun özünə çatdırmaq istəyirəm".

Qeyd edək ki, Eldar Kərimov 2013-cü il, dekabr ayının 13-də rayon sakini Ariz Rəsulzadə tərəfindən qətlə yetirilib. Ariz Rəsulzadə "Vinçester" markalı ov tüfəngindən atəş açaraq Eldar Kərimovu və onun işçisi Vasif Dadaşovu rayon mərkəzində, əhalinin gözü qarşısında güllələyib. Hər iki şəxs aldıqları güllə yarasından keçinib. Güllə alış-veriş üçün ticarət mərkəzinə gələn Zöhrab Cavadovdan da yan keçməyib. Çiynindən yaralanan Zöhrab Cavadov təcili xəstəxanaya çatdırılıb və həkimlərin köməyi ilə ölümün pəncəsindən xilas edilib.

Milli.Az