Türk ölkələrinin seyrinə velosipedlə çıxıb - FOTO

6 May 2015 19:57
Mühüm coğrafi məkanda yerləşən və gözəl təbiətə malik olan ölkəmiz vaxt ötdükcə daha çox turist tərəfindən ziyarət olunur. Həmçinin digər ölkələrə səfər edənlər də yolunu məhz buradan salmağa, əsrarəngiz gözəlliklərin seyrindən zövq almağa çalışırlar. Elə velosipedlə səyahətə çıxmış türkiyəli turist kimi. Milli.Az CTV-yə (Region TV-yə) istinadən bildirir ki, bir neçə gün ölkəmizdə olan veloturçu təəssüratlarını bizimlə bölüşdü.

45 yaşlı Türkiyə vətəndaşı, ixtisasca menecer olan Camal Atasoy velosipedlə uzun bir səfərə çıxmaq qərarına gəlib.Türkiyə və Gürcüstandan sonra indi də Azərbaycanda olan Camal bundan sonra da İran,Türkmənistan,Özbəkistan, Tacikistan və Qırğızıstanı gəzib dolaşmaq niyyətindədir. Bununla o ipək yolunu keçməklə türk xalqlarının yaşayışını və adət ənənələrini əyani şəkildə görmək istəyir.

Camal Atasoy: "Türk coğrafiyasına aid əraziləri gəzib dolaşmaq, türk qardaşlarımızın necə yaşadığını görmək və bir xalq olaraq özümüzü, irsimizi daha dərindən öyrənmək istəyirəm. Həmçinin də maraqlı yerlərdən, gözəl məkanlardan fotolar çəkirəm".

Azərbaycana səfərini Zaqataladan başlayan veloturçu ölkəmizdə olduğu 9 günü xoş anlar kimi xatırlayacağını deyir. Xüsusilə də təbiəti və insanların dost münasibətini.

Camal Atasoy: "Təbiətindən çox zövq aldım buranın, xüsusən yaşıllıqlardan. Bilmirəm türk olduğumdanmı, ya nədənsə insanlar da çox mehriban yanaşırlar. Çaya dəvət edən kim, yeməyə dəvət edən kim. Gecələmək üçün yer təklif edənlər də çoxdur."

Bu səbəbdən də heç yorulmadığını deyən Camal Atasoy qətiyyətlə Orta Asiya səyahətini reallaşdırmaq niyyətindədir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.