İçərişəhər, Atəşgah məbədi və Qala qoruğu qonaqları qarşılamağa hazırdır

6 May 2015 20:15

Birinci Avropa Oyunlarını izləməyə gələcək turistlərin Azərbaycan mədəniyyəti haqqında geniş məlumatlar əldə etməsi üçün bütün şərait yaradılacaq

Tezliklə vətənimizdə "Bakı 2015" Birinci Avropa Oyunları keçiriləcək. Bu məqsədlə hazırlıq işləri davam edir. İlk Avropa Oyunlarına ev sahibliyi edəcək ölkəmizi Avropa bayramı hesab edilən oyunlar zamanı çoxsaylı qonaqların ziyarət edəcəyi gözlənilir. Bu isə Azərbaycanın, o cümlədən mədəniyyətimizin dünyada daha da yaxşı tanıdılması və təbliği üçün gözəl fürsətdir. Paytaxtımız bu mötəbər tədbir üçün sanki idman əhval-ruhiyyəsinə bürünüb, desək, yəqin ki, yanılmarıq. Şəhərin libasını dəyişən stendlər, reklam çarxları, Birinci Avropa Oyunlarının milli atributları qarşıdan gələn əlamətdar tarixi hadisədən bir növ xəbər verir.

Ötən gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev I Avropa Oyunları ilə əlaqədar turistlərin tarixi abidələrimizi görmələri üçün bütün şəraitin yaradılacağını, Bakı və digər regionlarda ən cəlbedici, maraq kəsb edən tarixi abidələrlə bağlı müvafiq turist proqramlarına başlanıldığını qeyd etmişdi. Onun sözlərinə görə, bələdçilərin hazırlanması ilə bağlı lazımi işlər görülür: "I Avropa Oyunları zamanı qoruqlar və tarixi abidələr ziyarət olunacaq. Belə ki, qonaqların əksəriyyətinin əhatə olunması şərti ilə xüsusi cədvələ uyğun iş həyata keçiriləcək. Bakıda həm otellərdə, həm Olimpiada düşərgəsində, həm də paytaxt sakinləri üçün ekskursiya təşkil olunacaq. Artıq hazırlıqlar gedir".

Biz də tarixi abidələrimizin, qoruqlarımızın Avropa Oyunlarına necə hazırlaşdıqları, turistlər üçün tur-paketləri ilə maraqlandıq. Aydın oldu ki, milli mədəniyyət müəssisələrimizin rəhbərlikləri Avropa Oyunlarına tam hazırdırlar.

Azərbaycanın maddi mədəniyyət abidələri sırasında Bakının Suraxanı rayonunda yerləşən, UNESCO-nun "Dünya irsinin ilkin siyahısı"na daxil edilən "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun özünəməxsus yeri var desək, yanılmarıq. İlk Avropa Oyunları zamanı ölkəmiz növbəti dəfə öz qüdrətini, xalqımızın qonaqpərvərliyini, Azərbaycanın dinamik inkişafını Avropaya və beləliklə, bütün dünyaya nümayiş etdirmək üçün lazımi işlər görür. I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva hələ Təşkilat Komitəsinin ilk iclasında bildirmişdi ki, Oyunlara ev sahibliyi edən Bakı şəhərinin tədbirə hazırlanması xüsusi önəm daşıyır və bu sırada turizm marşrutlarının və mədəni proqramların tərtib edilməsi xüsusi əhəmiyyətə malikdir. Atəşgah məbədi isə tarixi əhəmiyyətinə görə ən maraqlı abidələrdən biri sayılır. Atəşgah XVII-XVIII əsrlərdə təbii qazların çıxdığı əbədi, sönməz alovların yerində inşa edilən od məbədidir. İndiki ibadətgah da atəşpərəstlərin - zərdüştlərin qədim məbədlərinin yerində tikilib. Bu məbədlər təqribən II-III əsrlərdə inşa olunub. XVII əsrdə məbədin ətrafında bir-birinin yanında ibadətxana, 26 hücrə və karvansaray inşa edilib.

"Atəşgah" abidə kompleksinin direktoru Rəşid Babayi bizimlə söhbətində Avropa Oyunlarına ciddi şəkildə hazırlaşdıqlarını bildirdi: "Biz də digər mədəniyyət ocaqları kimi vətənimizdə keçiriləcək Avropa Oyunlarına hazırlaşırıq. Artıq demək olar ki, hazırıq. Atəşgaha təşrif buyuracaq əcnəbi turistləri qəbul edəcək, bura ilə bağlı bütün məlumatları onlara çatdıracağıq. Bizim müxtəlif dilləri bilən bələdçilərimiz var ki, onlar xarici turistlərin kifayət qədər məlumatlanması üçün əllərindən gələni edəcəklər. Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycanla tanış olmağa gələn turistləri yüksək səviyyədə qarşılamaq bizim borcumuzdur. Bundan başqa, Atəşgah məbədində milli atributlarımızı əks etdirən suvenir dükanları var ki, buraya təşrif buyuran turistlər Azərbaycandan bir xatirə aparmaq imkanı əldə edəcəklər. Əminəm ki, turistlər Azərbaycandan məmnun şəkildə ayrılacaqlar".

Avropa Oyunları ilə bağlı İçərişəhərdə və Qala qoruğunda da bir sıra tədbirlər keçiriləcək. Bununla bağlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev APA-ya verdiyi açıqlamada deyib ki, Avropa Oyunları ilə bağlı tədbirlər çərçivəsində iyunun 11-dən 14-dək İçərişəhərdə VI Qız Qalası festivalı təşkil olunacaq: "Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən festivala dünyanın bir çox ölkəsindən rəssamlar dəvət edilib. Onlar Qız Qalasının qarşısında qalanın maketlərini bəzəyirlər. Həmin maketlər həm Bakıda, həm də dünyanın bir çox ölkəsində nümayiş olunacaq. Bununla da Qız Qalası, İçərişəhər, ümumiyyətlə Azərbaycan mədəniyyəti haqqında məlumatlar əldə edilməsinə imkan yaradılacaq".

S.Nuriev qeyd edib ki, İçərişəhər və Qala qoruqlarına gələn qonaqlar üçün bələdçi xidmətləri tam hazırdır. Artıq bələdçilərin sayı da artırılıb: "Eyni zamanda, qonaqlar sayı çox olacağı üçün bu prosesə könüllülərin də cəlb olunması vacibdir. Könüllülərin xarici dil bilməsi, tariximiz, İçərişəhər haqqında məlumatlara sahib olması zəruridir. Məhz bu məqsədlə hazırda onlar üçün kurslar təşkil olunub. İçərişəhərin ərazisində audio-bələdçilər də fəaliyyət göstərir. Onların sayı artırılıb".

İdarənin rəisi əlavə edib ki, İçərişəhərdə fəaliyyət göstərən muzeylər hazır vəziyyətdədir. Avropa Oyunları zamanı muzeylərin iş vaxtının artırılacağını deyən S.Nuriyev qeyd edib ki, ilkin plana əsasən, muzeylər axşam saat 9-10-na kimi fəaliyyət göstərəcək: "İçərişəhərdə fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin idarəediciləri ilə də görüşlər keçirilib. Bu gün tam əminliklə deyə bilərik ki, qonaqların qəbul edilməsi, İçərişəhər haqqında tam dolğun məlumatın verilməsi üçün tam hazırıq. Avropa Oyunlarının şahidi, iştirakçısı olmaq üçün Bakıya çoxlu sayda idmançı, onların azarkeşi, KİV nümayəndələri təşrif buyuracaq. Onlar oyunlar çərçivəsində Bakı haqqında, qədim tariximiz, zəngin mədəniyyətimiz haqqında məlumat alma imkanı əldə edəcəklər".

Qeyd edək ki, muzeylərdən əlavə, İçərişəhərdə müxtəlif qalereyalar və sərgi zalları fəaliyyət göstərir ki, turistlər burda rəssamların, heykəltəraşların, tətbiqi incəsənət ustalarının əsərləri ilə tanış ola, üstəlik, bəyəndikləri əsərləri əldə edə biləcəklər.

Birinci Avropa Oyunları zamanı İçərişəhərin ərazisində yerləşən beş, dörd və üçulduzlu otellər, kafe və restoranlar da gücləndirilmiş rejimdə çalışacaqlar. Turistlər bu restoranlarda Azərbaycan mətbəxinin çeşidli və ləzzətli xörəklərini dadmaqla yanaşı, milli musiqimizdən də zövq ala biləcəklər. Qədim şəhərin özünəməxsus çay ənənələri də var ki, burda turistlərə 60 növ çay təklif olunur. Bütün bunlarla yanaşı, küçələr boyunca əl işi olan məhsulların satışına da diqqət artırılıb.

Kaspi.az