Düşməni qorxuya salan hədəfimiz

5 May 2015 23:39

Türkiyənin İstanbul şəhərində "İDEF -2015" beynəlxalq müdafiə sərgisi işinə başlayıb. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin də iştirak etdiyi bu sərgiyə maraq böyükdür. Sərgiyə müdafiə sənayesi naziri Yavər Camalovla yanaşı fövqəladə hallar Naziri Kəmaləddin Heydərov, müdafiə naziri Zakir Həsənov və dövlət sərhəd xidmətinin rəisi Elçin Quliyev də qatılıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, "İDEF -2015" beynəlxalq müdafiə sərgisi sayca keçirilən 12-ci sərgidir. Üç gün davam edəcək sərgidə 59 ölkədən 600-dən çox şirkət öz müdafiə təyinatlı məhsullarını nümayiş etdirəcək. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyin sərgidə 182 adda müdafiə təyinatlı məhsulunu nümayiş etdirir. Onların sırasında yeni silahlar, döyüş texnikası və digər döyüş vasitələri də var.

"Əvvəlki sərgilərdə olduğu kimi bu, sərgidə də qarşımızda duran əsas məsələ, Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məhsulların beynəlxalq bazara təqdim etməkdir. Eyni zamanda dünyanın qabaqcıl şirkətləri ilə danışıqlar aparıb, Azərbaycanda yeni müdafiə təyinatlı məhsullar istehsal etmək üçün müasir texnologiya və avadanlıqların ölkəyə gətirilməsi istiqamətində müzakirələr aparıb razılıq əldə etməyi qarşımıza məqsəd qoymuşuq", - deyə müdafiə sənayesi naziri Yavər Camalov bildirb.

"İDEF -2015" beynəlxalq müdafiə sərgisinin stendinin böyük bir hissəsində Azərbaycan istehsalı olan atıcı silahlar nümayiş olunur. Onların sırasında "İstiqlal" və bu silah ailəsindən olan müxtəlif çaplı snayper tüfəngləri, pulemyot, eləcə də yeni istehsal olunan 5,56 çaplı "M" avtomat silahı və piyada əlehinə 40 mm-lik qubaraatanda var.
 

Milli.Az