Aytacın ölümü - biz necə qatil yaradırıq?

5 May 2015 23:55

Milli.Az lent.az-a istinadan Aliyənin yazısını təqdim edir 

Gənc bir qızın yaşıdı və nə vaxtsa sevgilisi olmuş oğlan tərəfindən bıçaqlanaraq öldürülməsi üstündən keçilməyəcək qədər sıradan hadisədir. Çünki oğlanı dostları "özünə görə, yaxşı oğlan" kimi xarakterizə edirlər, qızı da xalalar, bibilər "yaxşı qız özgə oğlanla küçələri gəzməzdi" deyib qınayırlar... Camaat bu sual ətrafında baş sındırır: qızı öldürməyə oğlanı nə vadar edib? Yalnızca heysiyyət, ya qısqanclıq, başqalarının tənələri, sevgilidən ayrı qalma və ya bütün bu hallara dözülməzlik?

Əlbəttə böyük ehtimalla bunlardan hər biri ola bilər. Amma diqqətlə incələyəndə burada bir klişe faktoru da görəcəyik. Gənc bir adama ətrafın, efirin, TV-nin, mahnının, meyxananın, çayxananın sunduğu hazır klişelər. Bu klişelər kiminsə hansısa subyektiv fikirləri deyil. Bir şəkildə insanın beyninə girib onun gələcək hərəkətlərini proqramlaşdıran klişelərdir və o klişelərin çoxu insana, insanlığa ziddir.

Biz haradan bilirik ki o gənc oğlan qızın üstünə bıçaqla gedəndə "Ya mənim olacaqsan, ya qara torpağın" klişe-proqramına düşməyib? Axı bu klişelər ən çıxılmazda gözəgörünməyən bir əl kimi insanı idarə edir.

Klişelər insanı proqramlaşdırır: Ən çətin anda hansısa dayaz serialdan eşitdiyi "Namus ləkəsini qanla yuyarlar" düyməsi işə düşür.

Yaxud sevgili səni atdımı, yaşanılan dramatik vəziyyət buna vadar etməsə belə, beyində "sənsizlik ölümdən betər" düyməsi yanıb-sönür; Intiharın ən son anına qədər, bu düymə işləyir....

Bu klişe-proqramı yalnız meyxana-çayxana yox, ekran efir də bəh-bəhlə təqdim edir. O bu klişelərlə düşünən tamaşaçı kütləsi ilə rahat ünsiyyət qurmaq, bu qeyri-insani dəyərlər üzərindən spekulyasiya etmək üçün istifadə edir, nəinki istifadə edir, hətta alqışlayır, studiyadakı kiçik auditoriyası ilə birgə ona əl çaldırır, qısası, təbliğ edir (məsələn, dünən bir dəstə adam studiyada müğənni Manaf Ağayevin xəyanət etirafına əl çalırdı, aparıcısa gülümsəyirdi: "Kişiyə olar!". Başqa bir kanalda ekspert uşaqlarını atmış ata haqda "ölsün!" deyib hökm verirdi).

Bu klişe istehsalına "Qurdlar vadisi"ni yamsılayan seriallar da, filmlər də, bayağı şeirlər də, hit-mahnılar da qoşulur.

Çünki, daha efirdə "sənə olan eşqimi sənə də alçaltmaram" deyən mahnılar yox, "O mənim olmalıdır, hamı bilsiiiinn..." eşidilir. Və mahnılar artıq ruh oxşaması deyil, alınıb-satılan biznes məhsuludur. Bəs belə xarabada Aytaclar öldürülməzmi?

Bu yerdə o oğlanın Aytacı öldürmək motivini (hətta bəzilərinin fikrincə, öldürmək haqqını) yox, əlini bıçağa atmamaq şansını axtarmalıyıq. O şansı ona verdikmi? Hansı təhsillə? Hansı verilişlə? Hansı məqalə ilə? Hansı mahnı ilə? Hansı kitabla? Hansı filmlə? Hansı kliplə?
 

Milli.Az