Pulunuzu avroya yatırmayın, çünki...

5 May 2015 09:08

Almaniyanın "Deutsche Bank"ı hesab edir ki, bu ilin sonunadək 1 avro 1 dollara bərabər olacaq, 2017-ci ilin sonlarında isə 1 dollar 0,85 avro kursuna yüksələcək.

Reuters vurğulayır ki, avronun devalvasiyası Avropadan nəhəng həcmdə kapital axınına rəvac verəcək. Ümumiyyətlə isə ABŞ dolları və avro arasında tam paritet 2016-cı ilin sonlarında bərqərar olacaq.

"Lənət olsun o günə ki..."
 

Almaniya vətəndaşlarının yarıdan da azı ölkənin milli valyutasından imtina və avroya keçidin ölkəyə xeyirdən daha çox zərər verdiyinə əmindir. "Bəlkə, 13 milyard doyçmarkdan artıq pul hələ də "kisə"də məhz buna görə saxlanılır. Avropa Birliyi ölkələri arasında Almaniya ən böyük və güclü iqtisadiyyata malik olsa da, vətəndaşlarımız arasında avroya inamsızlıq sürətlə artır", - "Deutsche Wirtschafts Nachrichten" yazıb.
 

Almaniyanın işgüzar dairələrinin nüfuzlu qəzeti Şotlandiyanın "Bank of Scotland" bankının tədqiqat xidmətinin keçirdiyi sorğunun nəticələrinə əsaslanır.

Sorğuya qatılmış respondentlərin yalnız 47 faizi hesab edir ki, avroya keçid Almaniyanın xeyrinə olub. Respondentlərin 20 faizi isə ümumiyyətlə avroya inanmadıqlarını bildirib.


 

2002-ci ilin əvvəllərində, Almaniyada tədavül vasitəsi qismində avro tətbiq olunmazdan öncə ölkə vətəndaşlarının 54 faizi yeni valyutaya keçidin xeyirli olacağına şübhə etdiyini, 51 faizi isə avronun üstünlüklərdən daha çox, problemlər vəd etdiyini vurğulamışdı. Lakin təşviqat və reklam öz sözünü dedi, ölkə Avropa Birliyinin valyuta ittifaqına daxil oldu. Bir neçə həftə sonra sorğuların nəticələri fərqli idi: yeni valyutanı respondentlərin təqribən 60 faizi bəyənmiş, 37 faizi isə qətiyyətlə pislədiyini vurğulamışdı.
 

İndisə, avrozonada çoxsaylı iqtisadi və maliyyə böhranlarından, ən başlıcası isə ABŞ dolları ilə müqayisədə avronun ucuzlaşmasından sonra hər şey əvvəlki duruma qayıdıb. Almaniyada ictimai rəy Avropa Birliyinin vahid valyutasından narazılığı nümayiş etdirir. İş o yerə çatıb ki, Almaniyanın milli valyutasının üstünlüklərini bilməyən yeniyetmələr də doyçmarkın bərpasını istəyirlər.
 

Sorğu həm də Almaniya vətəndaşları arasında iqtisadi və maliyyə böhranlarının daha da ağırlaşacağı ilə bağlı əndişələrin gücləndiyini göstərib. Respondentlərin 58 faizi banklardakı pullarına, əmlaklarına, maliyyə vəsaitlərinə görə narahatdır. Təxminən hər 10 nəfərdən biri isə banklara heç inanmadığını söyləyib.
 

"Əsas problem odur ki, pullarını evdə, "yastıq altında" saxlayan və banklara inanmayan almanların sayı artır. Almaniya Banklar Assosiasiyasının hesablamalarına görə, avronun tətbiq olunmasından 13 il keçməsinə rəğmən ölkə vətəndaşlarında hələ də 13 milyard doyçmark qalıb. Almaniyalıların çoxu avroya inanmır", - "Deutsche Wirtschsfts Nachrichten" yazıb.

Borc dibə vurur

Avrozonadakı vəziyyət həqiqətən də ürəkaçan deyil. Avronun dövriyyədə olduğu ölkələrdə bu valyutanın tətbiq olunduğu gündən bəri ilk dəfə ümumdaxili məhsulla müqayisədə dövlət borcunun həcmi 91,9 faizə çatıb. Avropa Birliyinə daxil olan ölkələrdə dövlət borcu ÜDM-in 86,8 faizini təşkil edir.

Avropa Birliyinin Statistika Xidmətinin (Eurostat) rəsmi saytında açıqlanmış hesabatda belə deyilir.
 

Sənədə görə, avrozonada iqtisadi və maliyyə göstəriciləri ildən-ilə pisləşir. Avrozonada dövlət büdcəsindəki kəsirin ÜDM ilə müqayisədə 2,4 faiz və Avropa birliyində ümumən ÜDM-in 2,9 faizi qədər azalmasına rəğmən, situasiya olduqca ciddidir.


 

Avrozona ölkələri arasında ÜDM ilə müqayisədə ən böyük dövlət borcu Yunanıstandadır. Buradakı rəqəm 177,1 faizdir. Sonrakı yerləri İtaliya (132,1%), Portuqaliya (130,2%) və İrlandiya (109,7%) tutur.
 

Nisbətən "yaxşı" vəziyyət Estoniyada (10,6%), Lüksemburqda (23,6%), Bolqarıstanda (27,6%), Rumıniyada (39,8%) və Latviyada (40,0%) müşahidə olunur.

Avropa Birliyinin ən böyük iqtisadiyyatına malik Almaniyada dövlət borcu ÜDM-in 74,7 faizinə, Fransada - 95 faizinə, Britaniyada isə 89,4 faizinə çatıb.

Avrozona ilə bahəm, Avropa Birliyi ölkələrində ÜDM-lə müqayisədə dövlət borcu son 2 ildə 6 faiz artıb.

"Növbədəki gəlsin...."

Yunanıstanda sərt büdcə qənaəti tədbirləri, xərclərin azaldılması və borcların ödənməsi məsələləri Afina ilə Avropa Birliyi arasında didişməyə səbəb olmuşdu. Dava indi də davam edir. Amma Avropada artıq "yeni Yunanıstan" ola biləcək ölkə var.
 

Borclar, maliyyə böhranı, ödənişlərin vaxtında yerinə yetirilməməsi, işsizlik - bu kimi və daha ağır problemlər Finlandiyanı haqlayıb.

Britaniyanın nüfuzlu "The Telegraph" qəzetinin şərhçisi Rocer Butl hesab edir ki, elə sadəcə bu fakt avrozonanın fəlakətinə dəlalət edir.
 

"Deyəsən, komediyanın sonu yaxınlaşır. Avrozonadakı istiqraz bazarı iqtisadiyyatın nikbin inkişafını ehtiva etsə də, 2008-ci ildəki maliyyə böhranından sonra hələ də özünə gələ bilməyən ölkələrin iqtisadiyyatları ilə bağı çox təhlükəli təmayüllər var. Son 7 ildə ABŞ iqtisadiyyatı 8,45 faiz, Britaniyada isə 3,4 faiz inkişaf edibsə, avrozonada bu rəqəm orta hesabla 2,2 faiz olub. İspaniya, Portuqaliya, İtaliya və Yunanıstanda isə tam əksinə, iqtisadiyyatlar müvafiq olaraq 6,4%; 7,3%, 9,5% və 26% geriləyib", - müəllif yazıb.


 

Asiyanın maliyyə bazarlarında inkişaf, xüsusilə də Çinin milli valyutası yuanın Cənub-Şərqi Asiyada dolların real rəqibinə çevrilməyə başlaması Avropada "vahid iqtisadiyyat" modelinin uğursuzluğa düçar olması ilə bağlı çıxışların sayını artırır.
 

Avrozonanın və ümumiyyətlə, Avropa Birliyinin gələcəyi ilə bağlı planlarla, strategiya və taktikada nəsə fəlakətli dərəcədə yanlışlıq, səhv var.

Avropa Birliyindəki böhranın səbəbləri isə, fikrimizcə, bu quruma daxil ölkələrdəki iqtisadi vəziyyətlər arasındakı kəskin fərqlər, nəticədə dominant və periferiya ölkələr statuslarının formalaşmasıdır.
 

Məsələn, Almaniya həmişə Avropa Birliyinin ən güclü ölkələrindən biri olubsa, Portuqaliya, İspaniya, İtaliya və Yunanıstan sürəkli qaydada iqtisadi-maliyyə girdabındadırlar.
 

"Qüdrətli oyunçu" sayılan Fransa iqtisadiyyatında problemlər artdığından fransızlarla almanlar arasındakı narazılıqlar, anlaşılmazlıqlar güclənir. Almaniyanın israrla tələb etdiyi, avrozonada keçirilməsini istədiyi iqtisadi islahatlar fransız modelini "təpikləyir" və Paris də bu səbəbdən hesab edir ki, Berlinin tələblərini Fransa heç bir zaman yerinə yetirməməlidir.
 

Yəni iş heç də "fransız-alman mühərriki"ndə nasazlıqların yaranması deyil: problem "avrozona" adlanan avtomobilin ümumiyyətlə, yoldan çıxmasındadır.

Daha bir problem Finlandiyadır. Yunanıstandan sonra maliyyə bataqlığına yuvarlanaraq iqtisadiyyatı "qıc" olmağa namizəd bu ölkədir.

Finlandiyada əməyin maya dəyərinin artımı, işçi qüvvənin azalması, 3 ildən bəri davam edən resessiyanın səngiməməsi, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi böhranı daha da sərtləşdirir.
 

Analitiklərin fikrincə, bütün bu problemlərin kökündə məhz avro durur, çünki avrozonadakı ölkələr arasında vergi uzlaşmasının olmaması ən müxtəlif problemlərlə qarşılaşmış ölkələrin bir valyuta ilə birləşməsi ilə sonuclanıb.
 

Avrozonada iqtisadi vəziyyət yaxşılaşmazsa, bir-birlərinə qətiyyən uyuşmayan, əksər hallarda bir-birlərinə çox yad ölkələri bir araya gətirərək birlik yaratmış siyasətçilərin bu layihəsi ağrılı uğursuzluqla başa çatacaq.

Çünki...
 

Avropa Birliyinin monetar, yəni maliyyə-kredit və pul siyasəti lap əvvəldən, qurumun təməli qoyulandan çox pis iqtisadiyyata əsaslanmışdı.

Avropa ölkələrinin iqtisadiyyatının 3 mərhələdə yaxınlaşdırılaraq birləşdirilməsi taktikasına əsaslanan avrozona, belə valyuta ittifaqının yaradılması çox pis ideya idi və zaman da bunu göstərdi.
 

Avropa Birliyinə daxil olan ölkələrin fərqli milli maraqları və geosiyasi planlarının mövcudluğu şəraitində avro bu dövlətlərdə işsizliyin artmasına, yaşam standartlarının pisləşməsinə, hökumətlərin nəzarətindən çıxan dövlət borcunun yüksəlməsinə və ümumiyyətlə, avrointeqrasiyaya inamsızlığın güclənməsinə səbəb olub.
 

"Avro vahid valyutadır" aksiomu problemlərin müzakirəsinə mane olur. Almaniya təki iqtisadi və siyasi baxımdan güclü ölkələr isə bəlirlənmiş valyuta kursuna malik avrozonanı zəif ölkələr üçün cəllad sistemə çevirib.


 

Avropada iqtisadi və valyuta birliyi əslində "vahid valyuta və birgə bazar milli maraqlarla daxili siyasətlərdən üstündür" təki absurd anlayışa əsaslanır.

Avropa Komissiyası sədrinin keçmiş iqtisadi müşaviri Filipp Leqren "Foreign Policy" jurnalında dərc olunmuş məqaləsində də bunu deyib.

Avrozonadakı böhran ağırlaşdıqca Avropa Birliyi ölkələrində hökumətlər dəyişir və seçicilər əksər hallarda solçulara, radikallara üstünlük verirlər.

Di gəl, yeni seçilmiş iqtidarlar az sonra həmin ölkələrə borc vermiş dövlətlərlə təşkilatların əsarətinə düşürlər.
 

Məsələn, Almaniyanın maliyyə naziri Volfqanq Şoyble Yunanıstandakı seçkilər ərəfəsində yunanları sanki təhqir edərək demişdi: "Onlar istədikləri seçimi edə bilərlər, amma bu seçkilər heç nəyi dəyişməyəcək".
 

Hadisələrin sonrakı gedişatı Avropa Birliyində əsas "borcverən" ölkənin baş maliyyəçisinin nəyi nəzərdə tutduğunu göstərdi: Almaniya yunanların borcların ödənmə vaxtının uzadılması ilə Afina qarşısında elə sərt şərtlər qoyub ki, bu tələblər Yunanıstanın baş naziri Aleksis Siprasla dəstəsinin seçkiqabağı vədlərinə tam ziddir.
 

Başqa bir misal: İtaliyanın baş naziri, ölkədə ciddi islahatlara başlamış Matteo Rensi avrozonanın vergi qaydalarına cüzi dəyişikliklər edilməsi və bu minvalla İtaliya iqtisadiyyatına əlavə sərmayənin cəlb olunmasına təkan verilməsini istəyəndə rədd cavabı aldı.
 

İndi elə bir situasiya yaranıb ki, avrozonada çoxlu borcu olan ölkələr faktiki olaraq onlara pul verənlərdən asılı vəziyyətə, az qala kölə durumuna düşüb. Tək Yunanıstan belə halda deyil. İrlandiya, Portuqaliya, İspaniya ilə bahəm, Avropanın cənubunda və Balkan yarımadasındakı bütün dövlətlər belə məşəqqətdədir.

Halbuki Avropa Birliyi ölkələrindəki milli liderləri "sağa" itələmək və bununla da seçicilərin gözləntilərinə uyğun olmayan siyasətin yürüdülməsinə nail olmaq çox təhlükəlidir.
 

Belə tələblər birbaşa siyasi ekstremizmə rəvac verir.
 

Bir zamanlar "demokratik birlik" kimi yaradılan avrozona məhz bu səbəbdən indi imperiyanı xatırladır.
 

O imperiyanı ki, gil ayaqlı nəhəngdir və kənardan nisbətən güclü zərbə onu alt-üst edə bilər.
 

Elçin Alıoğlu

Milli.Az