Karate üzrə 7 qat ölkə çempionunun qatilləri tutuldu - YENİLƏNİB
24 Yanvar 2011 11:13
İki gün əvvəl alpinizm və karate üzrə 7 qat ölkə çempionu Samir
Ağayevi qətlə yetirən şəxslər yaxalanıb. Bakı şəhər Baş Polis
İdarəsindən (BŞBPİ) Milli.Az xəbər portalına verilən məlumata görə,
yanvarın 22-si saat 01:00 radələrində Samir Ağayev bədənin müxtəlif yerlərinə balta ilə yetirilmiş
xəsarətlər nəticəsində Bakıxanov qəsəbəsi N.İsmayılov
küçəsindən 3 saylı xəstəxanaya gətirilib və orada ölüb.
BŞBPİ-nin
cinayət-axtarış idarəsi, Yasamal rayon Polis İdarəsinin cinayət-axtarış
şöbəsi, Sabunçu RPİ və 13-cü polis bölməsi əməkdaşlarının birgə
keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə təqsirli
bilinənlər yanvarın 23-də tutulub. Onlar Bakı şəhər sakinləri Rasim Mirzəyev və Nemət Cəfərovdur.
Qətlin təfərrüatları barədə məlumat veriləcək.
-----------------
22 yanvar
14:14
Sabunçu
rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə,
qətlə yetirilən Samir Ağayev idmançıdır. Onun alpinizm və karate üzrə 7
dəfə ölkə çempionu, həmçinin Şahdağ massivindəki "Heydər Əliyev" zirvəsini ilk dəfə
fəth edən şəxs olduğu bildirilir.
Qeyd edək ki, mərhum balta ilə öldürülüb. Qətlin kim tərəfindən törədilməsi isə hələ də qaranlıq olaraq qalır.
--------------
10:36
Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Bakıxanov qəsəbəsində 31 yaşlı Samir Ağayev qətlə yetirilib. Hadisə yanvarn 22-nə keçən gecə saat 01:30 radələrində qəsəbə ərazisindəki dəmir yolu stansiyasının qarşısında baş verib.
O, kəsici alətlə ürək nahiyəsindən xəsarət yetirilmiş halda tapılıb. Xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Anar Məmmədov
Milli.Az