"Beynəlxalq təşkilatlar Şuşaya qarşı törədilən vandalizmə biganə qalmamalıdırlar"
4 May 2015 13:33
Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) həyata keçirdiyi ""Şuşaya azadlıq" beynəlxalq kampaniyasının xarici tərəfdaşlarının Bakı toplantısı" layihəsinin icrasına başlanılıb.
Trend-in məlumatına görə, görüşdə 19 xarici ölkənin QHT rəhbərləri iştirak ediblər. Görüşdə çıxış edən Şura sədri Azay Quliyev ermənilərin Dağlıq Qarabağı işğal etməsi və bunun nəticəsində dəyən maddi və mənəvi zərərlər barəsində qonaqlara ətraflı məlumat verib.
A.Quliyev bildirib ki, Ermənistanın Şuşanı və digər Azərbaycan şəhərlərini işğal etməsi nəticəsində mədəni, tarixi abidələr dağıdılıb.
Şura sədri bildirib ki, buna görə də layihənin məqsədi işğala məruz qalan, tarixi abidələri dağıdılan qədim Azərbaycan şəhəri Şuşanın zəngin mədəni irsinin təbliği və beynəlxalq ictimaiyyətə çatdırılmasından ibarətdir.
A.Quliyev əlavə edib ki, ədalətin bərpası üçün xarici ölkələrin qeyri-hökumət təşkilatlarını, mədəniyyət xadimlərini, media nümayəndələrini və digər əcnəbi vətəndaşları silsilə fəaliyyətə və təbliğat işlərinə cəlb etmək Şuranın başlıca məqsədidir:
"Bu baxımdan hesab edirəm ki, beynəlxalq təşkilatlar, xarici ölkələrin vətəndaş cəmiyyəti institutları Qafqazın mədəniyyət mərkəzi olan Şuşaya qarşı törədilən bu vandalizmə biganə qalmamalıdırlar".
Milli.Az