Bakı Dairəvi yolu bağlanıb
4 May 2015 11:12
Bu gün Bakı Dairəvi yolun Lökbatan dairəsindən şəhər istiqamətə olan hissəsində "Oyunlar zolağı"nın işarələnməsi işləri aparılacaq.
İşarələnmə işləri saat 11:00-dan axşam saat 17:00-dək davam edəcək. Göstərilən müddət ərzində həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Trend "Azəryolservis" ASC-nin mətbuat xidmətinə istinadən məlumat verir.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində "Oyunlar zolağı"nın işarələnməsi işlərinə aprelin 27-dən start verib. İşlərin 20 gün müddətində davam etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, eni 3,75 metr olan "Oyunlar zolağı"nın kənarlarında 15 santimetr enində sarı xətt və asfalt üzərində isə təyin ediləcək yerlərdə I Avropa Oyunlarının loqotipinin şəkli çəkilir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən "Oyunlar zolağı"na nəzarət ediləcək və kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılacaq.
Ümumiyyətlə, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan tikinti və təmir işləri sürətlə davam etdirilir. Bütün növ çatışmayan yol nişanları, göstərici lövhələr quraşdırılır və nişanlama, xətlərin çəkilməsi işi aparılır. Bütün işlər tərtib olunan qrafik üzrə həyata keçirilir.
Milli.Az