O gün artıq yaşanır: Azərbaycan regional enerji layihələri və strategiyalarının tam əksəriyyətinin təşəbbüskarına çevrilib.
SOCAR-ın fəallaşması, bir sıra layihələrdə adi iştirakçı statusu ilə kifayətlənməyərək operatora çevrilməsi və bununla da Bakının əldə edəcəyi gəlirlərlə yanaşı, geosiyasi dividendləri artırmağa çalışması reallıqdır.
Lakin Bakının təşəbbüslərinin və istəklərinin digər "enerji oyunçuları" tərəfindən laqeydliklə, sükutla qarşılaşdığını düşünmək sadəlövhlük olardı. Əksinə, Azərbaycanın öz maraqlarının təminatına yönəlmiş hər addımı müqavimətlə qarşılanır.
Təbii qaz bazarındakı yerlər və rollar çoxdan bölüşdürüldüyündən qarşı tərəfdəkilər mövqelərinin azacıq da olsun, zəifləməsinə yol verməməkdə israrlıdırlar.
Azərbaycan qazının Avropa Birliyinə çıxarılması marşrutları isə regionla yanaşı, subkontinental miqyasda olayları aktivləşdirib.
Yeni mübarizə başlanır və bu qarşıdurmada Bakının qarşısında çətin, inadkar, zərrə qədər geri çəkilməməkdə qərarlı olan rəqiblər var.
Birləşmiş Ştatlar Rusiya qazının Avropadan sıxışdırılması məqsədilə Moskva və Afina arasında boru kəmərinin tikintisi sazişinə mane olmağa çalışır. Əvəzində Vaşinqton Azərbaycandan alternativ qaz kəmərinin tikintisində təkid edir.
Bu səbəbdən də rəsmi Bakı adekvat, situasiyanın tələb etdiyi addımları atmaq məcburiyyətindədir.
SOCAR niyə operator oldu?
SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mayın 1-dən etibarən Azərbaycan Qaz Təchizatı Şirkətinin (AQTŞ) və Cənubi Qafqaz Boru Kəməri Şirkətinin (CQBKŞ) operatorluğunu öz üzərinə götürüb.
Təhvilalma prosesi Norveçin "Statoil" və Malaziyanın "Petronas" şirkətləri arasında "Statoil"un "Şahdəniz" yatağının işlənilməsi üzrə Hasilatın Pay Bölgüsü sazişində 15.5%, Cənubi Qafqaz Boru Kəməri Şirkətində 15.5% və Azərbaycan Qaz Təchizatı Şirkətində 12.4% iştirak paylarının satışına dair sövdələşmənin tamamlanması nəticəsində və 17 dekabr 2013-cü ildə imzalanmış müvafiq razılığa uyğun olaraq həyata keçirilib.
SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, AQTŞ-nin operatorluğunun və CQBKŞ-nin kommersiya operatorluğunun SOCAR-a keçməsi Azərbaycanda HPBS layihələri çərçivəsində həyata keçirilən fəaliyyətlərdə yerli potensialdan istifadənin daha da artırılması prosesində çox vacib mərhələdir. Bu SOCAR-ın öz texniki və kommersiya bacarıqlarını və eləcə də insan resurslarını dünya standartlarına uyğun inkişaf etdirməsində əldə etdiyi yüksək uğurların qlobal enerji şirkətləri tərəfindən aydın tanınmasıdır.
Xatırladaq ki, Azərbaycan Qaz Təchizatı Şirkəti Kayman Adalarında məhdud məsuliyyətli cəmiyyət olaraq təsis olunub, baş ofisi Bakıda yerləşir. AQTŞ "Şahdəniz" HPBS üzrə tərəfdaş şirkətlər və SOCAR tərəfindən "Şahdəniz" layihəsinin Mərhələ-1 və Mərhələ-2 çərçivəsində hasil olunmuş təbii qazın Azərbaycan, Gürcüstan və Türkiyədə, eləcə də Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına gələcək satışını həyata keçirəcək xüsusi hüquqi şəxs kimi yaradılıb.
CQBKŞ Cənubi Qaz Boru Kəməri konsorsiumuna məxsusdur, "Şahdəniz" yatağından, həmçinin Azərbaycan ərazisində və Xəzər dənizində digər mənbələrdən hasil olunan təbii qazın Türkiyə və Avropa bazarlarına nəqli məqsədilə boru kəmərinin tikintisi və istismarı üçün yaradılmış şirkətdir.
Boru kəməri başlanğıcını Bakı yaxınlığında Sənqəçal terminalından götürür. Kəmərin uzunluğu 691 kilometrdir və bunun da 443 kilometri Azərbaycan, 248 kilometri Gürcüstan ərazisində yerləşir. 17 dekabr 2013-cü tarixində yekun investisiya qərarının imzalanmasından sonra, səhmdarlar illik 25 milyard kubmetrədək təbii qaz nəqli üçün boru kəməri sisteminin genişləndirilməsinə başlanıb.
SOCAR-ın "Azerbaijan Gas Supply Company" və Cənubi Qafqaz Qaz Boru Kəməri layihəsində operator statusu qazanması Bakı üçün çox önəmli məsələdir. Biz artıq ölkənin təbii qazına tam sahiblik edə bilərik. Azərbaycanın təbii qazının Avropa Birliyinə çıxarılması üçün nəzərdə tutulmuş marşrutun yeni mərhələsinin inşasının başa çatmasını xatırlasaq, layihələrin operatoru az sonra nəhəng "mavi yanacaq" axınlarının paylaşdırılması və yönləndirilməsi ilə mürəkkəb proseslərə qatılmalı idi. Ölkənin maraqları ilə dövlətin mənafelərinin təminatı baxımından hansısa əcnəbi şirkət, korporasiya və konsorsiumla müqayisədə SOCAR az qala ideal variant təsiri bağışlayır.
Bakı məhz buna görə ""Şahdəniz" layihəsindəki iştirak payını 16,7 faizə çatdıraraq operator olmağa can atırdı.
Gözlənilən sənəd imzalanıb
Mayın 1-də Azərbaycan, Türkmənistan və Türkiyə Avropa İttifaqı ilə energetika sahəsində əməkdaşlığın inkişafı haqqında bəyannamə imzalayıblar.
Sənəd Aşqabadda Türkmənistan, Azərbaycan və Türkiyənin neft-qaz qurumlarının rəhbərləri və Avropa İttifaqının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə imzalanıb.
Azərbaycanı danışıqlarda energetika naziri Natiq Əliyev təmsil edib.
Sənəddə deyilir ki, tərəflər istehsalçılar, tranzitçilər və enerji istehlakçılarının maraqlarını eyni dərəcədə nəzərə alan etibarlı, sabit və uzunmüddətli beynəlxalq əməkdaşlığın təmin edilməsi üçün zəruri əlverişli şəraitin yaradılmasının tərəfdarıdırlar.
Tərəflər, həmçinin Türkmənistandan Avropaya təbii qaz tədarükünün təmin edilməsində bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın vacibliyini qeyd ediblər.
Gələcək danışıqlar üçün Azərbaycan, Türkmənistan, Türkiyə və Avropa İttifaqının enerji sahəsinə cavabdeh olan struktur rəhbərlərinin müavinləri səviyyəsində işçi qrupunun yaradılması gözlənilir.
Avropanın yeni oyunu
Avropa Birliyi Rusiyadan enerji sahəsində asılılığını azaltmaq məqsədi ilə Türkmənistandan 2019-cu ildən başlayaraq təbii qaz almağı planlaşdırır. Bunu Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şefçoviç deyib.
"Türkmənistan üçün ixracı diversifikasiya etmək çox vacibdi, AB üçün isə idxalı. Avropa türkmən qazını 2019-cu ildə gözləyir. Biz Transxəzər qaz kəməri ilə bağlı bütün məsələləri müzakirə etdik. Böyük bir strateji addım etdik. 2019-2020-ci illər arası bütün işlər yekunlaşmalı, bütün borular Azərbaycandan Avropaya qazı çatdırmaq üçün hazır olmalıdı", - Şefçoviç qeyd edib.
Keçən il Türkmənistanla Türkiyə arasında Trans-Anadolu layihəsinin qazın çatdırılması üçün istifadəsi barədə razılıq imzalanmışdı. Bu razılıq Azərbaycanın "Şahdəniz-2" layihəsinin qazının çatdırılmasını nəzərdə tuturdu.
"Azərbaycan və Türkiyə vacib enerji layihələrindən biri olan Transanadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsini uğurla reallaşdırırlar", - bunu isə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız Aşqabadda Türkmənistan, Azərbaycan və Türkiyənin neft-qaz qurumlarının rəhbərləri və Avropa İttifaqının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində Türkmənistan, Azərbaycan və Türkiyənin üzərinə böyük məsuliyyət düşür.
TANAP layihəsi qazın Azərbaycanın "Şahdəniz" yatağından Gürcüstan-Türkiyə sərhədi ilə Türkiyənin qərb sərhədlərinədək tədarükünü nəzərdə tutur.
Maroş Şefçoviçin açıqlaması, sadəcə, Xəzəryanı bölgədən təbii qazın Avropa Birliyinə nəqlinin artıq 2019-2020-ci illərdə başlanması istəyi ilə bağlı deyil.
O, Bakını narahat etməli bir məqamla bağlı da fikrini tam açıqlamayıb. Belə ki, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla apardığı danışıqlarda M.Şefçoviç qaz boru kəmərinin Xəzərin təki ilə çəkilməsi ilə yanaşı, İran ərazisindən keçirilməsi variantının da mümkünlüyünü vurğulayıb.
Aşqabad Avropa Birliyinin qaz bazarında yer tutmağa çalışır və eyni zamanda, İranla münasibətlərini aktiv inkişaf etdirir.
İrana qarşı tətbiq olunan sankisyaların aradan qaldırılması ilə bağlı danışıqlar uğurla başa çatarsa, Avropa Birliyi türkmən qazının məhz İran ərazisindən keçirilərək "köhnə qitə"yə çıxarılması variantını seçə bilər. Belədə, Azərbaycan türkmən qazının nəqlində tranzit ölkə statusuna yiyələnməyəcək.
Yunanlar da fəallaşıb
Yunanıstan hökuməti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) ölkənin DESFA qaz operatorunda 49 faizlik payın satışı imkanlarını nəzərdən keçirir. Yunanıstan Energetika Nazirliyi və DESFA şirkətindən şərh almaq hələ mümkün olmayıb.
Qeyd edək ki, SOCAR 2013-cü ilin dekabrında DESFA-nın səhmlərinin 66 faizinin (400 milyon avro dəyərində) əldə edilməsi üzrə tenderin qalibi olub. Mövcud şərtlərə əsasən, qalan hissə Yunanıstana məxsus olacaq.
Maraqlı durum yaranıb. Bir tərəfdən, TAP layihəsindəki Azərbaycan təbii qazının ilk 10 milyard kubmetri Avropa Birliyinin 3-cü Enerji Paketi qanunlarının tələblərindən azad olunub. Digər tərəfdən Yunanıstan hökuməti ölkədəki qazpaylama şəbəkəsi olan DESFA-ın səhmlərinin 66 faizini SOCAR-a satmaq niyyətində deyil. 400 milyon avroluq bu anlaşmanı Avropa Birliyinin Antiinhisar Komitəsi nəzərdən keçirir və bu da təsdiqlənmə prosesini uzadır.
Rəsmi Bakı etirazlarını bildirsə də, hələlik bir nəticə hasil olmayıb.
Yunanıstanda iqtidarda olan radikal solçu hökuməti isə ümumiyyətlə, hesab edir ki, SOCAR-ın DESFA ilə bağlı anlaşması ölkənin maraqlarına ziddir. Məhz bu səbəbdən Afina DESFA-nın səhmlərinin, sadəcə, 46-49 faizini SOCAR-a satmaq niyyətindədir. Bu isə Azərbaycanı yunanların qazpaylama şəbəkəsi üzərində nəzarət imkanlarından məhrum edir.
ABŞ Rusiyanın Yunanıstanı ələ almasına "cavab atəşi" hazırlayır. Yaxın günlərdə bu məqsədlə Dövlət Departamentinin nümayəndə heyəti Afinaya yollanacaq. Nümayəndə heyətinə də beynəlxalq enerji əlaqələri üzrə özəl təmsilçi Amos Hokştayn rəhbərlik edəcək.
Bir müddət öncə A.Hokştayn "Hürriyət" qəzetinə müsahibəsində TANAP-ın əhəmiyyətinə diqqət çəkərək bu layihənin tamamlanması üçün hər kəsi səfərbər olmağa çağırıb.
Hazırda Rusiya Cənub qaz dəhlizi layihəsinin tərkib hissəsi olan boru kəmərlərinin keçəcəyi Yunanıstanın yeni seçilmiş solçu hökuməti ilə danışıqlar apararaq Avropa Birliyinin "Qazprom"dan imtina etmə planını pozmağa çalışır.
Afina və Moskva arasında bu istiqamətdə ciddi danışıqlar aparılır və ortada yeni bir boru kəmərinin inşası məsələsi də var.
Lakin Brüssel Rusiyaya yaxınlaşdığı üçün Afinaya ciddi xəbərdarlıq edib.
ABŞ Dövlət Departamentinin yüksək səviyyəli nümayəndə heyətinin Afinaya getməsi isə Vaşinqtonun oyuna müdaxilə etmək qərarına gəldiyini göstərir.
Tanınmış politoloq, Milli Məclisin deputatı Rasim Musabəyovun fikrincə, Azərbaycanın təşəbbüsü əsasında Gürcüstan və Türkiyə ilə tərəfdaşlıqla miqyaslı regional layihələrin uğurla həyata keçirilməsi onların məsuliyyətli, işgüzar tərəfdaş imiclərinin yaranmasına səbəb olub. Qaz ehtiyatları və coğrafi yerləşmə ilə yanaşı, bu, həm də əlavə inam resursudur. Bu inam isə CQD layihəsinə Türkmənistan və İran kimi yeni tərəfdaşların cəlbi baxımından da çox vacibdir. Əgər Aİ də bu layihənin dəstəklənməsində eyni dərəcədə ardıcıllıq, inadkarlıq nümayiş etdirərsə, CQD istehlakçılara qaz tədarükünün şaxələndirilməsinə kömək edəcək, onların dayanıqlığını möhkəmləndirəcək və Avropanın enerji təhlükəsizliyini gücləndirəcək.
"Yunanıstanda Aleksis Siprasın rəhbərlik etdiyi solçu SİRİZA blokunun hakimiyyətə gəlişindən sonra TAP layihəsi ətrafında müəyyən intriqalar baş qaldırıb. Yunanıstandan Afinanın bu layihədən daha çox gəlir götürmək istəyinə dair bəyanatlar gəlməyə başlayıb. Halbuki, Yunanıstan layihədəki payını artırmaq üçün maliyyə resurslarına malik deyil, tariflər isə Avropadakı normalara əsasən müəyyənləşdirilib. Odur ki, kiminsə payının artırılması nəzərdə tutulmayıb. Aleksis Sipras hələlik Brüsseldən nəhəng dövlət borcunun silinməsi, ödəniş müddətinin uzadılması və digər məsələlərdə güzəşt də əldə edə bilməyib. O, bu yaxınlarda Moskvaya yollanıb. Orada Siprasa bir çox vədlər verilib.
Baş nazir Rusiyanın "Qazprom" şirkəti tərəfindən həyata keçiriləcək, lakin Avropa İttifaqı tərəfindən dəstəklənməyən "Türk axını" layihəsinə də dəvət olunub. Moskva səfəri zamanı hər hansı qərarın qəbul edildiyinə dair bəyanatlar olmayıb. Amma yunanlar TAP-la bağlı qeyri-müəyyənliyi davam etdirirlər. Yeri gəlmişkən, bu, Yunanıstanın məsuliyyətli tərəfdaş və imzalanmış sazişlərin iştirakçısı kimi, onsuz da, yaxşı olmayan imicini bir qədər də korlayır", - R.Musabəyov hesab edir.
Orxan Hun
Milli.Az