İqtisadi NATO, yoxsa Avropanın işğalı? - ARAŞDIRMA

3 May 2015 22:15

Avropa şəhərlərində Trans-Atlantik Ticarət və İnvestisiya Tərəfdaşlığının (TTİT) yaradılmasına etiraz olaraq keçirilən aksiyalar dünyada azad ticarət və investisiya zonasının yaradılması ilə bağlı bəlkə də ən nəhəng razılaşmanı yenidən diqqət mərkəzinə gətirib. Layihəyə münasibət birmənalı deyil, bu istiqamətdə aparılan danışıqların şəffaf olmadığına dair ittihamlar var. Razılaşma ilə bağlı informasiyaların son dərəcə məxfi saxlanılması müxtəlif spekulyasiyalara və versiyalara yol açır.
 

TTİT (Transatlantic Trade and Investment Partnership) ABŞ ilə Aİ arasında azad ticarət zonasının yaradılmasını nəzərdə tutur. Bununla tərəflər arasında iqtisadi-ticari münasibətlərdə ixracla bağlı tarif problemləri aradan qalxacaq, texniki reqlamentlər və standartlar vahid şəklə salınacaq, nəhəng bazar dünya ÜDM-nin, təxminən, yarısını, beynəlxalq investisiyaların üçdəikisini və qlobal ticarətin dörddəüçünü özündə birləşdirəcək.

TTİT-nin yaradılmasına dair danışıqların aparıldığı haqqında xəbərlər KİV-ə ilk dəfə 2013-cü ilin yayında "sızıb". Halbuki, hələ 90-cı illərdə onun haqqında "Trans-Atlantik azad ticarət zonası" adı ilə bəhs olunurdu. Bu il sazişin hazırlanması gözlənilir. Bundan sonra ABŞ Konqresinin və Aİ ölkələri parlamentləri, eləcə də hökumətlərinin sənədi ratifikasiya etməsinə 1,5 il vaxt veriləcək.
 

TTİT-nin əsas hədəfi kimi Atlantikanın hər iki tərəfində iqtisadi inkişafa nail olunması göstərilir. Demək, söhbət həm də əhalinin rifahının yüksəldilməsindən, yüz minlərlə, bəlkə də milyonlarla yeni iş yerinin açılmasından, üstəlik əmək hüququ və ətraf mühitin mühafizəsilə bağlı yüksək standartların tətbiqindən gedir. Əsas diqqətin qanunun aliliyinə, enerjinin əldə olunması və şaxələndirilməsinə yönəldilməsi planlaşdırılır. 10 ildən sonra Aİ-də ÜDM-in 150, ABŞ-da isə 115 milyard dollar artacağı gözlənilir.
 

Amma bu tərəfdaşlığın bir çox ciddi mənfi tərəfləri də var. İlk olaraq mənfi məqamlar kimi ticarət-investisiya sahəsində tənzimləmə və istehlakçıların hüquqlarının müdafiəsində geriləmə təhlükələri göstərilir. Bəzilərinin fikrincə, bu sazişin qüvvəyə minməsindən sonra nəhəng şirkətlər Aİ-nin ekologiya, səhiyyə və ərzaq təhlühəsizliyi ilə bağlı qanunlarına məhəl qoymamaq imkanı əldə edəcək. Avropalılar, əsasən, onların bazarlarına Amerika ərzaqları və kosmetikasının daxil olmasına etiraz edirlər. Çünki bu məhsullar Avropa standartlarına cavab vermir. Məsələn, onların tərkibində genetik modifikasiya olunmuş inqrediyentlər, bəzi zəhərli maddələr var. Hazırda Avropa ərazisində Amerikanın mal ətinin satışı qadağandır. Yeni sazişin qüvvəyə minməsi ilə isə bir anda Avropa supermarketləri bu məhsulla dolacaq. İlkin mərhələdə ət məhsullarının ucuz olması Avropa vətəndaşlarının büdcəsinə fayda gətirəcək.

Lakin zaman keçdikcə Avropa istehsalçıları geri gedəcək, nəticədə iş yerləri, milli büdcələrin gəlirlərilə bağlı problemlər yaranacaq. Hesab olunur ki, Aİ ölkələrinin milli iqtisadiyyatlarında bir çox sahələr Amerika ilə rəqabətə tab gətirməyə bilər. Milli biznes isə məlum olduğu kimi, Avropanın orta sinfinin əsas dayağıdır. Bəzi ekspertlərin fikrincə, ÜDM-də artım heç də gözlənildiyi qədər olmayacaq. Taftsa Universitetindən olan Ceronim Kapaldonun apardığı "TTİT: Avropada dezinteqrasiya, işsizlik və qeyri-sabitlik" adlı araşdırmada bildirilir ki, qənaətciliyin, iqtisadiyyatda zəifləmənin və işsizliyin hökm sürdüyü hazırkı şəraitdə saziş ümumilikdə Aİ üçün mənfi nəticələr verəcək. TTİT Avropa İttifaqı vətəndaşlarının təxminən 600 min iş yeri itirməsinə səbəb ola bilər. Avropalılar hesab edirlər ki, perspektivdə TTİT səhiyyə, təhsil sahələrinə də mənfi təsir göstərəcək, sosial təminatların azalmasına yol açacaq. Hesab olunur ki, TTİT-in əsas tərəfdarları nəhəng maliyyə, sənaye və ticarət kapitallarıdır. Söhbət, əsasən, Amerikanın, həmçinin Avropanın transmilli korporasiyalarından, onların maraqlarını təmsil edən sahibkarlıq və lobbiçilik assosiasiyalarından gedir. Yeri gəlmişkən, TTİT xüsusi dövlətüstü arbitraj məhkəmələrimnin yaradılmasını da nəzərdə tutur. Onlar dövlətlər və şirkətlər arasında mümkün mübahisələrin həlli ilə məşğul olacaq.

Odur ki, real təhlükə ortadadır: tarixdə ilk dəfə olaraq faktiki hakimiyyət korporativ strukturların əlinə keçə, Aİ hökumətləri isə vəziyyətə təsir göstərmək imkanından məhrum ola bilər. Bu mənada TTİT-ni bəzən "iqtisadi NATO" da adlandırırlar.
 

Odur ki, Aİ-də TTİT-ni heç də bütün siyasi isteblişmentin dəstəkləməməsi təəccüblü deyil. Layihənin əsas tərəfdarları xristian-demokratlar, liberallar və sağ-mərkəzçilərdir. Sosial-demokratlar daha çox tərəddüd içərisindədirlərsə, solçular, "yaşıllar" və qatı sağçı millətçilər ABŞ-la müvafiq sazişin imzalanmasına qəti etiraz edirlər. Sonunculara misal kimi İtaliyanın "Şimal Liqası" və ya Fransanın Milli Cəbhəsini göstərmək olar. Milli Cəbhənin lideri Jan-Mari Le Pen Avropanın artıq öz valyutasından və sərhədlərindən məhrum olduğunu, indisə bazarlarını da itirmək təhlükəsilə üz-üzə qaldığını bildirir... Avropa Parlamentinin deputatı, İspaniyanın "Birləşmiş solçular" partiyasının üzvü Marina Albiol isə hesab edir ki, TTİT "vətəndaşların hüquqlarını sovurub-aparacaq qasırğa" olacaq. Maraqlıdır ki, TTİT Avropada mövcud olan siyasi trendi bir daha təsdiqləyir: sistem partiyaları ciddi arqumentlər gətirə bilmirlər, qatı sağçılar və qatı solçular isə daha çox ümumi dil tapa bilmək bacarıqlarını nümayiş etdirirlər. Yeri gəlmişkən, unutmaq lazım deyil ki, hər iki cəbhədə məhz bu "qatı" qüvvələr vaxtilə Avropa Konstitusiyasını "dəfn etməyə" nail olmuşdular. Bəs TTİT necə olacaq? Üstəlik, həmkarlar ittifaqı təşkilatları da bu razılaşmaya qarşıdır.
 

Bütün bunlarla yanaşı, Avropa Parlamentinin əksər deputatları və Avropa Komissiyası TTİT-in yaradılmasına tərəfdardır. Onu Aİ-nin iqtisadi baxımdan daha nəhəng üzvləri, məsələn, Böyük Britaniya və Almaniya da dəstəkləyir. Almaniya kansleri Angela Merkel bu yaxınlarda verdiyi açıqlamada TTİT-nin yaradılmasının Avropadakı iqtisadi böhranın aradan qaldırılmasına kömək edəcəyini söyləyib. Almaniyanın ərzaq və kənd təsərrüfatı naziri Kristian Şmidt isə hesab edir ki, ABŞ ilə sazişin imzalanması Berlinin qarşısında böyük iqtisadi, tənzimləyici və geostrateji imkanlar açacaq.
 

Bununla belə, 2014-cü il dekabrın 9-da Avropa Komissiyasında razılaşmanın əleyhinə petisiya da qəbul edilib. Onu 1 milyondan artıq şəxs imzalayıb. TTİT ilə bağlı danışıqların növbəti raunduna bir neçə gün qalmış - aprelin 18-də isə on minlərlə avropalı etiraz aksiyalarına çıxıb. Madriddə, Barselonada, Berlində, Münhendə, Londonda, Lilldə, Bezansonda, Helsinkidə, Praqada və digər şəhərlərdə TTİT-yə qarşı etiraz aksiyaları keçirilib. Yanvarda anoloji aksiya Berlində təşkil olunmuş "Yaşıl həftə" yarmarkası çərçivəsində keçirilib. Nümayişə qatılanlar arasında təxminən 80 müxtəlif təşkilatın nümayəndələri olub - fermerlər, ətraf mühitin mühafizəsilə məşğul olanlar, sağlam qidalanma tərəfdarı olan istehlakçılar. Ötən ilin oktyabrında isə analoji tədbir Londonda təşkil edilib.

Bir-birinə zidd proqnozlar Aİ ölkələri vətəndaşlarını çaş-baş salır.
 

İndi TTİT-nin avropalılara və amerikalıları nə qazandıracağını söyləmək çətindir. Bir şey aydındır ki, bu sazişin imzalanması ÜTT və digər maliyyə institutlarının rolunu azaldacaq, bəlkə də TTİT-nin nə üçün, kimin maraqlarına, əsasən, yaradıldığına dair sualın cavabı da məhz bu məqamdadır. Dünyada, xüsusilə Çin, Rusiya, bəzi Asiya və Latın Amerikası dövlətləri tərəfindən Dünya Bankında, BVF-də, Asiya İnkişaf Bankında islahatların aparılmasına dair tələblər səsləndirilir. Bu qurumların əsasən Qərbin maliyyə və siyasi elitasının əlində olduğuna isə şübhə yoxdur. Eyni zamanda, Qərbin birbaşa təsiri olmadan alternativ düzən yaradılmaqdadır. Məsələn, Çin tərəfindən yaradılmaqda olan Asiya İnfrastruktur İnvestisiyaları Bankı (AİİB) Yaponiya və ABŞ-ın nəzarətində olan Asiya İnkişaf Bankını (AİB) meydandan çıxara bilər. Əksər müşahidəçilər hesab edirlər ki, AİİB Çinin əlində BVF və DB-yə müqavimət göstərmək üçün uğurlu alətdir.

Pekin üçün İpək Yolu Fondu da bu funksiyanı oynayır. AİİB və İpək Yolu Fondu tərəfindən həyata keçiriləcək layihələr Asiya-Sakit okean regionunda Çin modelində azad ticarət zonasının yaradılmasına, Çin standartlarının xaricə yayılmasına, Çin yuanının beynəlmiləşməsinə imkan verəcək. Yeri gəlmişkən, artıq Böyük Britaniya da AİİB-ə üzv olub və bəziləri bunu ABŞ üçün pis əlamət sayır. Məsələ ondadır ki, Britaniyanın ardınca eyni addımı Almaniya, İtaliya, Fransa, Avstraliya, Cənubi Koreya kimi ölkələr də atıb. Ümumilikdə, 57 ölkə bu bankın üzvü olmaq niyyətindədir və onların arasında Azərbaycan da var. Qərbə gedən yolu sanksiyalarla bağlanmış Rusiya da AİİB-ə böyük maraq göstərir. Moskva Aİİ-ni inkişaf etdirməyə çalışır, eyni zamanda Çin, CAR və Braziliya ilə birlikdə BRHÇC-nin İnkişaf Bankını yaradır. Bu bankın əsas diqqəti infrastruktur layihələrinin reallaşdırılmasına, ticarətin inkişafına yönəldəcəyi bildirilir. Bəziləri onu hətta DB və BVF-yə alternativ sayır.
 

Bu və digər yeni strukturların meydana çıxması ayrı-ayrı faktorlara - Aİ, ABŞ, Çin, Rusiya, Latın Amerikası - bölünmə demək deyil. Bunu Aİ-nin bir sıra üzvlərinin AİİB-ə qoşulması da göstərir. Üstəlik, TTİT-nin əsas tərəfdarlarından olan Angela Merkel bu yaxınlarda ölkəsi üçün Rusiya ilə böyük azad ticarət zonasının vacibliyini də dilə gətirib. Amma rahatlaşmağa, dünya ticarəti və beynəlxalq investisiyalar sahəsində sıx əməkdaşlığın qurulacağına ümidlənməyə dəyməz: ABŞ-ın timsalında Qərb mövqelərini xüsusilə Çin və digər Asiya ölkələri kimi əsas rəqibələrinə güzəştə getmək niyyətində deyil.

Vaşinqton maliyyə, xidmətlər, IT sahəsinin idarə olunmasındakı ciddi üstünlüyünü, həmçinin transmilli korporasiyalarını rəqiblərindən sığortalamağa çalışır və o buna TTİT kimi yeniliklərlə nail olmaq niyyətindədir. Məsələn, ABŞ üçün vacib olan Asiya-Sakit okean regionunda Transsakitokean tərəfdaşlığı adlı beynəlxalq iqtisadi-ticarət təşkilatının yaradılması da planlaşdırılır. O, mal və xidmətlərə görə rüsumların aradan qaldırılmasını, regionda azad ticarət zonasının yaradılmasını nəzərdə tutur. Bu halda o, dünya ÜDM-nin 40%-ni, beynəlxalq ticarət dövriyyəsinin isə dörddə birini özündə cəmləməklə, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) və Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatına (AİƏT) alternativ olacaq. Təşkilat artıq 13 ölkəni özündə birləşdirməyə nail olub və onun strukturu, hədəfləri TTİT ilə inanılmaz dərəcədə bənzərdir. Hər iki təşkilatın tərəfdarları da, əleyhdarları da eyni arqumentləri səsləndirirlər.

Rusiya ilə Qərb arasında gərginliyin artması, Yaxın Şərqdə səngimək bilməyən alovlanma və son illərin digər siyasi təlatümləri dünya iqtisadiyyatında yaşananları bir qədər kölgədə qoyub. Halbuki, siyasi ixtilafların səbəbi məhz dünyada aparılan iqtisadi bölgülərdir. İndi onun konturları daha aydın hiss olunur.

"Region Plyus"