Avtomobillərdən pul yığmaq üstündə iş yoldaşını bıçaqladı

21 Yanvar 2011 17:49
Bakının Səbail rayonunun ərazisində bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, qanlı hadisə yanvarın 19-u saat 21:20 radələrində Neftçilər prospektində qeydə alınıb.

Bakı şəhər sakini 34 yaşlı Coşqun Nağıyev döş qəfəsindən aldığı bıçaq xəsarətləri ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə təqsirli bilinən Elman Ağayev yanvarın 20-də tutulub.

İşin istintaqını aparan müstəntiq Ziya Əliyev Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, hər iki şəxs Neftçilər prospektində, daha dəqiqi, Hökumət Evinin qarşısındakı avtomobil dayanacağında gözətçi işləyirlər. Aralarında şəxsi zəmində mübahisə yaranıb və qanlı hadisəyə də səbəb elə bu olub.

Milli.Az xəbər portalının əldə etdiyi məlumata görə, hər iki şəxs Nəqliyyat Nazirliyinin əməkdaşlarıdır. Mübahisə isə avtomobillərdən pul almaq üstündə yaranıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az