“Xəzər dənizində təhlükəsiz əməkdaşlıq haqqında” saziş Milli Məclisin müzakirəsinə çıxarılır
21 Yanvar 2011 17:26
Milli.Az xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov 2010-cu il noyabrın 18-də Bakıda imzalanmış "Xəzər dənizində təhlükəsiz əməkdaşlıq haqqında" Saziş barədə məlumat verib. O deyib ki, Azərbaycan Prezidentinin imzası ilə parlamentə təqdim olunmuş bu Saziş çərçivəsində 5 Xəzəryanı dövlət - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan terrorçuluqla, mütəşəkkil cinayətkarlıqla, silah-sursatın və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə, qaçaqmalçılıqla, brakonyerliklə, insan alveri və qanunsuz miqrasiya ilə mübarizədə, həmçinin dəniz gəmiçiliyinin və üzgüçülüyünün təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlıq edəcəklər.
Fikir mübadiləsi zamanı qeyd olunub ki, bu Saziş Azərbaycanın milli maraqlarına uyğundur, Xəzərin statusunun müəyyənləşdirilməsi istiqamətində irəliyə doğru addımdır. Saziş bir daha göstərir ki, Xəzər dənizi hərbi çəkişmələrin meydanı deyil, sülh dənizi olmalıdır.
Sonra gündəlikdəki ikinci məsələ - "Azərbaycan Hökuməti ilə Qazaxıstan Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında" barədə məlumat verilib. Sazişin əhəmiyyətindən danışan Z.Əsgərov deyib ki, sənəddə fövqəladə hallarda qarşılıqlı yardımın göstərilməsi, fövqəladə halların proqnozlaşdırılmasına və qarşısının alınmasına dair məlumat mübadiləsi, əhalinin belə hadisələr zamanı ilkin tibbi yardım göstərməyə hazır olması üçün bu sahədə təcrübə mübadiləsinin aparılması, sənaye qəzaları və təbii fəlakətlər nəticəsində baş verə biləcək çirklənmələrlə bağlı ətraf mühit və əhali üçün riskin qiymətləndirilməsi, elmi tədqiqatların aparılması, mülki müdafiə sahəsində mütəxəssislərin hazırlanması və s. müddəalar nəzərdə tutulub.
Müzakirələrdə çıxış edən deputatlar bildiriblər ki, Azərbaycan fövqəladə hallar zamanı qonşu dövlətlərə yardım göstərilməsi sahəsində kifayət qədər təcrübəyə malikdir. Qazaxıstanla əməkdaşlıq bizim milli maraqlarımıza cavab verir.
Sonda hər iki saziş təsdiq olunmaq üçün Milli Məclisə tövsiyə olunub.
Milli.Az