Moldovanın baş nazirinə qarşı cinayət işi açılıb
30 Aprel 2015 20:52
Moldovada baş nazir Kirill Qaburiçə qarşı cinayət işi açılıb.
Anspress-in məlumatına görə, bunu Moldova Respublikasının daxili işlər naziri Oleq Balan deyib. Onun sözlərinə görə, baş nazir təhsil haqqında sənədləri saxtalaşdırmaqda ittiham edilir.
"İndiyədək bu işə cinayət prosesi çərçivəsində baxılırdı. Lakin bu gün qərara alındı ki, 361-ci (1) maddə ilə cinayət işi açılsın", - deyə Oleq Balan bildirib. Həmin maddədə saxta sənədlərin hazırlanması, saxlanılması, satışı və ya istifadəsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur.
Qeyd edək ki, bir müddət əvvəl Kirill Qaburiç haqqında belə bir məlumat yayılmışdı ki, guya o, 1995-ci ildə imtahanlardan keçə bilməsə də, ona Moldovanın bir neçə ali təhsil müəssisələrində təhsil almaq imkanı yaradılmışdı. KİV-lərdə həmçinin bildirilir ki, Rusiya Federasiyasında da ona qarşı cinayət işi açılmış, həbsinə qərar verilmişdi. Qaburiç bu dəfə saxta sənədlərin istifadəsində və sərhədi qanunsuz keçməkdə günahlandırılırdı.
Xatırladaq ki, 38 yaşlı Kirill Qaburiç 2015-ci il fevralın 18-dən baş nazir vəzifəsini icra edib. Buna qədər o, Moldcell şirkətində, daha sonra isə "Azercell" şirkətində baş direktor vəzifəsində işləyib.
Milli.Az