Riberi "Barselona" ilə oyuna yetişəcək?

30 Aprel 2015 17:04

Çempionlar Liqasının yarımfinal məhrələsində "Barselona" ilə qarşılaşacaq "Bavariya"da heyətlə bağlı ciddi problemlər yaşanır. Apasport.az saytı xəbər verir ki, zədələnərək mövsümü başa vuran Aryen Robbendən sonra Frank Riberinin də həmin matçlarda iştirakı sual altındadır.
  

Münhen klubunun idarə heyətinin rəhbəri Karl-Haynts Rummenigge zədəlilərin son durumu ilə bağlı məlumat verib.
  

O, Levandovskinin həmin görüşə hazır olacağını desə də, Riberi haqda bu qədər nikbin danışmayıb: "Levandovski üçün artıq xüsusi maska hazırlanıb. O, "Barselona" ilə görüşə həmin maska ilə çıxacaq. O ki qaldı Riberiyə, ümid edirəm ki, onu oyuna yetişdirmək mümkün olacaq. Həkimlər bunun üçün dayanmadan çalışırlar. Düzdür, ideal heyətlə mübarizə apara bilməyəcəyik. Lakin böyük klub belə vəziyyətdən çıxmağı bacarmalıdır".
  

Qeyd edək ki, "Bavariya"nın "Barselona" ilə oyunları mayın 6-da və 12-də keçiriləcək.

Milli.Az