Narkotacirlərin Azərbaycana 2,5 kq-a yaxın narkotik maddə keçirmək cəhdi alınmadı
29 Aprel 2015 16:35
Azərbaycanın gömrük orqanları qaçaqmalçılıq hallarına, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir. Bu istiqamətdə görülən qətiyyətli tədbirlər nəticəsində gömrükçülər narkotacirlərin respublika ərazisinə 2 kiloqram 480 qram narkotik maddə keçirmək cəhdinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, narkotik vasitə Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan, Ukrayna vətəndaşı Əsədov Niyazi Cavanşir oğlunun idarə etdiyi "Volkswagen Transporter" markalı, AK 1046 AP dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə və nəqliyyat vasitəsində olan yüklərə keçirilmiş gömrük baxışı zamanı aşkar edilib.
Belə ki, gömrük baxışı zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə nəqliyyat vasitəsindəki 1 ədəd yağ qutusunda olan yağın içərisində gizlədilən ağ rəngli polietilen bağlamaya bükülmüş vəziyyətdə, xalis çəkisi 2 kiloqram 480 qram bitki mənşəli kütlə, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
İstintaqla müəyyən edilib ki, Qarayev Dəyanət adlı şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə Ukraynada şəxsiyyəti istintaqla müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib, istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, 2 kiloqram 480 qram qurudulmuş marixuana narkotik vasitəsini əldə edib, yağın içərisində yerləşdirərək saxlayıb, Əsədov Niyazi Cavanşir oğlunun idarə etdiyi "Volkswagen Transporter" markalı sərnişin mikroavtobusunun salonunda daşıyaraq Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməyə çalışıb. Aparılmış əməliyyat tədbirləri zamanı Qarayev Dəyanət Babaxan oğlu Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Mineralnıye Vodı aviareysi ilə ölkə ərazisini tərk etmək istəyərkən saxlanılıb.
Beləliklə, Qarayev Dəyanət Babaxan oğlunun Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi toplanmış sübutlarla kifayət qədər təsdiq edildiyindən şübhəli şəxs qismində tutulub, Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı olan digər şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Milli.Az