ABŞ-ın Merilend ştatındakı Baltimor şəhərində kütləvi iğtişaşlar yenidən başlanıb. Ştatın qubernatoru Lerri Hoqanın müraciətindən sonra Nyu-Cersi ştatından Baltimora 150 polis əməkdaşı göndərilib.
Milli.Az ABC-yə istinadən bildirir ki, Nyu-Cersi ştatının qubernatoru Kris Kristinin qərarı belədir.
Baltimordakı iğtişaşlar zamanı 210 nəfər həbs olunub, 15 bina və 144 avtomobil yandırılıb, yüzlərlə dükan qarət olunub, 47 polis xəsarət alıb.
Kütləvi iğtişaşların səbəbi 25 yaşlı qaradərili Freddi Qreyin ölümüdür.
Qreyi saxlayan polislər onu vəhşicəsinə döyərək onurğasını sındırmışdılar. Qrey xəstəxanada, intensiv terapiya bölməsində keçinmişdi.
Fövqəladə vəziyyətin elan olunduğu Baltimor şəhərinə Milli Qvardiya hərbçiləri yeridilib. Şəhərdə komendant saatı tətbiq olunub.
ABŞ mediasındakı dünənki xəbər başlıqlarının arasında "ABŞ-da yeni Fergüsson var. O, Baltimordur" ifadəsi daha populyardır.
Baltimordakı etiraz aksiyalarının liderlərindən biri, qaradərili Çarli Uolker deyib: "Polisləri daşa basmaq, dükanları qarət etmək və yandırmaq, maşınları sıradan çıxarmaq bizim mübarizə yolumuz olmamalıdır. Dolların hakimiyyətinə zərbə vurmalı, korporasiyalara pul ödəməyi dayandırmalıyıq.
Onlar yalnız bunu anlayırlar. Pul onlar üçün çox vacibdir. Həyatlarımızı isə heçə sayırlar. Bu həşəratların köləliyində 400 il qaldıq. Onlar artıq kölə olmadığımızı hələ də anlamaq istəmirlər".
Milli.Az