Ölmüş çağaların ögey anası, ad gününə bənzəyən dəfn...

28 Aprel 2015 21:05
12 il əvvəl Bernarda Gallardo yerli qəzetdə, sonradan onun bütün həyatını dəyişəcək bir xəbər başlığı gördü. Atılmış bir çağa haqqında xəbəri oxuyandan sonra qərara gəldi ki, nəsə etsin.

"Onlar yenicə doğulmuş uşağı öldürüb zibilxanaya atmışdılar" - deyilirdi xəbərdə.

Balaca qızı 2003-cü ilin 4 aprelində zibilxanadakı qara zibil kisəsinin içindən tapmışdılar.
 

Milli.Az BBC-yə istinadən bildirir ki, Cənubi Çilinin Puerto Montt şəhərində zibillikdə eşələnən yoxsul adamlar çoxdur və çağanın cəsədini də belə adamlardan biri tapmışdı.
 

Gallardo sarsılmışdı. Onun fikrindən dərhal keçən bu çağanı insan ləyaqəti ilə torpağa tapşırmaq oldu.

"Uşaq diri olanda geyindirirsən, yedirib-içirirsən, beşiyə qoyursan. Amma çağan ölübsə, sənin yeganə çarən tabut alıb, onu ləyaqətlə dəfn etməkdir," - deyir qadın.

Onun öz taleyi
 

Amma Gallardo bunu da bilirdi ki, uşaq doğub ondan izal olmaq istəyənlər də var. Bunlar əsasən zorlama qurbanı olmuş yeniyetmə qızlardır. Üstəlik də əgər onları zorlayan atalıqları və elə öz atalarıdırsa, bu barədə danışmaqdan belə qorxurlar. Gallardo deyir ki, yeniyetmə qızlara təcavüz edənlərin əksəriyyəti elə ailənin öz adamları olur.
 

Onun özü 16 yaşında olarkən, 1976-cı ildə qonşuluqdakı bir kişi tərəfindən zorlanıbmış.

Bu zorlamadan o uşağa qalıb. Sonra dünyaya qız gətirib, onu özü, təkbaşına böyüdüb-ərsəyə çatdırıb.

O deyir ki, zorlanandan sonra dostlarının köməyi olmasaydı, batıb gedərdi.
 

Uşaqların atılmasına başqa bir səbəb isə, əlbəttə, kasıbçılıqdır.

"Qadınlar sadəcə olaraq daha bir uşağı yedirtmək imkanında olmurlar" - deyir Gallardo.
 

Avrora - dan ilahəsi
 

Çilidə hər il nə qədər uşağın atıldığını təxmin etmək çətindir. Rəsmi statistika ildə 10 uşağn atıldığını deyir, lakin real rəqəmin bundan qat-qat yüksək olduğu düşünülür. Əksər zibilxanalar qapalıdır və atılmış uşaqların cəsədləri çox vaxt heç tapılmır da.

Gallardonun bu atılmış uşağı dəfn etmək arzusu uzun və büroktratik bir süründürməçiliyin başlanğıcı olub.

O artıq çağaya ad da vermişdi. "Avrora" Roma sübh ilahəsinin adı idi. Axı bu uşaq öz ölümü ilə qaranlığa, doğrudan da bir işıq saçmışdı.

Əvvəlcə sağlıq barədə arayış
 

Lakin dəfn etmək üçün Avroranın cəsədini almaq asan iş deyildi. Çilidə əgər hər hansı meyitə yaxınları sahib çıxmayıblarsa, o da başqa "cərrahiyyə qalıqları" kimi insan tullantısı sayılır və utilizasiya edilir. Lakin Gallardo bunun qarşısını almaq üçün kifayət qədər cəld hərəkət edə bilmişdi.

Həkimlər uşağın nə vaxtsa sağ olduğu barədə arayış verməli idilər ki, sonradan onun dəfni üçün icazə alınsın. Buna görə də cəsədi müayinə etməli idilər.
 

Çox vaxt həkimlər arayış verirlər ki, uşaq ölü doğulub. Bunu ona görə edirlər ki, anaları başağrısından qoruya bilsinlər.
 

Hakim inanmırdı
 

Çilidə abort qadağandır və əgər ana uşağını hətta xəstəxanada atıb getsə belə, onu beş ilədək həbsxana cəzası gözləyə bilər.

Buna görə də, Gallardo uşağı övladlığa götürməliydi. Əvvəlcə işə baxan hakimin Gallardoya inanmağı gəlmirdi. O şübhələnirdi ki, Gallardo elə uşağın əsl anasıdır və indi peşman olub onun cəsədini istəyir.
 

Nəhayət hakimi inandırmaq mümkün olanda, o dedi ki, iş praktikasında bundan qəribəsinə rast gəlməyib. O, Çilidə ölmüş uşağı övladlığa götürmək istəyən başqa bir adam görməmişdi. Amma ürəyində inanırdı ki, Gallardo düzgün iş görür.

Ad gününə bənzəyən dəfn
 

Tibbi autopsiyanın keçirilməsinə aylarla vaxt getdi, lakin sonunda Avroranın cəsədini dəfn üçün Gallardoya verdilər.

Dəfnə 500 insan qatılmışdı. Bunlar Avroranın hekayətini qəzetlərdə aylarla izləmiş adamlardı.

Gallardo deyir ki, sanki adamlar ad gününə toplaşmışdılar. Burada çoxlu uşaq, həkim, tibb bacıları, jurnalistlər, sadə adamlar və bir də həmin hakim var idi.

Bəs Manueli nə edək?
 

Gallardo da istəyirdi ki, dəfnə çox adam gəlsin və insanlar bu barədə düşünsünlər. Axı hər uşağı övladlığa götürəcək dörd ailənin olduğu bir ölkədə uşaqlar niyə atılmalıdırlar?
 

Lakin Avroranın dəfninin elə ertəsi günü bir oğlan uşağının da atıldığı barədə xəbər yayıldı. Gallardo sarsılmışdı. Yəni doğrudanmı insanlar heç nə öyrənmədilər?
 

Amma onu artıq çoxları tanıyırdılar və adamlar gəlib soruşurdular ki, indi bu oğlan uşağı barədə nə tədbir görəcək.

Nəticədə Gallardo qərara gəldi ki, bütün Puerto Montt zibilxanalarına elan yapışdırsın: "Uşaqlarınızı zibilliyə atmayın!" O, bu elanda həm də bu yaxınlarda atılmış iki uşaq barədə məlumat verirdi. Avrora və...Manuel barədə.
 

Uşaqları atmaq üçün xüsusi guşə
 

Gallardo düşünür ki, ölkədə məişət zorakılığı və ailə planlaşdırması barədə maarifçilik işi aparılandan vəziyyət yaxşıya doğru dəyişib.

Lakin onun fikrincə, qanunlar hələ də yoxsul və təcavüzə məruz qalmış qadınlara qarşı yönəlib.
 

Təsadüf elə gətirib ki, onun öz ailə tarixçəsi də ətrafında baş verənlərə uyğun gəlir. Sən demə onun anasının nənəsini də çağa ikən İtaliyada bir yetimxananın pillələri üstünə atıb gediblər.
 

Gallardo istəyir ki, uşaqlarını atan qadınlıar üçün, məsələn, xəstəxanalarda bir salamat guşə ayrılsın. Analar uşaqlarını "anonim" şəkildə qoyub gedə bilsinlər.
 

Çiçək qoyub gedənlər...
 

Avroradan sonra Gallardo hələ Manuel, Victor və Christobal adlandırdığı çağaları da dəfn edib.

İndi o, başqa bir atılmış bəbənin - Margarittanın cəsədini övladlığa götürmə prosesindədir.
 

Gallardonun hekayəti cəmiyyətdə elə dərin iz buraxıb ki, Çili rejissoru Rodrigo Sepulveda bu barədə film çəkib. "Avrora" filmi bütün Çilidə göstərilib və dünya boyunca mükafatlara layıq görülüb.
 

Gallardo tez-tez dəfn etdiyi körpələrin məzarlarına baş çəkir və bəzən başqalarının da burada çiçək qoyub getdiklərini görür.

O düşünür ki, görəsən, bu çiçəkləri qoyub gedənlərin arasında uşaqların əsl anaları da varmı?
 

Milli.Az