Həyat marafon yarışı kimidir. Hər kəs birinci olmaq, maneələri dəf edib hədəfə çatmaq üçün bütün gücünü səfərbər edir. Həyat da belədir. İnsan ömrü boyu qarşısına çıxan problemlərlə mübarizə aparmaq, xoşbəxt bir həyat yaşamaq üçün hər zaman çalışmalıdır. Bunun üçün də insanda mübarizə ruhu, güclü xarakter və iradənin olması vacib şərtdir. Az deyil ətrafımızda başına gələn hər hadisəyə görə həyatdan küsən, hətta ən xırda uğursuzluqda belə boynuna ip salmağa hazır olan insanlar. Nəzərə almaq lazımdır ki, həyat mübarizə meydanıdır. Təslim olmaq əvəzinə, vəziyyəti düzəltməyə çalışmaq əksər hallarda müsbət sonluqla nəticələnir. Məşhur avtomobil istehsalçısı Henri Ford deyirdi: "Uğursuzluq, sadəcə olaraq, hər şeyə yenidən və daha müdrik şəkildə başlamaq üçün bir imkandır".
Yuxarıda sadaladığımız müsbət xüsusiyyətlər və insanı formalaşdıran bir çox məqamın təməli elə uşaqlıqda qoyulur. Bu, torpağa əkdiyin fidanın dibinə su tökməyə bənzəyir. Vaxtında çəkdiyin zəhmət zaman keçdikcə öz bəhrəsini verməyə başlayır. El arasında belə bir məsəl var ki, uşağın ayağına daş dəysə, ilk növbədə, valideynin canı yanacaq. Bir sözlə, uşaqların ruhən güclü olmasını təmin etmək onlara həyatın kiçik və böyük bütün çətinliklərinə qarşı mübarizə aparmaq bacarığı qazandırmaq deməkdir.
Mütəxəssislər hesab edirlər ki, iç dünyaları güclü olan uşaqlar aqressivlik nümayiş etdirmir və qarşısındakı insana qarşı kobud rəftar etmirlər. Uşağı mənəvi cəhətdən inkişaf etdirmək, onun daxilən mübariz və potensialını tam olaraq istifadə edəcək cəsarət və özünəinamı qazandırmaq deməkdir.
Psixoloqların fikrinə görə uşaqları mənəvi baxımdan güclü yetişdirmək üçün üç əsas nüansa diqqət yetirmək lazımdır:
1) Uşağın mənfi düşüncələrdən uzaqlaşıb daha real düşünməsini təmin etmək.
2) Hisslərini idarə etməyi öyrətmək. Bu onlarda hisslərinə deyil, ağla əsaslanaraq qərar vermək xüsusiyyəti formalaşdıracaq.
3) Mövcud vəziyyətdən asılı olmayaraq, daha qənaətkar və məhsuldar olmağı onlara aşılamaq lazımdır.
Uşaqların daha güclü bir fərd olaraq formalaşması üçün valideynlərin aşağıdakı 10 maddəyə diqqət yetirmələri tövsiyə olunur.
Uşaqlarda xüsusi bacarıqlar formalaşdırın
Övladınıza intizamlı olmağı aşılayın. Lakin unutmayın, intizam cəzayönümlü deyil, öyrədici olmalıdır. Uşağınızın xoşagəlməz davranışlarını ona problemi həll etmə, reaksiyalarını idarə etmə və nizam-intizam qaydalarını öyrətməyiniz üçün şərait yaradan bir vasitə olaraq dəyərləndirin. Beləliklə, övladınız gələcəkdə hər hansı uğursuzluqla qarşılaşdığı zaman ona öyrətdiyiniz bu bacarıqlar sayəsində müsbət yöndə qərarlar qəbul edəcək və daha məhsuldar davranacaqdır.
Xəta etməsinə icazə verin
Uşağınız hər hansı bir məsələdə səhv addım atırsa, buna mane olmayın. İcazə verin etdiyi xətalardan dərs götürməyi öyrənsin. Ona səhvlərin doğruları öyrənməyimiz üçün bir vasitə olduğunu və atdığı bu addıma görə özünü pis hiss etməsinə ehtiyac olmadığını izah edin. Hətta uşağınız üçün təhlükə ərz etmirsə, etdiyi səhvin nəticələri ilə üzləşməsinə mane olmayın. Növbəti dəfə eyni vəziyyətə düşməməsi üçün necə davranmalı olduğu haqqında ona məsləhətlər verin.
Mənfi hisslərdən uzaqlaşdırın
Uşaqlar hər hansı mövzuda uğursuzluqla qarşılaşdıqları zaman mənəvi olaraq zəifləyirlər. Uşağınıza mənfi düşüncələrdən uzaqlaşıb daha real düşünməyi öyrədin. Problemlərə pozitiv yanaşmaq uşağınızda ümidsizlik, inamsızlıq kimi xüsusiyyətlərin yaranmasını əngəlləyəcək.
Qorxuları ilə üzləşməsini təmin edin
Əgər uşağınızı qorxduğu şeylərdən uzaq tutursunuzsa, bu onda yaşadığı stresin öhdəsindən gəlməkdə acizlik yaradacaq və özünəinamı zəiflədəcək. Ola bilər ki, övladınız qaranlıq otaqda olmaqdan qorxur. Bütün otaqların işığını yandırmaq əvəzinə, ona qaranlıqda işığı görə bilmək üçün yardım edin. Çünki övladınız böyüdükcə və ətraf mühiti genişləndikcə sizin onu qorumaq bacarığınız zəifləyəcək. Bu zaman onun üz-üzə qaldığı qorxularının öhdəsindən necə gələcəyi barədə heç bir fikri olmayacaq. Lakin bu xüsusiyyət ona uşaqlıqdan aşılanarsa, onun üçün yaradılan güvənli bölgədən kənara çıxmaq cəsarəti qazandıracaq. Mütəxəssislər hesab edirlər ki, uşaqların güclü böyümələri bu şəkildə mümkündür.
Qoyun bir az özünü narahat hiss etsin
Yaşadığı hər hansı çətinlikdə uşağınıza yardım etmək istəyiniz normaldır. Lakin bilməlisiniz ki, bu onun özünü çarəsiz hiss etməsinə səbəb olacaq. İstər dərslərində, istərsə də yoldaşları ilə münasibətdə baş verən anlaşılmazlığı özü həll etməsi üçün şərait yaradın. Bu, uşağınızda problemlərin öhdəsindən təkbaşına gəlmək vərdişi yaradacaq. Onlar hisslərini idarə etməyi öyrənməklə yanaşı, mənəvi cəhətdən güclənəcəklər.
Xarakterinin formalaşması üçün səy göstərin
Uşaqların hər zaman sağlam qərar vermələri üçün güclü bir rəhbərə ehtiyacları olur. Ona daha çox əxlaqi dəyərlər aşılayın və bu dəyərləri mənimsəməsi üçün həyat dərsləri verin. Uşağınıza "nəyin bahasına olur olsun, qalib gəlmək" əvəzinə, ədalətli və vicdanlı olmağın önəmini öyrədin. Bu, uşağın öz dəyərlərinə sahib çıxmasına və başqalarının nə düşünməsindən asılı olmayaraq, doğru qərarlar qəbul etməyi bacaran bir fərd kimi formalaşmasına gətirib çıxaracaq.
Şükür etməyi öyrədin
Uşağınıza həyatındakı gözəl şeyləri görməsini təmin edin. Belə olduqda nə qədər pis hadisələrlə qarşılaşsa da, həyatda sahib olduqları gözəl şeylərin fərqində olacaq.
Məsuliyyət hissini aşılayın
Uşağın güclü xarakterli formalaşması üçün tələb olunan ən vacib xüsusiyyətlərdən biri də məsuliyyət hissidir. Belə ki, uşağınız etdiyi hər hansı səhvinin səbəbini açıqlayarkən bəhanə gətirməsinə imkan verməyin. Öz düşüncələri, hissləri və hərəkətlərinə görə başqalarını günahlandırmağın doğru olmadığını izah edin.
Emosiyalarını cilovlamaq qabiliyyəti formalaşdırın
Uşağınızın emosional davranışları sosial mühitdə həm sizin, həm də gələcəkdə özü haqqında xoşagəlməz fikirlərin formalaşmasına səbəb ola bilər. Övladınıza əsəbi, kədərli və qorxu kimi narahatedici hissləri tanıması və idarə etməsi üçün məsləhətlər verin.
Ona örnək olun
Psixoloqlar hesab edirlər ki, uşağa doğrunu öyrətməyin ən effektiv yolu ona davranışlarla örnək olmaqdır. Onlara hədəflərinizdən bəhs edin və daha güclü olmaq üçün addımlar atdığınızı göstərin. Hər hansı mövzuda zəifliyini ortaya çıxaracaq vəziyyətlərdən uzaq durun.