Hamid Kərzai: "Əfqanıstan Avropaya çıxmaq üçün "Bakı-Tiflis-Qars" layihəsindən yararlana bilər"

28 Aprel 2015 13:26
Əfqanıstan ümid edir ki, Azərbaycan Kabildə səfirlik açacaq və bu da ikitərəfli münasibətlərin inkişafına səbəb olacaq

Bu barədə Trend-ə açıqlamasında Əfqanıstanın sabiq prezidenti Hamid Kərzai iki ölkə arasındakı münasibətlərin perspektivlərinə dair sualı şərh edərkən bildirib.

Sabiq prezident iki ölkənin xalqları arasında tarixi və mədəni baxımdan ümumi cəhətlərə toxunub. Onun sözlərinə görə, Azərbaycan və Əfqanıstan regional təhlükəsizliyin möhkəmləndirilməsi üçün səylərini birləşdirməlidir.

"Əfqanıstan Bakıda səfirlik açıb və biz ümid edirik ki, Azərbaycan da Kabildə səfirlik açacaq. Düşünürəm ki, səfirliyin açılması Azərbaycan və Əfqanıstan arasında əməkdaşlığın güclənməsinə səbəb olacaq. Beynəlxalq və regional məsələlərdə birgə addımları fövqəladə dərəcədə vacib hesab edirəm. Əfqanıstan da ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır və biz Azərbaycandan Əfqanıstana qoyulan istənilən investisiyanı alqışlayırıq", - deyə H.Kərzai qeyd edib.

Əfqanıstan tərəfinin "Bakı-Tiflis-Qars" dəmiryolu layihəsində iştirakda maraqlı olub-olmaması ilə bağlı sualı şərh edərkən H.Kərzai vurğulayıb ki, bu layihə onun ölkəsi üçün yetərincə yaxşı alternativdir.

"Artıq Pakistan, İran, Özbəkistan və Tacikistan vasitəsi ilə olan marşrutlara əlavə olaraq, "Bakı-Tiflis-Qars" layihəsinin köməyi ilə də Əfqanıstanı Avropa ilə birləşdirmək asan olacaq. Biz bu layihəni yüksək qiymətləndiririk və ümid edirik ki, layihə Əfqanıstana da fayda verəcək. Bu gün Azərbaycanla yaxşı münasibətlərimiz var və biz bu münasibətlərin möhkəmlənməsində maraqlıyıq", - deyə sabiq prezident əlavə edib.

O, həmçinin Şərqlə Qərbin dialoqunda da Azərbaycanın rolunu vacib qiymətləndirib və ölkənin coğrafi mövqeyinə toxunub.

Ölkəsindəki proseslərə toxunan H.Kərzai qeyd edib ki, hazırda yeni prezident və yeni hökumət fəaliyyət göstərir: "Əfqanıstan xalqı demokratiyanı seçib və bu istiqamətdə irəliləməyə davam edirik. Ölkədə azad mətbuat var. Bundan sonra ölkədəki vəziyyət daha da yaxşılaşacaq".

Sabiq prezident ölkədə sülhün və təhlükəsizliyin bərpa olunması ilə bağlı problemlərə də toxunaraq təhlükəsizliyin təmin olunması ilə bağlı NATO-nun və tərəfdaş ölkələrin məqsədlərinə tam çatmadığını bildirib.

Milli.Az