Dünyanın ən populyar sosial şəbəkəsi Facebook daha bir önəmli yenilik edib. Facebook Messenger proqramında videozəng funksiyası istifadəyə verilib.
Milli.Az Gizmodo-ya istinadən bildirir ki, iOS və Android əməliyyat sistemli smartfonlarla planşetlərin sahiblərinin artıq yararlana biləcəkləri funksiya 18 dövlətdə işə salınıb.
Digər regionlarda Facebook Messenger istifadəçiləri videozəng funksiyasından bir neçə ay sonra yararlana biləcəklər.
Smartfon və ya planşet sahibi video vasitəsilə ünsiyyət rejiminə keçmək üçün açıq söhbət seansı zamanı ekranın yuxarı sağ küncündəki kamera ikonasına toxunmalıdır.
Servis krossplatformalıdır, yəni iOS və Android əməliyyat sistemli qacetlərin sahibləri asanlıqla ünsiyyət qura bilərlər.
Facebook Messenger proqramının aylıq auditoriyası artıq 700 milyon nəfəri keçib. Proqram hazırda pul köçürülməsi funksiyasına malik olmaqla yanaşı, kənar proqram istehsalçıları üçün açıq və tammiqyaslı platformaya çevrilib.
İki həftə əvvəl Facebook Messenger-in fərdi kompüterlər üçün əlahiddə veb-versiyası da istifadə verilmişdi.
Bununla yanaşı, biznes və müştərilər arasında effektiv təmaslar qurmaq üçün Businesses on Messenger proqramının da istifadə verilməsi nəzərdə tutulub.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.