Nemət Pənahlının qardaşı da xuliqanlıqda ittiham olunur

21 Yanvar 2011 11:43
Bu barədə Trend-ə Nəsimi rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, Səməd Pənahlı barəsində Nəsimi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xuliqanlıq (221-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. Səməd Pənahlı yanvarın 19-da saxlanılıb.

Nemət Pənahlı barəsində də Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Yanvarın 7-də, gecə 21:20 radələrində Bakı şəhər sakini Eldəniz Rzayev mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng edərək Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində Nemət Pənahlı və Ceyhun Fərzullayev tərəfindən hədələndiyi, o cümlədən döyüldüyü barədə məlumat verib. Onun məlumatı əsasında Nemət Pənahlı və Ceyhun Fərzullayev saxlanılıb. Onlar barəsində Nəsimi rayon məhkəməsi tərəfindən yanvarın 10-da 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, insident maşın alqı-satqısı ilə bağlı yaranan mübahisə zamanı baş verib.

Milli.Az