“Alim”in beyin yırtığı...

25 Aprel 2015 21:43
ADNA-nın artıq dünyasını dəyişmiş rektoru 2 il əvvəl 80 yaşlı akademik Ramiz Qurbanovu Məkkə ziyarətinə getmək istədiyinə görə işdən çıxaranda biz ifratın bir qütbünü gördük.

Elmlər Akademiyasının əməkdaşı Yerin kürə formasında olmadığını iddia edəndə isə başqa bir qütblə üzləşdik. Bu ölkədə normalar kəsişmir, absurdlar isə qol-boyundur.

Ramiz Qurbanovun kristal təmiz insan və böyük alim olduğunu istisnasız bütün tələbələri təsdiqləyərdi zənnimcə. Eyni kəlmələri "elm senzoru" rolunda çıxış edən mərhum rektor barəsində isə həm sağlığında, həm də indi söyləyə biləcək kəsləri əldə çıraq axtarmaq lazım gələr.

Söhbət bütün ömrünü elmin inkişafına sərf etmiş, təkcə xarici ölkələrdə 103 elmi əsəri çap olunmuş, 26 müəlliflik şəhadətnaməsi və patentə sahib olan, ADNA-nın hələ sovet dönəmində prorektoru, sonra isə indiki Texniki Universitetin rektoru olmuş Ramiz Qurbanovdan gedirdi. Onun həcc ziyarətinə yollanmaq arzusunu az qala mövhumat kimi qələmə verib bu qədər böyük təcrübənin üstündən xətt çəkənlər Azərbaycan aliminə qiymət verməməkləri bir yana, sadəcə yaşlı bir insanın olsun ki, son arzularından birinə mane olduqlarının fərqində deyildilər. O hadisə onunla nəticələndi ki, Ramiz Qurbanov işini itirdi, ancaq istəyini reallaşdırdı.

Bu olaya az qala dinlə elmin ziddiyyəti rakursundan sağlam ağılın mövhumat üzərində qələbəsi kimi baxanlar əsl təhlükələrə mükəddər duraraq susmaqdadırlar. Məsələn, Elmlər Akademiyasında "elmi-dini konfrans" (absurdun şedevri) keçirir, Mirmöhsün ağanın irsinə "elmi qiymət" verir, elmi müəssisələrdə açıq-aşkar xurafat yayılır - danışan yoxdur.

Ramiz Qurbanovun sırf fərdi xüsusiyyət daşıyan əməlinə (bunun onun elmi yaradıcılığına heç bir aidiyyəti yox idi) ostrakiya ilə cavab verənlər EA işçisinin elmin sütun təlimlərindən olan Kopernik təlimini kənara tullayıb dördbucaqlı, yaxud yastı Yer modelindən danışmağına biganə yanaşırlar.

Halbuki çoxdan bəllidir: elm - bilikdir, din isə inamdır. Və dini ehkamların elmi biliklərlə heç bir əlaqəsi yoxdur. Elmi biliklər müşahidəyə, təcrübəyə, sübutlara əsaslanır, dini sahədə bunların heç birinə ehtiyac duyulmur.

Bir sözlə, elmi nəzəriyyələrdən imtina edib dini ehkamı bilik kimi təbliğ edən birisi hələ də Elmlər Akademiyasının elmi (dini yox!) işçisi sayılmaqda davam edirsə, biz hamımız patoloji mənzərə ilə qabaq-qabağayıq.

Bu da dövrümüzün acı reallığıdır - elmin və alimlərin gözdən salınması və əhəmiyyətsizləşdirilməsi prosesi totaldır, illərdir davam edir.

Hazırkı diskursda əsas təlqin olunan ehkam ondan ibarətdir ki, həqiqi, sübut olunmuş heç nə yoxdur, yalnız rəylər var. Və istənilən rəy digər rəydən nə daha sanballıdır, nə də daha yüngül. Yəni daha heç bir sübuta ehtiyac duyulmur, yetər ki, rəy olsun. Nəticədə hər yerdə (internetdə isə xüsusilə) saysız-hesabsız "bilicilər" peyda olaraq qətiyyətli formada hər şeydən, bütün sahələrdən danışır, öz rəylərini son instansiyada həqiqət kimi sırıyır, adeptlər də toplayırlar. Onları bəhs etdikləri barədə ənənəvi elmin hansı fikirdə olduğu qəti maraqlandırmır.

Və o gün çox yaxındadır ki, elm məbədləri sayılan universitetlər və Elmlər Akademiyası psevdo-elmin yayıcılarına çevriləcək. Tribuna var, çap imkanları var, auditoriya var, tanınmağın qısa yolu absurd rəylərdən keçir, müqavimət isə yoxdur.

Yerin kürə formasında olmadığını iddia edən o "alim"in isə yaxın zamanda akademik olması ehtimalı olduqca yüksəkdir. Halbuki cəmisi 25 il əvvəl belələrini elmi dairələrin heç min kilometrliyinə buraxmazdılar. İndi isə onlar düz mərkəzdədirlər.

***

Həmin "alim"in timsalında biz həm də bəzi "elm qoruyucuları"nın mənəvi-əxlaqi statusuna da qiymət verə bilərik. Həmin personaj sosial şəbəkələrdə bu günlərdə yenidən peyda oldu və öz beyin ifrazatını ictimaiyyətə təklif etdi.

Dəyərlərin deqradasiyasının simptomlarından biri ölümə münasibətdə patetik tonun itirilməsidir. Antihumanizm normaya çevrilib.

26 yaşlı gənc qız faciəvi şəkildə vəfat edib. Bu "alimciyəz" o qızı şəxsən tanımır. Heç olmasa susa bilər. Üstəlik, bilir ki, o qız (Nərgiz Yaqublu) barəsində minlərlə insan necə yüksək fikirdədir, onun vaxtsız ölümünə göz yaşı tökür və bu hörməti o qız faciəvi sonluğuna görə yox, hələ illərlə əvvəl, sağlığında qazanıb.

"Alimciyəz" isə faciəni siyasi iplərlə naxışlayır - sən demə, qız müxalifətçi olmasaydı, bu cür faciəvi ölümlə və vaxtsız ömrünü başa vurmazdı. Bunları yazır, hətta dini "sübutlar"la "möhkəmlədir". Bir neçə saat sonra isə hansı qələti etdiyini onun üzünə kütləvi şəkildə çırpanda, statusunu pozur, profilini qapayır, hətta üzr istəyir. Sonra da heç nə olmamış kimi yollanır Elmlər Akademiyasındakı iş yerinə - elmi fəaliyyəti ilə məşğul olmağa.

Eyni personajın həm alim, həm də insan kimi yarıtmazlığı olduqca üzdə deyilmi? Və onun kimilərinin istənilən rəyi cəmiyyətə soxuşdurmaq cəhdlərinin arxasında indiki dövrdə çox populyarlaşmış "ifadə azadlığı" dayanmırmı? (Onu tənqid-təhqir edənlərin bəziləri də eyni addımı başqa sahələrdə atdıqlarının fərqində deyillər. Yəni "kor kora kor deməsə..." prinsipi).

Alın, bu da sizə müasir alim-insan modeli. Bütün mədəni paradiqmalar sürüşüb. Bu, sadəcə beyin yırtığıdır. Diaqnoz var. Müalicə isə yoxdur. Çünki müalicə ilə məhz həmin diaqnozun daşıyıcıları məşğul olmağa iddialıdırlar.

O "alim" isə heç də unikum deyil. Hər sahədə onun kimiləri var. Öz beyinlərinin kvadrat fikirləri ilə yastı Yer kürəsində məskunlaşıblar. Və bizim dünyamızı musor yığınına çevirməkdədirlər...

Məmməd Süleymanov
Virtualaz.org