Əsirlikdə "əriyən" azərbaycanlılar: onlar niyə Vətənə qayıtmaq istəmirlər? - ARAŞDIRMA
21 Yanvar 2011 11:57
Milli.Az xəbər portalı bildirir ki, sabiq Sovetlər Birliyinin Əfqanıstana qoşun yeritməsindən sonra oradakı hərbi hissələrdə xidmətdə olmuş on minlərlə hərbçi arasında azərbaycanlılar da vardı. Eynilə əfqan mücahidləriylə döyüşlərdə əsir düşənlərin arasında olduğu kimi.
Həmin sabiq əsirlərin sayı dəqiq bilinmir. Bilinən budur ki, Əfqanıstanda qalan və oranın vətəndaşlığını qəbul edən azərbaycanlılar geriyə, Vətənə dönmək istəmirlər.
Sadəcə, statistika...
1979-cu ilin dekabrında Sovet İttifaqının rəhbərliyi Əfqanıstana qoşun yeritməyə qərar verdi. Əfqanıstan Demokratik Respublikasına sovet hərbi kontingentinin yeridilməsi və yerləşdirilməsi 1979-cu ilin dekabrın 25-də başlandı, 1980-ci ilin yanvarın 21-də başa çatdı.
Kontingentin tərkibində 40-cı ordunun idarəetmə strukturu, qərargahı, təminat və xidmət hissələri; 4 diviziya, 5 əlahiddə briqada, 4 əlahiddə alay, 4 döyüş aviasiyası alayı, 3 vertolyot alayı, 1 boru kəməri briqadası, 1 maddi-texniki təminat briqadası, habelə digər hissələr vardı.
1979-cu ilin dekabrın 25-dən ta 1989-cu ilin fevralın 15-dək, yəni, sovet qoşunları Əfqanıstandan çıxarılanadək bu ölkədəki kontingentdə Sovetlər Birliyinin 620 min hərbi qulluqçusu xidmətdən keçib. Onların 525.200 nəfəri (62.900 zabit) Sovet Ordusunun hissələri, habelə Dövlət Təhlükəsizlik Komitəsinin sərhəd və digər qoşunları, 5 min nəfər isə Daxili İşlər Nazirliyinin milis və Daxili Qoşunlar hissələrində xidmət ediblər.
Bundan başqa, həmin illərdə sovet qoşunlarında mülki heyət qismində 21 min nəfər çalışıb. Sovet ordusunun həmin illərdə Əfqanıstandakı qoşunlarının illik orta statistik sayı 80-104 min hərbi qulluqçu və 5-7 min mülki heyət olub.
Həlak olanlar, yaralar və xəstəliklərdən, qəzalar, bədbəxt hadisələrdən ölənlərin sayı 15.051 nəfər olub.
Sovet Ordusu 14.427, DTK hissələri - 576, DİN strukturları - 28, digər nazirliklər isə 20 nəfər itiriblər.
Əfqanıstandakı döyüşlərdə 417 hərbi qulluqçu əsir düşüb.
Onlardan yalnız 130 nəfər azad edilib və vətənlərinə qayıdıb.
Hazırda Əfqanıstanda sabiq Sovetlər Birliyinin 287 vətəndaşı əsir və ya itkin düşmüş sayılır.
Kağızdakı rəqəm az, onlar isə çoxdur
Milli.Az xəbər portalının əldə etdiyi məlumatlara görə, hazırda Əfqanıstanda olduqları dəqiqləşdirilmiş azərbacanlılar bunlardır:
1. Qədir Vəfadar oğlu Qədirov. Sıravi, 1961-ci ildə doğulub. 1980-ci ilin martın 8-də Herat vilayətindəki əməliyyatda əsir düşüb.
2. Əlihüseyn Ağahüseyn oğlu Hüseynov. Sıravi, 1965-ci ildə doğulub. 1984-cü ilin avqustun 21-də Kabuldakı əməliyyatda əsir düşüb.
3. İbrahim Maqsud oğlu Zahidov. Sıravi, 1962-ci ildə doğulub. 1983-cü ilin yanvarın 23-də Nanqarhar vilayətində əsir düşüb.
4. Elxan Əhməd oğlu Şərifov. Sıravi, 1960-cı ildə doğulub. 1980-ci ilin martın 31-də əsir düşüb.
Adlarını çəkdiyimiz şəxslərin Əfqanıstanda yaşadıqları və orada ailə sahibi olduqları vurğulanır. Onların hər biri ad və soyadlarını dəyişiblər, Əfqanıstan vətəndaşı olublar və geri qayıtmağı da düşünmürlər.
4 azərbaycanlının Əfqanıstanda "yerliləşməsi" barədə rəsmi məlumatlar sabiq Sovetlər Birliyinin Baş Hərbi Arxiv İdarəsi, indisə Rusiya Baş Hərbi Arxivinin kartotekalarındakı yazılara əsaslanır.
Lakin hərbi ekspertlər, xüsusilə də Əfqanıstan savaşında iştirak etmiş şəxslər bu rəqəmin onlarla dəfə çox olduğuna şübhə etmirlər.
Əfqanıstanda 6 il hərbi xidmətdə olmuş polkovnik Vladimir Quryev indi təqaüddə olsa da, döyüş dönəmlərini unutmayıb. Onun sözlərinə görə, əsir düşmüş sovet əsgərlərinə mücahidlər ilk əvvəl ağır işgəncələr verir, sonra isə vəhşicəsinə qətlə yetirirdilər.
"Amma sonradan mücahidlərin davranışlarında dəyişikliklər oldu. Bizdə olan məlumatlarda deyilirdi ki, onlar əsir aldıqları "şurəvi"ləri, yəni, sovet hərbçilərini əvvəlcə "Şəriət imtahanı"na çəkirmişlər. Yəni əsgərlərdən kəlmeyi-şəhadəti bilib-bilmədiklərini soruşublar. Kəlmeyi-şəhadəti deyən və bu minvalla da müsəlman olduğunu sübut edən əsgərə işgəncə vermirdilər. Doğrudur, bu əsgəri o ki var, əzişdirir, qul kimi işlədir, əziyyətlərə düçar edirdilər. Amma öldürmürdülər. Yox, müsəlman əsgərlər sağ qalırdılar. Nadir hallarda məlumat gəlirdi ki, mücahidlər müsəlman əsgəri öldürüblər", - indi Rusiyanın Arxangelsk şəhərində yaşayan Quryev Milli.Az xəbər portalının əməkdaşı ilə telefon söhbətində dedi.
Onun sözlərinə görə, xidmət etdiyi hissədə də azərbaycanlılar vardı və onların arasında əfsuslar, əsir düşənlər olub.
"Səhv etmirəmsə, əsir düşmüş əsgərlərimizin arasında 4 azərbaycanlı vardı. Onların üçünü qaytara bildik. Birinin taleyi isə mənə naməlumdur. Dedilər ki, bəs Məzari-Şərifdədir, sağ-salamatdır, üstəlik də adını dəyişib. Hər şey ola bilər, çünki belə hallara yetərincə rast gəlirdik orada. Vaxtilə sovet qoşunlarının tərkibində vuruşmuş, Əfqanıstanda əsir düşmüş və indi də orada qalmış azərbaycanlıların sayı barədə dəqiq heç nə deyə bilmərəm. Məndə belə informasiya yoxdur. Bildiyim budur ki, onların sayı çoxdur. 4 nəfər deyil, yox, ən azı 40-50 nəfər olarlar. Belə düşünürəm", - təqaüddə olan polkovnik dedi.
"Azərbaycanlılar? Hə, eşitmişəm, onlardan da vardı..."
BMT-nin Azərbaycandakı nümayəndəliyinin sabiq rəhbəri Paolo Lembo da vaxtilə Əfqanıstanda çalışmış diplomatdı. Lembo Bakıda çalışdığı müddətdə onunla görüşlərdən birində Əfqanıstandan söz düşmüşdü.
İtalyan diplomat Məzari-Şərifdəki işini, BMT-nin Əfqanıstandakı missiyasının tərkibindəki günlərini xatırlayır, danışırdı.
Əfqanıstandakı sovet əsirlərindən, xüsusilə də sonradan "yerliləşmiş"lərdən də bəhs etdi.
"Onların arasında çox millətlərin mənsublarına rast gəlmək olardı. Azərbaycanlılar? Hə, eşitmişəm, onlardan da vardı. Saylarını dəqiq bilmirəm, çünki əsirlərin arasında əfqan adlarını götürənlər, ölkənin müxtəlif yerlərində yaşamağa başlayanlar az deyildi. Hər halda ən azı 20-30 nəfər olardılar", - Lembo o vaxt söyləmişdi.
P.Lembo Əfqanıstanda əsir düşmüş soydaşlarımız barədə nələrisə bilirdi. Amma danışmadı - bütün israrlara rəğmən. Yalnız onu dedi ki, Qunduz, Bəhram, Məzari-Şərif və Kabildə vaxtilə əsir olan, sonra isə yerli vətəndaşlığı qəbul edib orada qalan azərbaycanlılar var.
Onların sayı nə qədərdir, adları nədir - italyan diplomat söyləmədi.
Sonra Paolo Lembonun Azərbaycanda səlahiyyət müddətti başa çatdı və o, ölkəni tərk etdi.
Tanıdığı, gördüyü "əfqanlaşmış" azərbaycanlılar barədə bildiklərini də özü ilə apararaq.
"Qorxurduq ki, qayıtsaq - güllələnərik"
Sabiq sovet əsirlərinin Əfqanıstanda qalaraq, orada kök-köməc atmaları və sonradan vətənlərinə qayıtmaq fikrində olmamalarına gəldikdə isə, bu paradoksun müxtəlif səbəbləri var. Lakin başlıca səbəb düşüncə, daha doğrusu, şüurun alt qatında, az qala üçgüdüdə olan təsəvvürlərdir.
Rusiyanın Kaluqa vilayətində doğulan, 1982-ci ildə Əfqanıstanda əsir düşən, İslamı qəbul edərək Zərifulla Xan olmuş Sergey Afanasyev indi babadır. Üç övladı, 4 nəfəsi var və yaşamından da razı təsir bağışlayır. O, "Al Jazeera" telekanalına verdiyi müsahibəsində də həyatı zillətli adam təsiri bağışlamır:
- Burada hamı necə, mən də elə. Pis yaşamıram. Yaxşı ailəm var, övladlarımdan razıyam, nəvələrimi də sevirəm. Mənim kimi yüzlərlə sabiq əsir var ki, Əfqanıstanda qalıblar. Aralarında hər millətdən adamlar var. Sovet İttifaqı dağılandan sonra geri qayıtmadıq. Hə, belədir. İlk vaxtlar qorxurduq ki, qayıtsaq KQB (Dövlət Təhlükəsizlik Komitəsi, - H.A.) tutar bizi, dərimizə saman təpər, sonra da güllələyər. Ən yaxşı halda həbsxanalarda çürüdərlər bizi. Ona görə qayıtmaq nədir - "şurəvi"lər olan yerlərə yaxın getmək istəmirdik. Sonra Sovet İttifaqı dağıldı, taliblər gəldi. Bir qədər keçdi, talibləri də qovdular. Amma yenə də qayıtmaq keçmir könlümüzdən. Yaxşı, qayıtdıq. Bəs ailəmizi nə edək?! Axı ailəmiz orada, bizim yerlərdə yaşaya, baş çıxara bilməz. Mən də buralara öyrəşmişəm. Yox, qayıdış mümkün deyil. Hər şey arxada qalıb. Köhnə yaraların qaysağını qopartmağa dəyməz.
"Onların sayını kim bilir ki, mən də biləm?!"
Əfqanıstanda yaşayan, sabiq Sovetlər Birliyinin qoşunlarının bu ölkədə döyüşlər apardığı illərdə əsir düşən və orada qalan azərbaycanlılar barədə məlumatlar almaq üçün hansı instansiyalara, kimlərə tutmadıq ki. Axırda özbək general Rəşid Dustuma üz tutduq.
Vaxtilə Əfqanıstan Milli İslam Hərəkatına başçılıq edən və 1992-ci ildə 2,5 milyon insanın yaşadığı ərazilərdə, daha dəqiq olsaq - Əfqanıstanın mərkəzi-şimal bölgələrində "Dustumistan" adlı "dövlət" yaratmış general indi Türkiyə, İran və Əfqanıstan arasında məkik dövrələr vuraraq yaşayır.
Əfqanıstandakı özbəklər də təbii ki, liderlərini dəstəkləyirlər və hələ də onu özlərinin hüquqi-faktiki rəhbəri hesab edirlər. General Dustumun maliyyə resursları hesabına yaradılan və onun təbliğatı ilə məşğul olan "Arzu TV" telekanalına yolladığımız məktubda cənab Dustumun bəzi suallarımızı cavablamağını xahiş etdik.
Üç həftədən sonra gələn cavabda bildirildi ki, "möhtərəm general çox məşğul olduğundan suallarımızı yalnız 2011-ci ilin fevral ayının sonlarında cavablaya bilər".
Suallarımız isə general Rəşid Dustumun dəstələrinin total nəzarətində olan bölgələrdə, yəni Əfqanıstanın Bəlx, Cauzcan, Fəryab və Gündüz vilayətlərindəki sabiq sovet hərbi qulluqçuları olmuş, əfqan mücahidlərə əsir düşəndən sonra ölkədə qalmış və indi də Əfqanıstanda yaşayan azərbaycanlılar barədə idi.
Əfqanıstan kütləvi informasiya vasitələrində yer alan xəbərlərə görə, həmin vilayətlərdə vaxtilə "şürəvi" olan, indisə Əfqanıstan vətəndaşı kimi yaşayan azərbaycanlılar var. Kimi onların sayının 60, kimi 20, kimi də təxminən 70 nəfər olduğunu deyir.
60-70 rəqəmləri inandırıcı təsir bağışlamasa da, indi Əfqanıstanda təxminən 20-30 azərbaycanlının yaşadığı real görünür. Buna dolayısı ilə əfqan və pakistanlı jurnalistlərin hazırladıqları reportajlarla yazılar da dəlalət edir.
Məsələn, Əfqanıstanın "Azad" telekanalının bu ilin əvvəlində yayımladığı süjetlərdən birində ölkədə yaşayan sabiq sovet əsirlərindən bəhs olunurdu. Jurnalistin dediyinə görə, Kabil və Məzari-Şərifdəki sabiq əsirləri hamısı indi yaxşı yaşayırlar.
"Onların arasında İslamı qəbul edənlər və sualımıza "əlhəmdüllah, müsəlmanam" cavabını verənlər də oldu. Lakin bu insanlar birinin İslamı qəbul etməsinə ehtiyac duyulmayıb, çünki özü müsəlmandır. Nəcib Malik Xanın dediyinə görə, Azərbaycanda doğulub", - əfqan jurnalist demişdi.
O "Nəcib Malik Xan"ın kim olduğunu və harada yaşadığı dəqiqləşdirməyə çalışdıqda isə bəlli oldu ki, həmin şəxs Məzari-Şərif sakini, 6 uşaq atası, tacirdir və keçmişi barədə də əsla danışmaq istəmir.
Ümumiyyətlə, sabiq Sovetlər Birliyinin Əfqanıstana yeritdiyi qoşunların tərkibində vuruşan, sonra də əsir düşən və həmin ölkədə qalan şəxslər arasında kütləvi informasiya vasitələri ilə əlaqəyə girənləri barmaqla saymaq olar.
Bunu Rusiya başda olmaqla, postsovet məkanı ölkələrinin bütün aparıcı mass-media strukturlarının Əfqanıstanda olmuş əməkdaşları təsdiqləyə bilərlər.
"Əfqanlaşmış" sabiq əsirlər arasında azərbaycanlıların olduğunu Əfqanıstandakı beynəlxalq antiterror koalisiyası kontingentindəki hərbi qulluqçular da dolayısı ilə təsdiqləyirlər. Di gəl, soydaşlarımızın konkret olaraq harada və nə zamandan bəri yaşadıqları, onların ad və soyadları barədə məlumatlar açıqlanmır.
Bəlkə də onların özləri açıqlamaq istəmirlər.
Həsən AĞACAN
Milli.Az