İstanbulun fəthi və imam Sadiq

24 Aprel 2015 21:55
1453-cü il, 20 aprel günü. Bizans imperiyasının paytaxtı Konstantinopol (indiki İstanbul) şəhərinin mühasirəsi artıq iki həftədir ki davam edirdi. Türk ordusu ardıcıl olaraq şəhərin üzərinə qurudan və dənizdən hücum edir, amma nəticəsiz qalırdı.

Orduda ruh düşkünlüyü yaranmaqda idi. Sultanın uğurlarına qısqanclıqla yanaşan bəzi əyanlar bundan istifadə edərək narazılığı daha da artırmaq istəyirdilər.

Bu arada Roma papasının göndərdiyi yardımla dolu olan üç böyük yük gəmisi bir Bizans gəmisinin müşayiəti ilə türklərin mühasirəsini yarıb Konstantinopola girə bildi. Bu hadisə bizanslıların ümidini daha da artırdı, əksinə, türk ordusunda yeni narazılıq dalğası yaratdı. Şayiələr gəzməyə başladı ki, yaxın günlərdə Avropanın xristian hökmdarlarının müttəfiq qoşunu Bizansa yardım etməyə gələcək.

İstanbulun mühasirəsi özünün ən böhranlı anına gəlib çatmışdı. Hətta ordudakı sərkərdələr də fikir ayrılığına düşmüşdülər. Bir hissəsi mühasirəni kəsməyin, bir hiissəsi də davam etdirməyin tərəfdarı idi.

Belə bir zamanda Sultan Mehmet öz ustadı Şeyx Ağşəmsəddindən məktub aldı. Ağşəmsəddin məktubun əvvəlində ordudakı vəziyyətdən xəbərdar olduğunu bildirir və mövcud şəraitin mürəkkəbliyini tam doğru şəkildə təsvir edirdi. O, israrla mühasirəni davam etdirməyi, ruhdan düşməməyi sultana məsləhət görürdü. Ağşəmsəddin hökmdarı inandırmağa çalışırdı ki, qələbə yaxındadır və bu həssas məqamda təşəbbüsü əldən vermək olmaz.

Məktubun ən maraqlı bölümü onun son hissələridir. Ağşəmsəddin yazırdı: "Mənə qəribə bir hal üz verdi. Qəmli bir halda oturmuşdum. Seyidlərin sultanı Cəfəri-Sadiq həzrətlərinin mənəvi işarəti nəticəsində Quran açdım (istixarə etdim). Bu ayə çıxdı: "Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içində əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir. (Atəş, əzab) onlara kifayətdir. Allah onlara lənət elədi (mərhəmətindən qovdu). Onları daimi bir əzab gözləyir!" (Tövbə, 68). Bu ayəyə görə, bu işdə çalışqanlıq göstərməyənlər, sənə tabe olmayanlar müsəlman deyil, münafiq hökmündədirlər və cəhənnəmdə kafirlərlə yanaşı olacaqlar. İşini möhkəm tutmaqdan və sərt davranmaqdan başqa çıxış yolu görünmür. Sonda Allahın yardımı ilə biz buradan xəcalətli deyil, sevincli və qalib halda dönəcəyik. Bəndə tədbir görər, təqdiri Allahın öhdəsinə buraxar. Hökm Allahdandır, amma bu yolda çalışmaq lazımdır. Allah Rəsulunun və səhabələrin sünnəsi də budur. Kədərli halda bir az Quran oxuyub yatdım, yuxuda indiyə kimi misli görünməmiş lütf və müjdələrə layiq oldum və təsəlli tapdım. Bunlar sənə boş söz kimi görünməsin. Lazm olanı et. Söylədiklərimin hamısı səni sevdiyimə görədir".

Bu məktubdan 40 gün sonra İstanbul türk əsgərlərinə təslim oldu...

(Məktubun mətni Muammer Yılmazın "Osmanlının manevi mimarları" kitabında verilmişdir).
 

İslam.az