ABŞ Rusiyadan yan keçən Transxəzər qaz kəmərinin tikintisi layihəsində Avropa İttifaqını tam dəstəkləyir.
Milli.Vz virtualaz.org-a istinadən bildirir ki, bu barədə Birləşmiş Ştatların energetika naziri Ernest Morits jurnalistlərə bildirib.
"Biz Xəzər qazının alternativ yanacaq mənbəyi kimi Avropaya nəqli planlarını tam dəstəkləyirik. Avropa Komissiyası energetika sahəsində çox həssas tələblər irəli sürüb, bura Avropanın yanacaq təchizatının şaxələndirilməsi və bazar nizamlanması da daxildir" - deyə amerikalı nazir bildirib.
Transxəzər qaz kəməri Xəzərin dibindən keçməklə dənizin Türkmənistan və Azərbaycan sahillərini birləşdirməlidir. Bu kəmərlə nəql olunacaq türkmən qazının daha sonra TANAP kəməri ilə Türkiyə üzərindən Avropaya nəqli planlaşdırılır.
Avropa Komissiyasının energetika məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç bu günlərdə bildirib ki, Türkmənistan və Azərbaycana Transxəzər qaz kəməri layihəsinə dair 2011-ci ildə imzalanmış memorandumu yeniləmək təklif edilib. Hazırda Brüssel bu təklifə cavab gözləyir. Azərbaycan hələlik Avropa Komissiyasının təklifinə reaksiya verməyib.
Milli.Az