Avropa Oyunlarının brendi "2015 Transform Avropa Mükafatı"na layiq görüldü

22 Aprel 2015 19:41

Bakı-2015 Avropa Oyunları və dizayn üzrə tərəfdaşı "SomeOne" şirkəti ötən gecə London-Breveridə keçirilən mötəbər "2015 Transform Avropa Mükafatı"nın vizual elementlərdən ən yaxşı istifadə nominasiyası üzrə birincilik qazanıb.
 

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, "Transform" mükafatları müəyyən nominasiyalar üzrə yaradıcı, strateji və kommunikasiya prosesi zamanı irəli sürülən ən uğurlu ideyaları qiymətləndirərək, bütün Avropada brendləşdirmə sahəsində əldə olunmuş ən yaxşı nəticələrin təntənəli şəkildə qeyd olunmasıdır.
 

Azərbaycanın təbii gözəlliyindən ilhamlanan rəngarəng və valehedici Bakı-2015 brendi Birinci Avropa Oyunlarının arenaları, biletləri, uniformaları və bütün rəsmi əmtəə avadanlıqlarının üzərində əks olunur.

Brendin mərkəzində Azərbaycan folklorunda birliyin təcəssümü olan nar ağacı yer alır. Ağacın müxtəlif idman növlərinin göz oxşayan piktoqramlarla işlənən hssələri ölkənin irsinin və mədəniyyətinin tarixi simvollarıdır.
 

Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Bu mükafat Birinci Avropa Oyunları üçün gördüyümüz hazırlıqlara bələdçilik edən yaradıclıq və innovasiya ruhuna verilən dəyərdir. Bakı-2015 brendi ev sahibi Azərbaycanın təbii gözəlliyinin və bütün qitənin zövq ala biləcəyi yenilikçi idman tədbiri həyata keçirmək arzumuzla duyduğumuz qürur hissini əks etdirir".
 

Bakı-2015-də brend üzrə direktor Dan Tomlinson bildirib: "Bakı-2015-in brend üzrə komandası, medallardan uniformalara qədər bütün əşyalarda istifadə olunmaq, bütün formalarda və ölçülərdə brendləşdirmə məqsədilə əlverişli görünüş yarada bilmək üçün səylərini səfərbər etdi".

Brendin görünüşü, daha öncə London-2012 Yay Olimpiya və Paralimpiya Oyunları üçün idman brendlərinin hazırlanmasını həyata keçirən məşhur "SomeOne" agentliyi ilə birgə əməkdaşlıq nəticəsində yaradılıb.
 

"SomeOne" agentliyinin yaradıcısı və icraçı direktoru Qari Holt qeyd edib: "Biz ötən 18 ay ərzində Avropa Oyunları Əməliyyat Komitəsi ilə həyata keçirdiyimiz əməkdaşlığın nəticəsi olan brendin layiq görüldüyü mükafata görə qürur duyuruq".
 

Oyunlara geri sayımın son mərhələdə olduğu müddətdə Bakı-2015 brendi ev sahibi şəhərin müxtəlif küçələrində elan və reklam lövhələrində əks etdirilir, eləcə də Birinci Avropa Oyunlarının möhtəşəm məşəl və çırağının önəmli hissəsini formalaşdırır.
 

Bakı-2015 brendi ilə www.baku2015.com saytında tanış olmaq mümkündür.

Milli.Az