"Azərbaycanı riyaziyyat ölkəsi saymaq olmaz"

21 Aprel 2015 18:58

Ələddin Məmmədli dünya olimpiadasında uğur qazanmağın yollarını açıqlayır

"Olimpiadada qızıl medal qazanmaq boks olimpiadasında qızıl medal qazanmaqdan asan deyil. Beynəlxalq olimpiadada 40-50 şagird qızıl medal qazanır və onlar fenomenal şagirdlər hesab olunurlar. Bizim riyaziyyat olimpiadasından qızıl medalımız yoxdur. Təbii ki, bu, bizim istəyimizdir". Bu fikirləri ötən həftə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdir müavini Emin Əmrullayev "Kaspi"yə açıqlamasında bildirmişdi. Beynəlxalq Riyaziyyat Olimpiadasından qızıl medal qazana bilməməyimizin səbəbinə isə akademik Zərifə Əliyeva adına liseyin təlim-tərbiyə işləri üzrə direkor müavini, riyaziyyat müəllimi Ələddin Məmmədli aydınlıq gətirdi.

Son 10 ildə iş görmək lazım idi

- Riyaziyyat üzrə keçirilən fənn olimpiadalarının zona yarışlarında və respublika final turunda şagirdlər qalib olsalar da, nədənsə beynəlxalq olimpiadadan qızıl medal qazana bilmirlər. Səbəb nədir?

- Olimpiada hərəkatını orta məktəblərdə şagirdlərin aldığı gündəlik təlim prosesinin öhdəsinə buraxmaq olmaz. Yəni şagirdlər gündəlik təlim prosesində savadlanırlar və bununla da guya gedib olimpiadada uğur qazanacaqlar, qətiyyən belə deyil. Olimpiada məsələləri fərqli xarakterdə olur. Orta məktəbdə həll edilən fizika, kimya və riyaziyyat məsələləri tamamilə başqa xarakterli olur. Olimpiada üçün suallar nəinki çətin hazırlanır, hətta tamamilə fərqli olur. Əgər orta məktəbin ən ağıllı və savadlı hesab edilən şagirdi olimpiadaya xüsusi olaraq hazırlanmasa, o, orta məktəbin ən savadlı şagirdi ola bilər, amma olimpiadada heç bir uğur qazanmaz. Həmin şagirdi bu şəkildə olimpiadaya göndərmək yanlışdır. Onun özünə inamı qırıla bilər və ya: "Sizin savadlınız olimpiadada "0" bal topladı" - deyə məktəbin rəhbərliyinə irad tutula bilər.

Olimpiada xüsusi hazırlıq tələb edir. Bu hazırlığı da təşkil etmək lazımdır. Bu prosesdə hazırlaşdıran müəllimlərə ehtiyac yaranır. Problem ondadır ki, olimpiadaya hazırlaşdıran riyaziyyat müəllimlərinin sayı çox deyil. Azərbaycanda, o cümlədən Bakı şəhərində çox az sayda müəllim tapılar ki, uşaqları sistemli şəkildə olimpiadaya hazırlaşdıra bilsin. Məsələ ondadır ki, bu, edilməyib. Bakı məktəblərinin ən qabiliyyətli şagirdlərini müəyyən bir seçimlə ortaya çıxarmaq olar. Bu il 47-ci Beynəlxalq Kimya Olimpiadası Bakıda keçiriləcək. Bildiyim qədər, olimpiadada 75 ölkə təmsil olunacaq və hər ölkədən 4 nəfər iştirak edəcək. Azərbaycanı təmsil edəcək 4 nəfəri seçmək üçün bu il Təhsil Nazirliyinin cavabdeh şəxsləri gözəl bir addım atdılar. Onlar bir neçə mərhələli seçim turu keçirdilər və elan etdilər ki, məqsəd dünya olimpiadasına Azərbaycanı təmsil edəcək ən savadlı 4 şagirdi müəyyənləşdirməkdir. Seçim turları qapalı test variantında oldu. 3-cü və 4-cü seçim turundan sonra 13 şagird müəyyənləşdiriblər. Qalan müddət ərzində həmin şagirdlərə Moskvadan dəvət ounan alimlər dərs keçəcək və bu şagirdlərin içərisindən ən qabiliyyətli 4 nəfəri seçəcəklər. İndiyə qədər eyni metodu riyaziyyat fənni ilə də bağlı eləmək lazım idi. Ölkəmizin müstəqillik əldə etdiyi vaxtdan 20 il keçib. Bunun 10 ili ölkənin çətin dövrləri olub. Amma son 10 ildə bu işi görmək lazım idi. Ən qabiliyyətli uşağı aşkara çıxarmaq və onlarla sistemli şəkildə məşğul olan müəllimləri müəyyənləşdirmək, onlara yaxşı əmək haqqı ödəmək və bu uşaqları da müəyyən dərslərdən azad etmək lazımdır. Şagirdlər bu cür yetişdirilib sonra dünya olimpiadasına göndərilsə, uğur əldə etmək olar. Məsələn, Türkiyə keçənilki dünya riyaziyyat olimpiadasında 18-ci, Azərbaycan isə 56-57-ci yerdə idi. Axı Türkiyədəki uşaqları həmin olimpiadaya hazırlayan komandanın üzvlərinin hamısı azərbaycanlıdır. Məsələn, onlardan biri məşhur şair Əli Kərimin oglu Azər Kərimovdur ki, o, Türkiyə yığma komandasının rəhbəridir. Vaxtilə bizim universitetdə dərs deyən Məhəmməd Tağıyev və başqaları da onların arasındadır. Biz elə o mütəxəssisləri Azərbaycanda saxlayıb şagirdlərimizi onların öhdəsinə buraxsaq, əlbəttə, uğur qazana bilərik. Azərbaycanda qazanılan uğurların böyük bir hissəsi də ölkəmizdə fəaliyyət göstərən türk liseylərinin payına düşür. Onlar uşaqları xüsusi hazırlaşdırıblar. Biz bu hərəkatı yaratmaq istədik. Bunun üçün dəvət etdiyimiz müəllimlər yaxşı pul istəyirlər. Bizdə çox qabiliyyətli uşaqlar var. Düzdür, olimpiadalar üçün seçilən uşaqlar az olur. Bu, dünyada belədir. Amma buna maraq göstərən uşaqlar var ki, onların içindən 4-5 nəfərlik yaxşı komanda düzəltmək olar.

Uzun illər olimpiadalar ədalətsiz keçirilib

- Olimpiada hərəkatına nə vaxtdan başlamaq lazımdır?

- Olimpiada hərəkatına aşağı siniflərdən, məsələn, hətta 5-ci sinifdən başlamaq lazımdır. O sinifdən başlayaraq, şagird artıq olimpiada məsələlərinə öyrədilməlidir. Çünki riyaziyyat fənni belədir ki, uşaq birdən-birə yuxarı sinifdə olimpiada məsələsi görəndə bu, onda şok effekti verir. Bu uşaqlar 5-ci sinifdən sistemli şəkildə seçilməli və olimpiada komandası müəyyənləşdirilməlidir. Həmçinin onlarla məşğul ola biləcək müəllimlərə yaxşı pul ödənilməlidir. Əks halda Azərbaycan dünya riyaziyyat olimpiadasında uğur qazana bilməz.

- Bizim ölkəmiz sovet dövründən bəri olimpiadalarda iştirak edir. Yəni bu ənənə var. Bəs nə üçün o dövrdə bizim şagirdlər riyaziyyat üzrə yüksək uğurlar əldə edə bilməyiblər?

- Sovet dövründə Azərbaycan beynəlxalq olimpiadada ayrıca təmsil olunmurdu, çünki biz müstəqil deyildik. Biz SSRİ komandasının tərkibində təmsil oluna bilərdik. Tanıdığım adamlar var ki, onlar Azərbaycan birinciliyində qalib olurdular və Moskvaya SSRİ birinciliyinə göndərilirdilər.Orada qalib olanları isə dünya olimpiadasına göndərirdilər. İş ondadır ki, bizim uşaqlar o vaxt da SSRİ birincisi olmayıb. Səhv etmirəmsə, 2-ci yer tutmaqla kifayətləniblər. Düzdür, bu gün yeni nazirin komandasından olanlar olimpiada məsələlərinə çox məsuliyyətli yanaşırlar. Olimpiadaların şəffaf və obyektiv keçirilməsinə çalışırlar. Çünki uzun illər olimpiadalar bizdə çox ədalətsiz keçirilib. Bu işə dırnaqarası baxıblar, kimlərsə layiq olmadıqları halda birinci yer tutublar. Bu cür yanaşma ilə heç nəyə nail olmaq olmaz. Düzdür, bizim şagirdlər riyaziyyatdan bürünc və gümüş medallar qazanıblar. Bu, riyaziyyat üçün yaxşı haldır. Sadəcə, biz qızıl medal da istəyiriksə, bu istiqamətdə çalışmaq lazımdır. Biz bunları etsək, əmin edirəm ki, qızıl medal qazana bilərik. Çinli uşaqlar həmişə riyaziyyat üzrə dünya olimpiadasında qızıl medal qazanırlar. Çünki onları uşaqlıqdan olimpiada istiqamətində hazırlaşdırırlar. Biz xüsusi hazırlığı kifayət qədər etməmişik. Ona görə də nəticə belədir. Onu da deyim ki, Azərbaycanı riyaziyyat ölkəsi də saymaq olmaz. Baxmayaraq ki, 13-cü əsrdə bizim Nəsrəddin Tusimiz olub. Bizim mütəxəssislər SSRİ-nin tərkibində olduğumuz dövrdə formalaşıb. Biz riyaziyyatı Rusiyadan idxal etmişik. Amma Rusiya özü də bir vaxtlar riyaziyyat ölkəsi olmayıb. I Pyotr öz dövründə Avropadan riyaziyyatçıları Sankt-Peterburqa dəvət edirdi ki, rus mujiklərinə riyaziyyat öyrətsinlər. Görün, 300 il ərzində Rusiya elm sahəsində nə qədər inkişaf etdi: nüvə silahı, böyük elmi potensialı, nəhəng alimləri var. Tibbi, hərbi sənayesi inkişaf edib. Bunlar hamısı elmin hesabına olub.

Dərsliklərin elmi yükü çoxdur

- Riyaziyyat dərslikləri ilə bağlı fikirləriniz də maraqlıdır.

-Dərsliklərdən əvvəl indi proqramlar tərtib olunub. Dərsliklər fənn kurikulumları əsasında hazırlanır. Bizdə riyaziyyat və bir çox digər fənlərdən dərslik yazmaq səriştəsi yüksək səviyyədə deyil. Bütün bunların hamısı peşəkar kadrların çatışmazlığı məsələsunə dirənir. Azərbaycanda peşəkar səviyyədə dərslik yaza bilən mütəxəssislər çox azdır və bunu gizlətmək lazım deyil. Heç kim də inciməməlidir. Fizika, kimya, tarix, hətta ibtidai siniflər üçün yazılan bir çox dərsliklərdə çox ciddi problemlər var. Biz birbaşa dərsliklərlə və uşaqlarla əlaqədə olduğumuz üçün dərsliklərin problemini çox gözəl bilirik. O uşaqların dərsliklərdən hansı səviyyədə istifadə edə bildiklərindən də məlumatlıyıq. Dərsliklərin elmi yükü həddən artıq çoxdur, əyanilik azdır, məzmuna çox şey qatırlar. İlk növbədə dərsliyin məzmununu yüngülləşdirmək lazımdır. Bu, fənn kurikulumları ilə tənzimlənməlidir. Fənnin məzmunu çox gərgin olanda dərsliyi yazan da ona uyğun yazır. Bizim mütəxəssislər uşağın dilində yazmağı bacarmırlar. Hələ riyaziyyat dərsliyi o biri dərsliklərdən qat-qat yaxşıdır. Amma bununla belə, riyaziyyatın da məzmununda ağırlıq var. Riyaziyyat məntiqi təfəkkürü inkişaf etdirmək üçündür. Analitik təfəkkürü imkişaf etdirmək üçünsə bu qədər yüklü məzmuna ehtiyac yoxdur. Nəticədə uşaq bezir və dərsliyi oxumur. Dərsliklərlə şagirdlərin arasında böyük bir uçurum yaranıb. Mən bunu əminliklə deyirəm. Azərbaycanda repetitorluğun bu dərəcədə geniş yayılmasının bir mühüm səbəbi də şagirdin dərslikdən birbaşa faydalana bilməməsidir. Məsələ bundadır ki, dərslikdən başqa bir resurs da yoxdur. Məsələn, azərbaycanlı şagird rus dilində oxuya bilmir. Azərbaycan dilində də hələlik dərslikdən başqa ciddi resurslar yoxdur. Ona görə dərslik yaxşı olmayanda ciddi problemlər yaradır. Fikrimcə, biz riyaziyyat, fizika, kimya və təbiət fənlərini dünyanın yaxşı dərsliklərindən tərcümə etməliyik. Sadəcə, düzgün seçmək lazımdır ki, dünyada hansı dərslik yaxşıdır və onlar da tərcümə olunsun. Sadəcə, o da müəyyənləşməlidir ki, nəyi və kim tərcümə edəcək. Dərslik uşağın dilinə o qədər yatımlı olmalıdır ki, uşaq onu "Cırtdanın nağılı" kimi oxusun. Sovet dövründə "Fizika hamı üçün" adlı kitab vardı. O qədər sadə dildə yazılmışdı ki, biz həvəslə oxuyurduq. Uşaqları bu şəkildə məhv eləmək olmaz.

- Riyaziyyatın üstünlüyü nədədir ki, bu sahədə uğur qazanmaq mütləqdir?

- Dünyada belə bir fikir var: kimlər ki riyaziyyatı zəif bilirlər, o adamları natamam adlandırırlar. Riyaziyyat ümumbəşəri dəyərə çevrilib. Riyaziyyatı yaxşı bilmək o deməkdir ki, beyin yaxşı işləyir, məntiqi təfəkkür var. O insanı siyasətdə, həyatda aldatmaq olmaz, onunla bacarmaq çətindir. O adam məntiqi mühakimələr yürüdə, proseslərə analitik, tənqidi təfəkkürlə yanaşa bilir. Ona görə riyaziyyatı yaxşı bilənləri bilməyənlərdən daha üstün sayırlar. Riyaziyyatı yaxşı bilən bütün sahələrdə uğur qazana bilər. Ona görə riyaziyyata qiymət vermək lazımdır.

Milli.Az