Milli.Az ICTnews-a istinadən bildirir ki, 2009-cu ildə Yahoo! və Microsoft şirkətlərinin imzaladığı 10 illik razılaşmaya əsasən, Yahoo! axtarış sistemi Bing mühərrikindən istifadəyə başlayıb və Microsoft korporasiyası tərəfdaşının axtarış sistemində reklam satışlarından 12 faiz gəlir əldə edib.
Yahoo! rəhbərliyi doğrulmamış ümidlər səbəbindən dəfələrlə bu birliyi pozmaq niyyətini elan edib. Müqavilə müddətinin yarısının başa çatması (2015-ci ilin fevralında) ilə əlaqədar şirkətlər əməkdaşlığı bitirə və ya onun şərtlərinə yenidən baxa bilərdilər. Məlum olduğu kimi, şirkətlər ikinci variantı seçiblər.
Yeni razılaşmaya əsasən, fərdi kompüter istifadəçiləri tərəfindən generasiya edilən axtarış trafikinin 51 faizinə Bing Ads reklamı, digər hissəsinə Yahoo Gemini və ya tərəfdaşların reklamı əlavə ediləcək. Yeni razılaşma hər iki tərəf üçün qarşılıqlı sərfəli görünür.
comScore analitik şirkətinin 2015-ci ilin fevralına olan məlumatına əsasən, ABŞ-ın internet axtarış bazarında Yahoo! və Bingin birgə payı 32,6 faizədək yüksəlib. Xatırladaq ki, 2009-cu ildə bu göstərici 28 faiz idi.
Milli.Az