İŞİD Tiflisi ayaqlandırdı - VİDEO

20 Aprel 2015 19:50

İŞİD - terror qruplaşmasının təxribatları Gürcüstanda pislənilib. Günahsız insanların qətlə yetirilməsinə etiraz edən yüzlərlə Tiflis sakini beynəlxalq güclərin qruplaşmaya qarşı mübarizə aparmadığını bildirib. Aksiyanı izləyənlər arasında TTV-nin Gürcüstan bürosunun əməkdaşları da olub.
 

TTV (Region TV) xəbər verir ki, Tbilisidə köhnə parlament binasının qarşısında keçirilən aksiyada paytaxt və ətraf rayonlardan gələn müxtəlif millətlərin nümayəndələri iştirak ediblər. Aksiya Tiflisdə fəaliyyət göstərən Gənc Vəkillər Assosiasiyasının və bir neçə qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə keçirilib "İŞİD, dayan!", "Terrorizm sərhəd bilmir!", "Qanlı əllərə yox!" və digər şüarlar səsləndirilən aksiyada günahsız insanların, xüsusilə uşaqların qətlə yetirilməsinə etiraz edilib.

İştirakçılar bildiriblər ki, "İŞİD" yalnız xristianları deyil, müsəlmanları da qətlə yetirir, uşaq və qadınları, qocaları amansızcasına və əzab-əziyyətlə öldürür, dinc və əliyalın əhalini kütləvi şəkildə məhv etmək üçün partlayışlar törədir. Nümayişçilər dünya ölkələrini qətliamlara səssiz qalmamağa çağırıb.
 

Aksiya iştirakçısı: "Mən Suriyadan gəlmişəm. Biz öz gözlərimizlə gördüklərimizi danışanda belə, o qorxuları yenə yaşayırıq. Bütün dəhşətli qətliamların arxasında "İŞİD" terrorçuları durur. Bura yığışaraq dünyadan istəyirik ki, bu uşaq cəlladlarının qarşısı alınsın".
 

Aksiya iştirakçısı: "Terrorun dini yoxdur, ancaq göz qabağındadır ki, İŞİD silahlıları bu cür cinayətlərə yol verirlər. Suriyada tək xristian yox, müsəlman uşaqlar da qətlə yetirilir. Ancaq təəssüflər olsun ki, söz sahibi olan böyük təşkilatlar - BMT və NATO buna susur".

Aksiya insidentsiz başa çatıb. Aksiyaların Gürcüstanın digər şəhərlərində də keçiriləcəyi gözlənilir.

Milli.Az