AŞ PA-ya çağırış edildi: "Ermənistana təzyiq edin!"

20 Aprel 2015 17:59
Milli Məclisin deputatı Qənirə Paşayeva AŞ PA sessiyasında təşkilatı azərbaycanlı girovlar Şahbaz QuliyevDilqəm Əsgərovun azad edilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıb.

Trend-in məlumatına görə, bu gün AŞ PA-nın yaz sessiyasının ilk günündə "Progress Report"un müzakirəsi zamanı Q.Paşayeva AŞ PA-nın bu istiqamətdə səylərini artırmasının vacibliyini vurğulayıb: "Bilirsiniz ki, bir neçə ay əvvəl Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qurulmuş separatçı, heç bir ölkənin tanımadığı və Ermənistanın dəstəklədiyi rejim tərəfindən girov götürülən azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normaları pozaraq insanlıqdan kənar əməllər həyata keçirilib. Bu günə qədər də bütün beynəlxalq çağırışlara, o cümlədən Avropa Şurasında bir sıra həmkarlarımız tərəfindən edilən çağırışlara baxmayaraq, ötən sessiyadan keçən dövr ərzində heç bir dəyişiklik baş verməyib və o insanlar hələ də girov saxlanılırlar. Onların ailələri Parlament Assambleyasından, əziz dostlar, sizdən dəstək gözləyirlər. Onların azadlığa çıxması üçün təşkilatımızı səylərini daha da artırmağa və bu məsələnin də sənəddə öz əksini tapmasına çağırırıq. Ümid edirik ki, siz o insanların haqlarının pozulmaqda davam etməsinə və ailələrinin çəkdiyi əzablara biganə qalmayacaq və bu məsələdə səylərinizi daha da artıracaqsınız".

Q.Paşayeva Ermənistanın hələ də Azərbaycan torpaqlarını işğalda saxlamaqda davam etməsindən danışaraq Avropa Şurasını sərt addımlar atmağa çağırıb: "Öz evinə dönə bilməyən, haqları Ermənistan tərəfindən pozulmaqda davam edən 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün sizi işğalçı Ermənistana təzyiq göstərməyə çağırır. Mən Assambleya üzvlərinin, həmkarlarımızın diqqətinə ötən sessiyadan keçən dövr ərzində Cənubi Qafqaz bölgəsində baş verən bəzi çox vacib məsələləri çatdırmaq istəyirəm və Assambleyanı təcili addımlar atmağa çağırıram. Azərbaycan və Ermənistan Avropa Şurasına daxil olan zaman Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində üzərilərinə öhdəlik götürüblər. Neçə illər keçməsinə baxmayaraq, heç bir nəticə və irəliləyiş yoxdur. Heç bir nəticənin əldə olunmamasının səbəbi Ermənistanın Asambleyanın qəbul etdiyi 1416 saylı qətnaməni uzun illərdir ki, yerinə yetirməkdən imtina etməsidir. Məhz bunun nəticəsində bölgədə vəziyyət getdikcə daha da gərginləşir. Mən sizin diqqətinizə son günlər bölgədə baş verən bəzi hadisələri çatdırmaq istəyirəm və Assambleyanı onlara ciddi diqqət yetirməyə çağırıram".

Millət vəkili bildirib ki, bir neçə gün əvvəl Ermənistanın atəşkəs rejimini yenidən mütəmadi olaraq pozaraq mülki insanları snayperlərlə hədəfə alması nəticəsində mülki vətəndaş öz evində, öz həyətində yaralanıb: "Avropa Şurası bu məsələyə laqeyd yanaşmamalıdır. Əgər Avropa Şurası vaxtında, indiyə qədər Ermənistana Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öhdəliklərin,1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində ciddi təzyiqlər etsəydi, bəlkə də bu günə qədər yüzlərlə mülki insan öz həyatını itirməyəcəkdi. Ona görə də biz sizi, əziz həmkarlar, bu mövzuya diqqət ayırmağa, bununla bağlı müzakirələrin aparılmasına çağırırıq. Öz evinə dönə bilməyən və insan haqları işğalçı Ermənistan tərəfindən 23 ildir tapdanmaqda davam edən 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün sizdən bunu gözləyir və sizi buna çağırırlar".

Milli.Az