Hələ prezident olmayıb, ölkə dağıdır

20 Aprel 2015 11:10
ABŞ prezidentliyinə respublikaçı namizəd, Florida ştatının senatoru Marko Rubio 2016-cı il president seçkilərində qələbə qazanacağı halda İrana qarşı hərbi güc istifadə etməyə hazır olacağını bildirib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, senator bu bəyanatla CBS kanalının efirində çıxış edib.

O bildirib ki, İranda nüvə silahının peyda olmaması naminə bu dövlətə qarşı hərbi güc tətbiq edilə bilər.

43 yaşlı M.Rubio qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının "beşliyi"nin və Almaniyanın İranla apardığı danışıqların razılaşma ilə bitəcəyinə şübhə edir.

"Bu danışıqların uğurla bitəcəyini düşünmürəm", - deyə respublikaçı senator vurğulayıb.

M.Rubio bəyan edib ki, ABŞ nüvə çalışmaları ilə bağlı İrana "dəqiq sərhədlər" müəyyənləşdirməli və "həddi keçəcəyi halda" ABŞ tərəfindən hərbi əməliyyatların olacağı barədə xəbərdar etməlidir.

Onun fikrincə, hətta İrana qarşı ABŞ tərəfindən hərbi əməliyyatlar başlanılmasa da, bunu "başqaları" edəcək. Rubio potensial aqressor kimi Səudiyyə Ərəbistanı və İsrailin adını çəkib: "Biz bunun baş verməsini istəmirik, lakin İranın nüvə silahına malik olması ilə bağlı risk o qədər böyükdür ki, hərbi variantı istisna etmək olmaz".

Respublikaçı senator Obamanın xarici siyasətini sərt tənqid edib, xüsusilə də Hillari Klintonun dövlət katibi olduğu dövrü ABŞ üçün "fəlakət" kimi qiymətləndirib: "Bu gün bizim müttəfiqlərimiz bizə daha az etibar edirlər. Düşmənlərimiz daha az qorxurlar. Amerika dünyadakı proseslərə altı il əvvəlkindən daha az təsir edə bilir".

Senator Rusiyaya qarşı münasibətdə Obamanı daha sərt davranmağa çağırıb.

Milli.Az