Kabul İran mallarını daha az alacaq
19 Yanvar 2011 20:59
Bununla bağlı qərar İranın Əfqanıstana yanacaq daşıyan tankerlərin hərəkətini məhdudlaşdırmasına cavab olaraq yanvarın 18-də qəbul edilib.
Bir aya yaxındır İran hökuməti tranzit xətti ilə ölkə ərazisindən İraq və Türkmənistan benzinini Əfqanıstana daşıyan 2500 tankerin hərəkətinə məhdudiyyət qoyub. İran rəsmiləri bunu həmin yanacağın NATO-nun Əfqanıstandakı hərbi qüvvələrinin ixtiyarına veriləcəyindən ehtiyatlanmaları ilə izah edirlər.
"Media forum"un məlumatına görə, Əfqanıstanın Ticarət və Sənaye Palatasının rəhbəri Qurbanəli Həqcu jurnalistlərə açıqlamasında deyib ki, hökumət İrandan idxalı dayandırıb, minlərlə əfqan taciri isə İranla ticarət əlaqələrini kəsib: "Bizim əslində İrandan idxal etdiyimiz əmtəənin 90 faizi elə mallardır ki, onu özümüz də istehsal etmək gücündəyik. İranın qoyduğu qadağalar davam etsə də, Allah qoysa, bu şərin sonu bizim xeyrimizə qurtaracaq. Çünki bu bizim daxili istehsala daha artıq diqqət yetirməyimizə, öz imkanlarımıza arxalanaraq ölkə daxilindəki istehsalı inkişaf etdirməyimizə səbəb olacaq".
Benzin daşıyan tankerlərin hərəkətinə qoyduğu məhdudiyyətlərə etiraz olaraq indiyə qədər yüzlərlə əfqan vətəndaşı dəfələrlə İranın Kabildəki səfirliyi və Heratdakı baş konsulluğu qarşısında toplaşaraq nümayəndəlik binalarını daşa basıb, İranın dini lideri ayətullah Əli Xamneyi və İran prezidenti Mahmud Əhmədinejada qarşı şüarlar səsləndiriblər.
Milli.Az