"Formula 1" şefi: "Bakı? Problem olmayacaq..."
19 Aprel 2015 22:23
"Formula 1" yarışlarının gələn il Bakıda keçirilməsinə dair qərar qüvvədə qalır.
Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "Formula 1"in kommersiya direktoru Berni Ekklstoun Bəhreyndə jurnalistlərə açıqlamasında bildirib. Məsələ ona görə gündəmə gəlib ki, Ekklstoun ötən həftə "Formula 1" yarışlarının keçirildiyi bütün ölkələrdə insan haqlarına hörmət edilməsinə çağıran sənədi imzalayıb. Jurnalistlər isə "Human Rights Watch" kimi beynəlxalq insan haqları təşkilatlarının bu sahədə Azərbaycanı tez-tez tənqid etdiyini əsas gətirərək Ekklstoundan Bakı qran-prisinin təxirə salınması ehtimalı barədə soruşublar.
Lakin "Formula 1" şefi bildirib ki, Bakıda yarışların mərhələlərindən birinin keçirilməsinə heç bir maneə görmür. "Bakı? Problem yoxdur. Bu, yaxşı yarışlardan biri olacaq" - Ekklstoun bildirib. Situasiyanı kəskinləşdirən faktlardan biri də budur ki, gələn il İtaliyanın Montse şəhərində keçirilməsi nəzərdə tutulan Qran Pri yarışları təxirə salınıb, onun yerinə yarışların Bakıda keçirilməsi qərara alınıb. Ekklstoun bildirib ki, ənənəvi olaraq "Formula 1" yarışlarının keçirildiyi Montse şəhərini təqvimdən çıxarmaq problem deyil, onun əvəzinə yaxşı şəhərlər tapmaq olar. Məsələn, Bakı.
Qeyd edək ki, "Formula 1" yarışlarının Bakıda keçirilməsinə dair razılıq ötən il əldə edilib. Ekklstoun bu yarışlardan 40 milyon dollar gəlir gözləyir.
Milli.Az