Bakı-2015 Avropa Oyunları üçün telekommunikasiya infrastrukturu yaradılıb

19 Aprel 2015 12:15
Bakı-2015 Avropa Oyunlarının keçiriləcəyi obyektlərin hamısı optik lifli rabitə xətlərinə qoşulacaqlar. Bu barədə Trend-ə "Bakı Telefon Rabitə" İstehsalat Birliyindən bildirilib.

Qeyd olunub ki, İstehsalat Birliyi tərəfindən 200 kilometr uzunluğunda optik magistral salınıb və şəbəkə avadanlıqları quraşdırılıb.
 

Məlumatların fasiləsiz axınını təmin etmək üçün hər biri 1 giqabit buraxılış gücünə malik iki xətdən (əsas və alternativ) istifadə olunub.
 

Bundan əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə bildirilmişdi ki, Avropa Oyunları zamanı obyektlərdə davamlı rabitənin təmin olunması üçün dövlət rabitə operatorlarının və digər dövlət qurumlarının mövcud kabel infrastrukturundan istifadə olunacaq.
 

Şəbəkələrin yaradılması üçün Məlumat Hesablama Mərkəzinin proqram-aparat kompleksləri, AzDATACOM və digər strukturların şəbəkəsindən faydalanmaq planlaşdırılır.

Milli.Az