Vatikan Avropaya erməni mesajını necə göndərdi?
18 Aprel 2015 18:07
"Roma Papasının və Avropa parlamentinin son qərarı iki din arasında qarşıdurmaya hesablanıb"
Bunu anspress-ə açıqlamasında Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, politoloq Arzu Nağıyev deyib. Politoloqun sözlərinə görə, bəyanatların cavabı layiqincə verilsə də fakt faktlığında qalır:
"Düşünürəm ki, sanki dünyada müsəlman-xristian qarşıdurması yaradılması üçün bir böyük proses başlayıb. Afrikadan başlamış Avstraliyaya qədər bütün qitələrdə bu problem yaşanmaqdadır. Vatikan, Papa Fransiskin simasında qondarma "erməni soyqırımı" ilə bağlı bəyanat səsləndirəndə sanki Avropaya bir mesaj göndərdi. Baxmayaraq ki, Fransiskin əsas işi dövlət və dövlətçilik deyil. Ən çox humanitar sahədə, inanc sahəsində təbliğat və təşviqatdır və onun verdiyi bəyanatlar ciddilikdən kənardır. Əlbəttə ki, bundan sonra Avropa Birliyi "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul etdi. Türkiyəyə müəyyən tövsiyyələr də verdi. Bu bəyanatların cavabı istər Türkiyə, istərsə də Azərbaycan tərəfindən layiqincə verilsə də fakt faktlığında qalır. Yəni, Avropa ölkələri erməni lobbisi və diasporların təsiri ilə ermənilərin tərəfini saxlayır".
Arzu Nağıyev hesab edir ki, Avropa Parlamentinin son qərarını əsas gətirərək Azərbaycan tərəfi də 31 Mart və Xocalı kimi ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri soyqırımlara hüquqi status qazandıra bilər:
"Təəssüf ki, dünyada yaşayan türklərin sayının milyonlarla olmasına baxmayaraq izahat və təbliğat işinin zəif təşkili belə bir vəziyyətin yaranmasına gətirib çıxardı. Bilirsiniz, hətta bu "erməni soyqırımı"nın Osmanlı İmperiyasına aid edilməsinə baxmayaraq, ermənipərəstlər cavabdeh kimi Türkiyə dövlətini görür və təzminatlardan dəm vururlar. Bunun özü analoqu olmayan və qanunlara zidd bir iddiadır. Tarix göstərir ki, Azərbaycan da 31 Mart və Xocalı soyqırımına Avropa Parlamenti tribunasından hüquqi qiymət verdirə bilməsi üçün xarici siyasətdə böyük işlər görməlidir. Görünən işləri daha da səmərəli təşkil etməlidir. Bunun üçün rəsmi qurumların işindən başqa, diaspora təşkilatlarımız öz işlərində müvafiq dəyişiklər etməli, ayrı-seçkiliyə son qoymalı və müvafiq kurs götürməlidirlər".
Xatırladaq ki, Roma Papası Fransisk "erməni soyqırımını" tanıdığını bildirib. Üstəlik, Avropa Parlamenti də uydurma "1915-ci il erməni soyqırımı" iddiasını öz qətnaməsi ilə dəstəklədiyini bəyan edib.
Milli.Az