Öləndən sonra da Facebook...

18 Aprel 2015 23:45
Vəfatınızdan sonra Facebook hesabınıza nə olacağına özünüz qərar verə bilərsiniz.

Qısa müddət ərzində dünyanın ən məşhur sosial şəbəkəsi öz istifadəçilərinə vəfat etdikdən sonra hesablarını idarə etmək üçün "miras daşıyıcısı" adlandırdığı birini təyin etməyə imkan yaradacaq. İstifadəçilər eyni zamanda hesablarının tamamilə silinməsini də istəyə bilərlər.

Vəfat etmiş şəxsin məlumatlarının gizliliyinə hörmət və yas tutan ailə və dostların tələbləri arasında qalan Facebook və digər internet xidmətləri ehtiyatlı davranmalıdır. Əvvəllər Facebook öldüyünü öyrəndiyi istifadəçilərin hesablarını avtomatik olaraq dondururdu, bu da həmin şəxsin hesabına düzəlişlər etmək istəyən bəzi yaxınları acıqlandırırdı. Facebook çərşənbə axşamı ABŞ-da istifadəçilər üşün bununla bağlı yeni imkanlar təqdim edəcək.

Bizdən öldükdən sonra da rəqəmsal mühitdə həyatın davam etdirilməsi üçün plan qurulmasının istənilməsi normal səslənməyə bilər, ancaq buna da aydınlıq gətirmək lazımdır ki, bu, həm hüquqi, həm də emosional cəhətdən çətindir. Google 2013-cü ildə istifadəçilərinə Gmail, məlumatların saxlanılması üçün "bulud" (cloud storage) və digər xidmətlər üçün rəqəmsal varislərini seçmək imkanı verən ilk böyük internet şirkəti oldu.

Öldükdən sonra sosial şəbəkənin saxlanılmasının nə mənası var? Facebook mirasının daşıyıcıları bu hesabları vəfat etmiş şəxsin Facebook səhifəsini bir növ rəqəmsal başdaşına çevirəcək şəkildə idarə edəcəklər. Bu miras daşıyıcıları dostlarının profil səhifəsinin yuxarı hissəsində görünəcək status yaza, profil şəklini dəyişə və hətta həmin şəxsin adından yoldaşlıq sorğularına cavab verə bilərlər.

Əgər onlara əvvəlcədən icazə verilərsə, həmin şəxsin şəxsi mesajlarının məzmununu yox, ancaq status və şəkillər arxivini də yükləyə bilərlər.

Bütün bunlar istəkdən asılıdır. Əgər heç nə etməsəniz, Facebook sizin vəfatınızı öyrənən kimi sadəcə olaraq hesabınızı dondurur, status və şəkilləri isə gizlilik tənzimləmələrində müəyyənləşdirdiyiniz kimi saxlayır. Facebook indiyə qədər yüzminlərlə hesabda bunu etdiyini bildirir. (Əvvəllər olduğu kimi bu hesablarda reklamlar göstərilməyəcək.)

Miras daşıyıcısı olmaq sadəcə vəfat etmiş şəxsin hesabına daxil olmaq deyil və bu daşıyıcıların dəyişə bilməyəcəyi önəmli şeylər var. Onlar vəfat etmiş şəxsin özünün və ya dostlarının onun səhifəsində paylaşdıqlarını dəyişə bilməzlər. Əgər həyatda ikən paylaşdığınız şəkil siz öldükdən sonra utandırıcı görünsə belə miras daşıyıcısı bunun üçün heç nə edə bilməz. Həmin şəxslərin hesabı tamamilə silmək seçimləri də yoxdur.

Bu məhdudiyyətlər Facebook səhifəsini mümkün olduğu qədər ən yaxşı xatirə olaraq saxlamalı olduqlarını düşünənləri məyus edə bilər. "Biz bu haqda çox düşündük və sonda bu qərara gəldik" - Facebook sözçüsü Jodi Set deyib. Facebook bu məsuliyyətlərin yas tutarkən emosional bir ağırlıq gətirəcəyindən də çəkinirdi.

Varisinizi seçmək üçün Tənzimləmələrə daxil olub Təhlükəsizlik bölməsində səhifənin aşağısından "Miras Daşıyıcısı" (Legacy Contact) hissəsini seçirsiniz, bu, kompüter və mobil proqramda eynidir. Burda siz artıq dostluğunuzda olan birini (başqa sözlə, yalnız artıq sosial şəbəkədən istifadə edən birini) təyin edə, həmin şəxsə məlumat arxivinizi yükləmək üçün icazə verə və ya öldükdən sonra hesabınızın silinməsini seçə bilərsiniz.

Burda diqqət yetirməyə dəyər daha incə bir məqam var: Yalnız ehtiyat biri olmadan bir nəfər seçə bilərsiniz, ona görə də, evli şəxslər bunun üçün bir-birlərini seçib-seçməməkdə tərəddüd edə bilərlər. Xanım Set bildirir ki, Facebook mümkün varislərə necə imkan yarada biləcəyi haqqında düşünməyə davam edir.

Facebook istifadəçiləri seçdikləri şəxsi istədikləri vaxt dəyişə bilərlər, həmin seçilən şəxs isə öz öhdəliklərini başqa birinə ötürə bilməz.

Facebook hesabınızda varis seçmədiyiniz, ancaq hüquqi vəsiyyətnamədə adını bildirdiyiniz halda, Facebook özü həmin şəxsi təyin edəcək.

Facebookun təkcə ad günlərimizi, münasibətlərimizi və iş yerlərimizi yox, ölümümüz haqqında belə düşünməli olacaq qədər həyatımıza bu qədər daxil olmasını fikirləşmək insanı yorur. Ancaq yenə də yeni yaradılan bu xidmətin insanların hələ həyatda ikən öz məlumatları haqqında seçim etmək imkanı verməsi bir çoxlarını rahatladır.

4npress.com