"Sanksiyalar yumşalmayacaq"

18 Aprel 2015 11:13
ABŞ prezidenti Barak Obama Avropa İttifaqını Minsk razılaşmaları tam yerinə yetirilənə qədər Rusiyaya qarşı tətbiq olunan sanksiyaları qüvvədə saxlamağa çağırıb.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə B. Obama İtaliyanın baş naziri Matteo Renzi ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Rusiya və qondarma respublikalar tərəfindən Minsk razılaşmalarına tam şəkildə riayət olunacağına qədər sanksiyalar hazırkı səviyyədə saxlanılmalıdır. Qarşıdan gələn Avropa İttifaqının sammitində avropalı liderlər Rusiyaya bir daha göstərəcəklər ki, sanksiyalar yumşalmayacaq", - deyə ABŞ lideri bildirib.

Martın 20-si Avropa Şurasının prezidenti Donald Tusk bəyan edib ki, Avropa İttifaqı liderləri Minsk sazişi tam olaraq yerinə yetirilməyənədək Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlamaq barədə razılıq əldə ediblər.

Milli.Az